AYDIN QULİYEV: “ONLARIN ERMƏNİ KƏŞFİYYAT ORQANLARI İLƏ ƏLAQƏLƏRİ VARSA, BU, QANUN ÇƏRÇİVƏSİNDƏ ÖZ CAVABINI TAPMALIDIR”
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun vətənə xəyanətdə ittiham olunaraq həbs edilməsi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da istintaqa cəlb edilib-edilməməsini gündəmə gətirib. L.Yunusun ermənilərlə əməkdaşlığını nəzərə aldıqda bunun reallaşma ehtimalı daha gücləndirir.
Hüquq müdafiəçisi E.Behbudov R.Mirqədirovun ona danışdığı, amma heç bir yerdə dərc olunmayan fikirlərini Müsavat.com.a deyib: “Rauf mənə bildirib ki, Ermənistanda dəfələrlə görüşlərdə, səfərlərdə olub. O, səfərlərinin əsasən Sülh və Demokratiya İnstitutunun xətti ilə həyata keçirildiyini bildirib. O, mənə bildirdi ki, həmin görüşlərdə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, həmçinin Arif Yunus da iştirak ediblər. Bu, yoldaşlarını ələ vermək deyil. Rauf onların niyə həbs olunmadığını soruşmayıb, sadəcə deyib ki, səfərlərdə bir neçə nəfər olublar”. Deməli R.Mirqədirovun Ermənistana səfərləri və vətənə xəyanət kimi xarakterizə olunan əməlləri L.Yunus və onun həyat yoldaşı A.Yunusun yaxından iştirakı ilə baş tutub. Bütün bunları, eləcə də Leyla və Arif Yunusların fəaliyyətini, ermənilərlə qohumluq əlaqələrini, düşmən ölkə ilə sıx təmaslarını nəzərə aldıqda R.Mirqədirovun həbsi ilə başlanan bu proses onları da əhatə edə biləcəyini də proqnozlaşdırmaq olar.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sia.az saytına açıqlamasında R.Mirqədirovun və onu müdafiə edən L.Yunusun hərəkətlərinə münasibət bildirib. O, belə deyib: “Rauf Mirqədirov vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü olub və hansı əməllər sahibi olması çoxlarına məlumdur. Ermənistana çoxsaylı səfərləri onun əməllərinə aydınlıq gətirir. Düşmən Ermənistan dövlətinə davamlı bu səfərlər onun hansı əqidəyə və hansı məzhəbə xidmət etməsini təsdiq edir. Rauf Mirqədirov və Leyla Yunus hər zaman bu əməlləri ilə Azərbaycana qarşı təxribatlarda birgə iştirak ediblər. Bu gün Azərbaycanın inkişafına xələl gətirən və Azərbaycan dövlətinə, dövlətçiliyinə xəyanət edən insanlar kimliyindən asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməlidir. Düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı bu istəkdədir. Arif Yunus və onun həyat yoldaşı Leyla Yunus üçün milli maraqların heç bir önəmi, əhəmiyyəti yoxdur. Ona görə ki, onların damarlarında axan qanın hansı millətə mənsub olduğu çoxlarına bəllidir. Bunlar yalnız və yalnız ermənilərə və ermənipərəst qüvvələrə xidmət etməklə davamlı olaraq Azərbaycana qarşı qərəzli, satqın və xəyanət mövqe tutublar. Onlar əsasən öz şəxsi maraqlarını həyata keçirmək, erməni lobbisinə bağlı beynəlxalq təşkilatlardan qrant almaq və erməni siyasətinin qulu olmaq yolunu seçiblər. Bu əməl sahiblərinin yalnız bir adı var – satqınlıq. Bu xəyanətkarlar şoular, qalmaqallar düzəltməklə gündəmdə qalmaq niyyətindədirlər. Azərbaycan cəmiyyəti bu satqınların layiqli yerini göstərib”.
V.Rəhimzadə qeyd edib ki, Leyla Yunus və onun kimi naxələflər daim dəllallıq və siyasi məhbus alveri ilə məşğul olur: “Bu adam bütün fəaliyyəti boyu xəyanətkarlıqla, satqınlıqla məşğul olub. Bütün fəaliyyəti də dövlətçiliyə qarşı çıxmaqdan, qarayaxmaqdan ibarət olub. Hər kəs bilir ki, Leyla Yunus və onun kimi dəllallar müxtəlif ağır cinayətlər törətmiş məhbusların ailə üzvlərindən və havadarlarından pul qopararaq onları siyasi məhbus kimi bəzi beynəlxalq təşkilatlara təqdim edirlər. Təəssüf ki, ölkədə olan demokratik şəraitdən və söz azadlığından sui-istifadə edərək bəziləri erməni dəyirmanına su tökür ki, bunun da bir adı var – milli xəyanət. Bu gün Leyla Yunus və onun kimiləri xain, ermənipərəst və satqın kimi tanınır”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, L.Yunusun son bir neçə gün ərzində verdiyi açıqlamalar məqsədyönlü xarakter daşıyır. BAXCP-nin sədr müavini deyib ki, Azərbaycan QHT nümayəndələrinin, jurnalistlərinin Ermənistana səfər etməsi anlaşılan deyil: “Ermənistanla Azərbaycan arasında “xalq diplomatiyası” adı altında fəaliyyət göstərən insanların məqsədi şübhəlidir. Çünki “xalq diplomatiyası”na o zaman əl atmaq olar ki, iki xalq arasında hər hansı bir məsələdə fikir ayrılığı, narazılıq yaransın və bu insanların barışdırılması istiqamətində cəmiyyət hərəkətə keçsin. Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Bu gün həm işğal olunmuş Azərbaycan ərazilərinə, həm də Ermənistana səfər edən insanlar orada hansı təkliflə çıxış edirlər? İşğala məruz qalmış bir dövlətin vətəndaşının işğalçıya barışıq təklif etməsi nə zaman mümkün olub?”.
Onun sözlərinə görə, Ermənistan işğala son qoyarsa, iki xalq arasında münasibətlərin tənzimlənməsi üçün xalq diplomatiyası işə düşə bilər: “Ermənistana “xalq diplomatiyası” adı altında səfər edən insanların hərəkətlər isə Ermənistanın Azərbaycana sırımaq istədiyi “təslimçilik” siyasətinə xidmət edir. Kimsə bu prosesdə qrand, yaxud şəxsi maraqları, yaxud da konkret hədəflərinə görə, iştirak edirsə, onlar hərəkətlərinə görə cavab verməli olacaqlar”.
E.Mirzəbəyli əlavə edib ki, R.Mirqədirov kiminlə birlikdə hərəkət etdiyini və hansı danışıqlar apardığını hər kəsdən yaxşı bilir: “Təbii ki, bütün bunlar istintaqın nəticəsində bəlli olacaq. Bu prosesdə hər hansı bir şəxs Azərbaycanın əleyhinə çıxış edibsə, dövlətimiz əleyhinə cəsusluq fəaliyyəti ilə məşğul olubsa, bütün bunlar istintaq materialları ilə öz təsdiqini tapacaqsa həmin şəxslər də cəzalarını almalıdırlar”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin məsələyə münasibəti belə olub: “Hesab edirəm ki, Rauf Mirqədirovun istintaq müddətində dediyi fikirlər araşdırılmalıdır. Artıq məlumdur ki, Rauf Mirqədirov Leyla Yunusun təşkilatı ilə “xalq diplomatiyası” adı altında Ermənistanda görüşlər keçirib, həmin layihələrin həyata keçirilməsində iştirakçı olub. Bu baxımdan, nəninki Rauf Mirqədirovun, eyni zamanda Leyla Yunusun da fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Əgər həqiqətən də bu insanların erməni kəşfiyyat orqanları ilə əlaqələri varsa, Azərbaycanın milli-dövlətçilik maraqlarına qarşı təhdidedici faktlar mövcuddursa, bunlar qanun çərçivəsində öz cavablarını almalıdırlar”.
AZƏR