Ağıllılıq budursa...
Ömrümün azında gülüm bitmədi,
Gördülər dürüstəm, sözüm ötmədi.
Ürəyim başımla yola getmədi,
Ağıllı deməyin mənə, siz Allah.
Ömrün payızı var, qışı, qarı var.
Bütöv nəyi var ki? Nə var, yarı var.
Mənim səhvlərimin buynuzları var,
Ağıllı deməyin mənə, siz Allah.
Bilmirəm mən kiməm, nəyəm, hardayam,
Mənim içimdədi zindən, dardayam.
Görən səfiləmmi, buralardayam,
Ağıllı deməyin mənə, siz Allah.
Ürəyə toxunmaq adi işiymiş.
Malı, pulu olan, demə, kişiymiş.
Mənim çəkdirdiyim - tamah dişiymiş,
Ağıllı deməyin mənə, siz Allah.
Dünya çalxalanır, qarışıb ara,
Əzəldən mən hara, şeytan, cin hara.
Nahaq qahmar çıxdım bir xan çinara...
Ağıllı deməyin mənə, siz Allah.
Qalan var deyil ki - izdi dünyada,
Kül altda közərən közdü dünyada.
Qazancım bir-iki sözdü dünyada,
Ağıllı deməyin mənə, siz Allah.
Başım daşa dəyib, dağılıb gedib.
Nağıla uymuşam, noğulum gedib,
Yalanın sehrindən ağılım gedib.
Ağıllı deməyin mənə, siz Allah.
Səbrimin başından basıram bir az,
Arzumu ümiddən asıram bir az.
Mən ağıl sarıdan yoxsulam bir az,
Ağıllı deməyin mənə, siz Allah.
Mən necə özümə deyim ağıllı,
Əynimə geydiyim geyim ağıllı.
Qalay ağıllıdı, lehim ağıllı,
Ağıllı deməyin mənə, siz Allah.
Ömrü necə gəldi bada vermişəm,
Səhvlərin cənginə, oda vermişəm.
Vətən, bir parçanı yada vermişəm,
Haram ağıllıdı görən, siz Allah?!
Necə deyim, yoxsan...
Şahmar Əkbərzadənin əziz xatirəsinə
Hənirinə axışmışıq,
Qəlbin gendi, sığışmışıq.
İşığına yığışmışıq,
Bizimləsən, sağsan, Şahmar.
Bir çiçəkdi, tər xatirə,
Neçə qızıl, zər xatirə.
Nur-işıqdı hər xatirə,
Necə deyim yoxsan, Şahmar.
Öz kasıbın, öz yetimin,
Gözünə bax düz yetimin.
Paltarı yox söz - yetimin,
Lütdü, hara baxsan, Şahmar.
Dərdin çəkdin neçə acın,
Şeir oldu başda tacın.
Yam-yaşıldı söz yamacın,
Sən sənətdə dağsan, Şahmar.
Pıçıltı
Sözü tuta bilməyəndə dodaq, dil,
Nə tükənir, nə də bitir pıçıltı.
Xəstəxana məngənədi elə bil.
Həkim gəlir, həkim gedir - pıçıltı.
Qayğıların şaxtasında əsirik,
Gözümüzdən qəm oxunur - pıçıltı.
Söz yerinə düşməyəndə küsürük,
Sevən qəlbə tez toxunur - pıçıltı.
Ürəyimiz məhəbbətdən bişəndə,
Neçə-neçə uzun cümlə - pıçıltı.
Saçımıza vədəsiz dən düşəndə,
Baxan baxır təəccüblə - pıçıltı.
Qram-qram, damcı-damcı ölürük
Yorur bizi içimizdə pıçıltı.
Bu dünyaya pıçıltıyla gəlirik,
Köçəndə də köçümüzdə pıçıltı.
Söz Tanrıdan aşağıdı
Söz Tanrıdan aşağıdı,
Qəlbin gözü, işığıdı.
Söz şairin uşağıdı
Fərlisi var, fərsizi var.
Biri gəlib gülüb gedib.
Biri çörək bölüb gedib.
Biri elə ölüb gedib,
Nə tozu var, nə izi var.
Oxu Tanrı kitabını,
Hər gün artır savabını.
Günah etsən, cavabını,
Alacaqsan, gec-tezi var.
Çarəsizlik
Mənim dərdim yar verənə oxşamır,
Həsrət, hicran bar verənə oxşamır.
Bu qış daha qar verənə oxşamır
Gəlib keçdi kiçik çillə, nə deyim.
İtirdilər duz-çörəyin tamını.
Boynubükük elədilər hamını.
Söndürdülər kişilərin şamını,
Dünən elə, bu gün belə, nə deyim.
Buynuzu qan, kələyə bax, kələyə,
Zalım bizi yaman saldı tələyə.
Öyrəşdik daş dığırladan küləyə.
Xəfif-xəfif əsən yelə nə deyim.
Gün qurutmaz dərdimizi, sərməyin.
Qoy yetişsin bu bar, hələ dərməyin.
Dostlar, mənə çətin sual verməyin,
Cavabını bilə-bilə nə deyim.
Laylasını hicran çalıb deyəsən,
Ürəyimdə cığır salıb deyəsən.
Ocaq sönüb, közü qalıb deyəsən,
Yiyəsi yox, qalan külə nə deyim.
Sevgim bitməz taleyimi yazana,
Kim nə bilir kim yeyə, kim qazana.
Tanrım, qoyma şərin ömrü uzana,
Tanrım, qoyma ümid ölə, nə deyim.
Təltif
Şərəfi olmayana
Şərəflisən söyləmək
Xeyirə daş atmaqdı.
Mərdin belini qırıb,
Yağın, balın içində
Namərdi yaşatmaqdı.
Ay nağıl danışır
Söykənib dünyanın qara daşına
Açıb süfrəsini göy dərə kimi
Ulduz balaları yığıb başına
Ay nağıl danışır səhərə kimi.
Həsrət nərdivanı
Bir dağı yıxmaqdı bir könlü yıxmaq
Üzüağ çıxmışam mərd divanından.
Zülümmüş məhəbbət dağına çıxmaq,
Azmı səntirləyib yıxılmışam mən
Hicranın, həsrətin nərdivanından?!
Vəzifə
Axır ki, tapıldı mənə də bir iş
Getdi həyəcanım, rahatam daha.
Yazım belə imiş, qismət var imiş:
Bir qayğım azaldı, şükür Allaha.
Taleyim Buynuza gətirib məni
Məndən soruşmayın nəçiyəm, nəçi.
Musa Yaqub işə götürüb məni -
Sözünün bağına mühafizəçi.
...Unutdum
Bulaqda dolça qaldı,
Bir çəmən xalça qaldı.
Dərmədim, alça qaldı,
Vay... unutdum, unutdum.
Enmədim dəyirmana,
Məndən görüş umana.
Qalxmadım Xiyabana,
Vay... unutdum, unutdum.
Balın pətəyi qaldı,
Dağın ətəyi qaldı.
Çoban tütəyi qaldı,
Vay... unutdum, unutdum.
Çinar məni gəzirmiş,
Vələs görüb süzürmüş.
Arxın suyu nəzirmiş,
Vay... unutdum, unutdum.
Zər düşüb gül yarpağına
Ətir yağıb elə bil ki,
Səhər-səhər gül bağına.
Parıldayan şeh deyil ki,
Zər düşüb gül yarpağına.
Butanın hər sarı teli,
Arılara yemdi, dəndi.
Hər ləçək bir körpə dili,
Dindir, yarpaq himə bənddi.
Heç belə də duruş olar:
Qönçə gülə hamilədi.
Adam burda bihuş olar,
Ətir məni dəm elədi.
Quru qadın
Səni görən dodaq büzür,
Buz baxışın ürək üzür,
Sənə dözən necə dözür,
Bu nə qürur, quru qadın?
Elə bil ki, qara daşsan
Heç bilmirəm, kimə xoşsan.
Sən şaxtalı, qarlı qışsan,
Adam donur, quru qadın.
Sözlər tikan, sarmaşıq var.
Kim deyir ki, yaraşıq var.
Nə ürəkdə bir işıq var
Nə üzdə nur, quru qadın.