Təhminə ƏLİYEVA
Xarici Dillər Təmayüllü Gimnaziyanın VIII sinif şagirdi
Dünyada milyonlarla adam, milyonlarla sima var. Hamısı da fərqli xüsusiyyətlərə və xarici görünüşə malikdir. Hər gün nə qədər tanımadığımız adamla qarşılaşırıq. Müxtəlif taleli, müxtəlif alın yazılı... Məsələn, o ağsaçlı, əynində nimdaş palto, dabanı yeyilmiş ayaqqabı olan yaşlı qadın... Üzündə illərin şahidi olan qırışlar, işığı öləzimiş gözlərində kədər, solğun dodaqlarında məhzun təbəssüm... Ərinin başdaşıyla görüşə gedir. Axı o kişidən başqa hamı onu atıb. 100 manat təqaüd, bir də Allahdan kömək. Amma pul əsas deyil axı... 15 ildir görmür nəvələrini...
...Yolun qırağında, gözdən uzaq bir tərəfdə əlində içki şüşəsi olan bir kişi yatıb. Əlləri çatlaq-çatlaq, üst-başı çirkli... Həyatı qul bazarıyla kirayə qaldığı evin arasında keçir. İki gündür iş də yox...
Və bir də bu atanın yarıac, yarıtox övladları... Bu gün məktəbə də getməyiblər. Yəqin daha bu nəm evdə yaşamayacaqlar. Ev sahibi artıq neçənci dəfədir döyür qapını...
Mənimsə həyatım çətin olmayıb, razıyam. Sıradan biriyəm. Bəlkə də kimlərinsə həyatının mənasıyam, kimlər üçünsə heç kiməm. 14 ildir yaşayıram. Bildiyim çox şey var, bildiyimdən də çox bilmədiklərim. Mən yetim böyüməmişəm, bilmirəm nədi şəhid qızı olmaq. Mən itirməmişəm heç kimi, bilmirəm nədir çöldə, qarda, yağışda, qaranlıqda tək qalmaq. Mən kiçik yaşlarımda qəddar müdirə dözməli olmamışam çörək pulu üçün. Xəyallarım tapdanmayıb tozlu çəkmələr altında, yaşımdan tez böyüməmişəm. Mən bunları yaşamamışam, yaşamaq da istəmərəm. Amma istəmədən bu həyatı yaşamağa məcbur olan nə qədər yaşıdlarım var. Seçim imkanları olsaydı, yəqin onlar da istəməzdilər belə kədərli həyatı...
Dünya elə budur - ədalətsiz və qəddar... Bəlkə də uşaq düşüncəsidir deyib keçəcəksiz, amma dünya əsl üzünü görməyə qorxduğumuz dünyadır.
P.S. Qaraqanın "İnsanlar" treki əsasında yazılıb.