Nəzrin NADİRLİ
Xarici Dillər Təmayüllü Gimnaziyanın VIII sinif şagirdi
14 il əvvəl bu dünyaya göz açdım. Hələ buranın necə bir yer olduğundan xəbərsizdim. Yaşamaq mənim üçün qidalanmaqdan və yatmaqdan ibarət idi. Dünyanın qayğılı günlərindən xəbərsiz, ömrümün sonuna kimi isti ana qucağına sığınacağımı düşünürdüm. Kiçik yaşlarımızda bizi nağıllı-noğullu dünya ilə tanış edirlər, amma böyüdükcə doğrunu yanlışdan, saxtanı əsildən fərqləndirməyi bacarırıq.
Bilmirəm niyə, amma nədənsə indi dünya gözümə çirkli görünür. İnsanların törətdiyi əməllər dünyanı hər saniyə geri atır. İnsanlıq, gözəllik, saflıq, doğruluq bu dünyanı tərk edir.
Mən həyata həmişə nikbin nəzərlərlə baxmışam. Lakin bəzən alınmayıb, bəzən soyumuşam bu həyatdan. Həyata sevgim, insanlara güvənim azalıb. Bəlkə də dünyanı gözümdə düşürən də elə insanlardır. Adi salamı bir-birinə çox görən, neçə ilin hörmətini bir qələmdə silən insanlar...
Biz dünyanın əbədi olmayan sakinləriyik. Hər bir insanın istəyi azad, ədalətli, haqqa dəyər verilən cəmiyyətdə, pislikdən, şərdən uzaq dünyada xoşbəxt yaşamaqdır. Yaşadığımız müddətdə dünyamızı gözəlləşdirə biləriksə, niyə də bunu etməyək?!
Həyata dalğın-dalğın baxdığım 14-cü ilimdir. Bu illər ərzində sevdiklərimi məndən aldığına görə bu fani dünyaya da, qara torpağa da qəzəblənmişəm. Lakin hamı bir gün son mənzilə yollanacaq, bunu da çarəsizcə anlamışam. Əsas olan odur ki, geri baxdığında əməllərindən peşman olmayasan, dünyaya gülümsəməyi bacarasan!