Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" kinostudiyasında çəkilmiş "Parisdən məktublar" sənədli filminin təqdimatı olub. Film görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri və AXC parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə və siyasi fəaliyyətinə həsr edilib.
Filmin nümayişindən əvvəl çıxış edən ssenari müəllifi İntiqam Qasımzadə bildirib ki, yaşadığımız müstəqil dövlətimiz bu müstəqilliyi qazanmaq üçün əzablı və uzun yol keçib: "Həmin yolun başlanğıcında Azərbaycanın çox böyük övladları çalışmış, həyatlarını qurban veriblər. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin həyatına həsr olunmuş filmlərin çəkilməsi, onların xatirəsini əziz tutub xalqımıza şanlı, şərəfli keçmişimizin bir daha sərgilənməsi gələcək nəsillər üçün örnək ola biləcək bir işdir. Gələcək nəsillərimiz Azərbaycanımızın keçdiyi yolu və bu yolun başlanğıcında durmuş şəxsləri tanımalıdır. Bu filmdə həmin yolun başlanğıcında durmuş böyük şəxslərdən biri olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətinə həsr edilib. Filmin ərsəyə gəlməsində əməyi olan diplomat Ramiz Abutalıbov deyib ki, Əlimərdan bəy Topçubaşov mühacirlər arasında Fransa hökuməti tərəfindən yüksək qiymətləndirilən yeganə şəxsiyyət olub: "Əlimərdan bəy Topşubaşov 1934-cü ildə Parisdə vəfat edib və onun tabutunu dünya miqyaslı ictimai xadimlərə nəsib olan "Zəfər tağı"nın altından keçiriblər. Hazırda Parisdə Əlimərdan bəy Topçubaşovun yaşadığı evdə onun xatirə lövhəsi var".
Sonra film nümayiş olunub. Filmdə Əlimərdan bəy Topçubaşovun dövlət və hökumət işlərindəki bütün fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransına getməsi, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini dünyaya tanıtmaq istiqamətində mübarizə və dönməzlik nümayiş etdirməsi, həmçinin mühacirət həyatı tarixi faktlarla əksini tapıb. Filmin yaradıcı heyəti Azərbaycanın müstəqilliyinə aparan yolda Əlimərdan bəy Topçubaşovun öz silahdaşları ilə nələrdən keçdiklərini göstərməyə çalışıblar. Filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi İntiqam Qasımzadədir.
Həmçinin Nizami Kino Mərkəzinin foyesində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.
S.ABDULLAYEVA