Gələn il Azərbaycanda keçiriləcək ən böyük tədbir - I Avropa Oyunları ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə texnoloji şirkətə müraciət edib.
APA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, yaxın vaxtlarda Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq: “Bu yoxlama bir-iki ay çəkəcək. Ondan sonra yoxlamanın nəticələrinə əsasən müəyyən tədbirlər görüləcək”.
İnternetin keyfiyyəti ilə bağlı danışan nazir bildirib ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri içərisində 49-cu yeri tutub: “20-dən çox göstərici üzrə MDB ölkələri arasında Azərbaycan lider mövqe tutub. Mobil telefon xidmətinin əlçatanlığı göstəricisinə görə dünya ölkələri arasında Azərbaycan birinci yeri tutub”.