|
|
|
|
QHT-lərin müxtəlif istiqamətlər üzrə dövlət siyasətlərinin və proqramlarının həyata keçirilməsində bilavasitə iştirakı ayrı-ayrı qanunlarda da nəzərdə tutulub: "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Qanun ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin həyata keçirilməsində QHT-lərin iştirakına şərait yaradılmasını və ekoloji təhsil və maarifləndirmə sahəsində onların fəaliyyətinin əlaqələndirilməsi, istiqamətləndirilməsi və stimullaşdırılmasını dövlət hakimiyyət orqanlarının vəzifəsi kimi müəyyən edir. Bundan başqa, həmin qanun QHT-lərin dövlət siyasətinə dair təklif və layihələrin, dövlət proqramlarının hazırlanmasında, ekoloji təhsilin keyfiyyəti üzrə aparılan monitorinqdə, sahə üzrə beynəlxalq əməkdaşlıq proqramlarının işlənməsində və həyata keçirilməsində iştirak etmək, təhsil prosesini təmin etmək məqsədilə tələb olunan ekoloji məlumatlara dair sorğu göndərmək və onu əldə etmək, məlumat-tədris və ekoloji təhsil bazasını yaratmaq və ondan istifadə etmək, ekoloji biliklərə yiyələnmək, ekoloji təhsili qanunvericiliyə müvafiq olaraq dövlət təhsil standartlarına uyğun həyata keçirmək, müvafiq qanunvericiliyin icrası ilə bağlı ictimai nəzarətin həyata keçirilməsində iştirak etmək və digər hüquqlarını nəzərdə tutur. Qanuna əsasən əhalinin ekoloji təhsili və maarifləndirilməsinin təşkili, onun həyata keçirilməsi sahəsində dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və QHT-lərin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərkibində yaradılan sahələrarası komissiyaya QHT-lərin nümayəndələrinin də daxil olması nəzərdə tutulur. "Atmosfer havasının mühafizəsi haqqında" Qanuna əsasən, QHT-lər müvafiq dövlət və yerli tədbirlərin və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin maraqlarına cavab verən məsələlər qaldırmaq, atmosfer havasının çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək hüququna malikdirlər. "Gənclər siyasəti haqqında" Qanuna uyğun olaraq gənclər təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun hazırlanmış proqramlar (layihələr) müsabiqə əsasında seçilərək dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər, həmçinin gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnaməyə uyğun olaraq yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların tərkibinə qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Qanuna əsasən, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə fəaliyyətdə qeyri-hökumət təşkilatlarının iştirakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin orqanların səlahiyyətləri çərçivəsində həyata keçirilir. "Narkoloji xidmət və nəzarət haqqında Qanun" dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin uzlaşdırılmasını narkoloji xidmətin və nəzarətin məqsədlərinin təmin edilməsi üçün əsas prinsiplərdən biri kimi təsbit edir, narkoloji xəstələrə və onların ailə üzvlərinə hüquqi və ya digər yardım göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirməyi müvafiq icra hakimiyyəti orqanının vəzifəsi hesab edir. "İnsan alverinə qarşı mübarizə haqqında" Qanun insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsini əsas prinsiplərdən biri kimi müəyyən edir. Daha sonra həmin Qanun təsbit edir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planında müxtəlif qurumların, o cümlədən QHT-lərin iştirakını və bu qurumların fəaliyyətinin Milli Koordinator tərəfindən əlaqələndirilməsini nəzərdə tutur. Bunlardan başqa, Qanunda insan alverinin qarşısının alınması sahəsində qeyri- hökumət təşkilatları ilə əməkdaşlıq etmək dövlət orqanlarının vəzifəsi kimi təsbit edilir və qeyd olunur ki, insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə" QHT-lərlə əməkdaşlıq etməyi və zərurət olduqda, onları müəyyən işlərin görülməsinə cəlb etməyi, habelə korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün QHT-lərə maliyyə yardımı göstərməyi bir vəzifə kimi Komissiyaya həvalə edir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanuna uyğun olaraq sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərlə yanaşı, QHT-lər da könüllülük əsasında iştirak edə bilərlər. "Yaşayış minimumu haqqında" Qanuna əsasən minimum istehlak səbətinin tərkibinin müəyyənləşdirilməsində QHT-lər iştirak edirlər.
QHT-lərin dövlət proqramlarında iştirakı
QHT-lər dövlət orqanları tərəfindən dövlət proqramlarının layihələrinin hazırlanmasına, müzakirəsinə və bu layihələrin icrasına cəlb edilirlər. Yalnız 1998-2009-cu illərdə QHT-lər 13 dövlət proqramında 17 istiqamət üzrə 40 tədbirin həyata keçirilməsində tərəfdaş kimi iştirak ediblər. QHT-lərin aşağıda qeyd edilən dövlət proqramlarının həyata keçirilməsində iştirakı da həyata keçirilib: Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi üzrə Dövlət Proqramı; Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı; Azərbaycan Gəncliyi Dövlət proqramı; Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı; Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı; Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər); Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram; "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramı; Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı; Şəkərli diabet üzrə Dövlət Proqramı; 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı və s.
Ümumiyyətlə, siyasi nəzəriyyələr bütün tarixi boyunca Vətəndaş Cəmiyyətinə universal bir yanaşma və izahat ortaya qoymayıb. Ancaq bütün izahatlar üçün otraq olan bir keyfiyyət var ki, o da fərdlərin və onların birliklərinin ümumi maraq və məqsədləri uğrunda könüllü kollektiv fəaliyyətidir. Son onilliklərin sosial-siyasi inkişaf tendensiyaları ənənəvi olan insan kapitalının inkişafı konsepsiyasına qarşı məhz insanların "birləşərək ictimai işlərdə iştirak etmək" bacarıqlarının və təşəbbüslərinin keyfiyyətini nəzərdə tutan sosial kapitalın inkişafı konsepsiyasını aktuallaşdırıb. Vətəndaş Cəmiyyəti sosial strukturun aparıcı komponenti kimi sosial-iqtisadi, siyasi inkişaf prosesinin əsas iştirakçısına və körükləyicisinə çevrilib. Vətəndaş Cəmiyyəti təşkilatları dövlət, bazar və ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında olsa da, fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verirlər. Bu gün yoxsulluğun azaldılması, idarəetmədə və qərarvermədə əksmərkəzləşmə, ictimai iştirakçılığın təmin olunması, ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, azad və ədalətli seçkilər, insan hüquqlarının qorunması, sağlamlıq, təhlükəsiz qida və ətraf mühit, sülh və demokratiyanın bərqərar olması Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının istədikləri ən ümumi məqsəd və dəyərlərdir.
AQİL