Hərbi vətənpərvər mahnılarının əvəzolunmaz ifaçısı, hərbi diktor Şəmistan Əlizamanlının 55 yaşına
Qismətin - göylərdən göndərilən səs,
İstedad, bacarıq, tükənməz həvəs.
"Cənab leytenant"ın, "İgid əsgər"in
Sevdiyi ustadla kim fəxr eyləməz?
Keçibsən içindən atəşin, odun,
Günəş ölkəsinin rəmzidir adın.
Ucadan söyləyib "Can Azərbaycan"
Sevindir ruhunu Əhməd Cavadın.
"Vətən əmanəti" - torpaq, su, çiçək,
Qeyrət salnaməmiz - keçmiş, gələcək,
O məşhur türkünü səsləndirəndə,
Qəlbim "Çırpınırdı Qara dəniz"tək.
Ön cəbhə xəttində bitməyib savaş,
Guya "həmsədrlər" baş sındırır, baş,
Nəfəsin isidər soyuq səngəri,
Mərmidən güclüdür oxuduğun marş.
Soykökə əbədi bağlısan, ey dost,
Aranlı, dərəli, dağlısan, ey dost,
Qədim Borçalıda doğulsan da, bil,
Xalqın, məmləkətin oğlusan, ay dost.
Gözümüz fərəhdən, ancaq fərəhdən
Yaşarsın, Şəmistan Əlizamanlı!
Bir şüar yayaram bu dünyaya mən:
Yaşasın Şəmistan Əlizamanlı!
Oktay Rza
Əməkdar müəllim