Xətai rayonu, M. Nəcəfov adına
86 saylı tam orta məktəbin
VIII b sinif şagirdi
"Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar"
Bu sətirlər XX əsr Azərbaycan-türk ictimai fikrinin ən məşhur nümayəndələrindən biri, jurnalist, filosof və ədəbiyyat tənqidçisi Əlibəy Hüseynzadəyə məxsusdur. Elə bir şəxsiyyətə ki, qeyd olunan şüarı, ideyanı təkcə sözdə deyil, əməldə də həyat amalına çevirmişdi. Bəli, əlibəylər, məhəmmədəminlər, qaspralılar, cavadlar, cavidlər güllələndilər, Vətəni tərk etmək məcburiyyətində qaldılar, minbir əzablara qatlaşdılar, amma köləliklə barışmadılar. Çünki əsrlər boyu mərdliklə yurd-yuvalarının keşiyində duran, kimsənin torpağında gözü olmayan, qaçanı qovmayan, aman diləyənə toxunmayan türkün qanının, geninin daşıyıcıları idilər. Hələ uzun illər öncə hər yanı fəth edən Hun tayfalarının hökmdarı Atilla, Roma papasının diz çöküb yalvardığına görə xristianlığın mərkəzini dağıtmamışdı.
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri isə bütün ictimai-siyasi çaxnaşmaları ilə bahəm, bir türk oyanışı, mədəni intibah dövrü idi. İstismarın yeni üsulları, primitiv qloballaşma cəhdləri, bir qütbdən idarəçilik planları türk-müsəlman aləminin birləşməsini zəruriləşdirirdi. Belə bir vəhdətə nail olmaq üçünsə zehinlərdə inqilab eləmək, şüurlarda təkamülə çatmaq, fikirləri yeniləmək lazım gəlirdi. Məhz belə ideoloji hədəfləri Əlibəy Hüseynzadə və onun yaratdığı, təmsil olunduğu "Füyuzat" məktəbi, "Kaspi", "Həyat", "İrşad", "Həqiqət", "Tərəqqi" qəzetləri və digər dərgilər müəyyənləşdirdi. Bu dönəm türk ictimai fikrinin təzə mövsümü - bahar fəsli idi. Sözdə, düşüncədə, əməldə türk birliyini reallaşdırmaqdan ötrü geniş imkanlar açılmışdı. Ancaq nə yazıqlar ki, ayrı-ayrı məmləkətlərdə şahə qalxan irtica qara buludlar kimi, yaz günəşinin şüalarının qarşısını kəsdi. Müasir dövrümüzdə işartısı görünən bir ocağın qalanması, ümummilli liderimiz Heydər Əliyevin dilindən səslənən "bir millət iki dövlət" konsepsiyasının həyata keçməsi ən azı 100 il gecikdi.
Bu gün demək olar ki, hamı türkçülükdən danışır, sözünə türk dünyasına salam göndərməklə başlayır. Amma gəlin görək, o dövrlərdə belə sərbəstlik vardımı? Xalqımızın böyük oğulları əsl türk sevgisinə qurban getmədilərmi?
O da əsl azadlıq aşiqi idi. Torpağa səpilmiş toxum işığa can atıb cücərdiyi tək insan qəlbinin də azadlıq üçün çırpındığını yaxşı bilir və yazırdı: "Hürriyyət! O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir".
Təhdidlərdən, təqiblərdən yaxa qurtarmaq üçün dəfələrlə yaşayış və iş yerini dəyişmək məcburiyyətində qalmışdı. Acı rüzgar hələ uşaqkən üstünə hücum çəkməyə başlamışdı. 1864-cü ilin 24 fevralında Salyanda doğulan gələcək mütəfəkkir, atasını erkən itirdiyinə görə, babası şeyxülislam Əhməd Səlyaninin himayəsində qalmış, onunla birlikdə Tiflisə köçmüşdü. Burada gimnaziyanı bitirərək, ali təhsil ardınca Peterburqa yola düşmüş, universitetin fizika və təbiət elmləri fakültəsində təhsil almışdı. Lakin Rusiyada repressiya maşınının işə düşməsi tezliklə onun Türkiyəyə köçməsiylə nəticələndi. İstanbulda ali tibb təhsilinə və yüzbaşı rütbəsinə sahib oldu. Qardaş ölkədə də təzyiqlərlə qarşılaşdığından, yenidən Bakıya qayıdaraq publisistika sahəsində fəaliyyətini davam etdirdi. Onu həm də istedadlı şair, rəssam, müəllim, tərcüməçi kimi tanıyırıq. "Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüdükdə onun nicatı yoxdur. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək olur" deyimi də yüksək pedaqoqluğunun təzahürüdür. Ən başlıcası isə Ə. Hüseynzadə mənəviyyat adamı, alovlu türkçü və dönməz vətənpərvər idi. Qələmi, beyni, fəaliyyəti ilə göstərdiyi əvəzsiz xidmətləri də tərəddüd edilmədən zülmətə bürünən türk dünyasının məşəli sayıla bilər.
Doğrudur ki, şəcərə nöqteyi-nəzərindən tale bu dahinin üzünə gülmədi: övladlarından üçü də (bir oğlan, iki qız) ailə qurmalarına baxmayaraq, övladları olmadığından nəslin davamı gəlmədi. Lakin o qədər nəvəli-nəticəli "sonsuzlar" var ki... Doğma balaları evin bür küncünü də qıymadığından, Qocalar Evinə sığınıblar, bayramlarda, əlamətdar günlərdə heç xatırlanmırlar da.
Əli Hüseyn Turana isə tarixin yiyə durması, əbədiyyətin qucaq açması, ürəklərin hərarət verməsi həmişəyaşarlığını və davamlılığını təmin elədi. Nə qədər ki, biz türk çocuqları varıq, bu ölməz türkçü babalar da olacaq.