|
|
|
|
Əkrəm Qaflanoğlu
Bu, xahiş deyildi,
Bu, minnət deyildi,
Ərşə dirənən
Körpə nidası idı.
Vıyıldayan güllə səsi,
Tankların tırtıl vahiməsi
"Şuşanın başı dumanlı"
Olan bir vaxtda
Can harayında,
Can həşirində olan insanlar,
Vahimə burulğanında
Çapalayan, əl-qol atan
zavallılar
Pərən-pərən düşdülər...
Bir körpə unuduldu -
Atamı unutdu, anamı unutdu,
Söyləmək çətin.
Özlərinə gələndə,
Ananın fəryadı dirəndi ərşə,
Atanın ürəyi parça-parça oldu.
Ahları pərcimlədi
Yerləri göylərə -
O zaman körpə
Can hayında idi;
Çarpayının altında
Göz yaşı yox,
Qan ağlayırdı...
Qəfil evə soxulan,
Züriyyəti olmayan
Bir ailənin " övladı" oldu.
Əsirlik yazıldı
tərcümeyi-halına...
Gör necə sitəm,
Gör necə taledi-
Öz torpağında doğulan,
Azadlığı boğulan
Körpəyə bir gün
Ana dilini bilən -
biri rast oldu.
Yer-göy onun idi!
Ana dilinin şirinliyi
Canına axanda
Sanki bəxtəvəriydi dünyanın.
Dil-dil ötdü,
Qarşısındakının dizindən öpdü,
Naçar qaldığını görüb,
Uzatdı kuklasını ona:
-Əmi, götür bu kuklanı,
Qoy sənin olsun.
Ata-anama apar məni!!!
Qubar könülləri, şad olsun...
O körpənin qolları
Uzana qaldı.
Ata-ana boynuna həsrət qollar
Dolandı kukla boynuna...
...Bağlayıb qapı-bacamı
hönkür-hönkür ağladım
Sənin taleyinə.
Allahdan arzu dilərəm,
Min sitəmə dözərəm
Qanım axsa belə,
Canım çıxsa belə,
Son nəfəsimdə
Qolundan tutub
Səni çatdıracağam
Həsrətlilərinə.
Əlinə qurban balam,
Dilinə qurban balam...
Nəfəsisən bu gün Şuşanın,
Ürəyisən bu gün Şuşanın
Oxuyan bülbülüsən,
Həm gülüsən Şuşanın.
Bir laylanın qanadında,
Titrək gülün ləçəyində,
"40 pilləkən"
ətəyində
Nisgilin töküləcək...
Atan-anan yanında,
Sevınc yaşı kirpiyində
Bir gün uzanacaq
Qolların
Ağ atlı oğlana sarı.
Göydən alma yox,
Azadlıq düşəcək!
Azadlığın gələcək!