Min bir rəngi, siması olan bu vəfasız dünya necə də qəddar və etibarsızdı. Gündə yüzlərlə xəbər eşidirsən, zəlzələ-vəlvələ, sunami, qəzalar, müharibələr və nə bilim nələr... Qəfil bir telefon zəngi ayağımı yerdən üzdü, sanki nəfəs almağa havam çatmadı. Əlim üzümdə qaldı.
Qulağıma inanmadığım bu xəbər bir də cingildədi.
- Şamo bizləri əbədi tərk etdi...
Ola bilməz, bu nə xəbərdi belə ilahi?!
Ancaq göz yaşı ilə yoğrulmuş bu xəbəri mənə çatdıran Şamonun doğmaca qardaşı, uşaqlıq dostum Safo idi. Buna necə inanmayasan?!
Safo sanki Ziyarət dağını başının üstünə qaldırmışdı, bu ağır dərd yükündən nəfəsi təngimişdi. Qırıq-qırıq səslə, - dedim ki xəbərin olsun, sən onunla yaxın idin.
Mən bu ağlagəlməz xəbərin həyəcanından özümü itirdim, özümdən asılı olmayaraq qışqırdım, - nə danışırsan, nə vaxt?
- İndi son mənzilə yola salırıq...
Şamonun gülümsər, işıqlı çöhrəsi gözümün qarşısında canlandı. Sonra isə göz yaşımla yuyuldu Şamonun o unudulmaz məsum siması!
Uşaqlıqdan tanıdığım Beynəlxalq Rəssamlar Konfederasiyasının və Azərbaycan Rəssamlar İttifaqının üzvü Şamo Bəkir oğlu Abasov 1955-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində sayılıb-seçilən ziyalı ailəsində dünyaya göz açmışdı. Ayağını yerə basdığı gündən işıq və rənglər onu ovsunlamışdı. Özünü dərk etməyə başladığı vaxtdan əlindən rəngli karandaşlar düşməzdi. Onun şəkil çəkməyə daha çox həvəs göstərdiyini görən o vaxtlar Bakıda ali təhsil alan qardaş və bacıları Marat, Rahilə, Elmira və Xalidə həmişə Şamoya rəngli akvrellər, rəssamlığa aid kitablar hədiyyə edərdilər. Artıq yeddinci-səkkizinci siniflərdə oxuduğu vaxtlar Şamo demək olar ki, kəndin yarıdan çoxunun portretini yaratmışdı. Elə o vaxtdan həvəskar yeniyetmə rəssam qəti olaraq öz taleyini birdəfəlik rəssamlığa həsr etmək qərarına gəldi. Bunun üçün isə bu sənətin sirlərini öyrənmək lazım idi. Beləliklə o, 1970-74-cü illər Ə.Əzimzadə adına Rəssamlıq məktəbində, 1978-84-cü illərdə isə o vaxtlardakı Leninqrad Ali Rəssamlıq İnstitutunda təhsil aldı.
Hələ tələbəlik illərində Leninqradda (indiki Sankt-Peterburq) keçirilən "Bahar" sərgisində Şamo "Nilufərin portreti" rəngli tablosu ilə çıxış edir. Onun işi tamaşaçıların diqqətini çəkir. Sənətşünas Dina Makarova bu sərgi ilə bağlı "Veçerniy Leninqrad" qəzetində çap etdirdiyi məqaləsində gənc rəssamın işi haqqında belə yazırdı:
"Şamo Abasovun kisti günəş dolu parlaq rənglərdən yoğrulmuş, daxilən qayğısız və xoşbəxt uşaq dünyasını əks etdirən canlı və yaddaqalan bir portret yaratmışdır".
Elə həmin illər Bakıda təşkil olunan müxtəlif sərgilərdə "Çiskinli Bakı", "Şahzadə", "Səttar Bəhlulzadənin xatirəsinə" keramik lövhələri ilə uğurla çıxış edir.
Sonralar rəssamın əsərləri dünyanın bir çox möhtəşəm sərgi salonlarında nümayiş olunur. İndi onun bir çox əsərləri dünyanın müxtəlif Muzey və Qalereyalarında daima nümayiş olunmaq üçün alınmışdı. Rəssamın əl işləri təkcə Bakıda deyil, Moskvada, Sankt-Peterburqda, Vaşinqtonda, Praqada, Berlində, Yurmalada, Daşkənddə və başqa şəhərlərin sərgi salonlarında indi də nümayiş olunmaqdadır.
Hər dəfə Şamonun sərgilərində olanda, onu özüm üçün yenidən kəşf edirdim. Onun rəsmləri rəssamı əhatə edən dünya içərisində bir dünya idi.
Şamonun kətan üzərində yağlı boya ilə işlədiyi "Varislər", "Balıqçının sirri", "Kef məclisi", "Hamam dostları", "Sevgi maşını", "Ağabalaın yay məhəbbəti", "Muğam üçlüyü" və onlarla başqa tabloları ilə yanaşı müxtəlif ölçülü keramik əsərləri rəssamın zəngin palitrasından və mövzu əlvanlığından xəbər verirdi.
Bu rəssamlar bir az qeyri-adi, hardasa qapalı insanlardı. Onların öz dünyası var. Bəlkə elə ona görə ətrafdakılar onları heç də həmişə anlaya bilmirlər. Həssas qəlbli Şamonun dünyası onun rəngli tabloları, keramik əsərləri idi. O, özünü rənglərsiz təsəvvür etmirdi. Hər dəfə görüşəndə yeni əsərlərindən, sərgilərdən elə ürək dolusu danışırdı ki, adam istər-istəməz onun sevincinə şərik olurdu.
Yurd yeri bütün rəngləri ilə Şamonun ürəyində məskən salmışdı. Doğma yerlərin həsrəti onun qəlbində həmişə qövr edirdi. Ona rahatlıq verməyən bu sevgi dolu acılı-şirinli xatirələr, sonradan rənglərin dili ilə kətana köçürdü. O, tez-tez Avropada olurdu, sərgilərdə iştirak edirdi. Amma çox qala bilmirdi. Hər görüşümüzdə özünəməxsus bir tərzdə gülümsəyərək, "oralar gəzmək üçün pis deyil, ancaq bizim yerlərə çata bilməzlər. Sən bu dünyanın ədalətsiz işinə bir bax, dünyanın bir çox sərgi salonlarında əsərlərimi nümayiş etdirirəm, amma burdan-bura öz kəndimizə gedib sərgi aça bilmirəm. Belə də zülm, haqsızlıq olar?! Kaş o yerlərə gedə biləydim, onda nəfəsim genişlənərdi. Ordan enerji alıb yenidən qayıdardım emalatxanaya!"
Yəqin indi ruhun o yerlərdədi qardaşım, bizlərdən də salam yetir əbədi yurd yerinə!
Hər dəfə ona deyəndə ki - gəl sənin yaradıcılığın, sənət dünyan haqqında bir sənədli film çəkək, çapa kitab hazırlayaq, - gülümsəyərək özünəməxsus bir tərzdə - "hələ tezdi 60-a çataq sona!" Sən demə 60 yaşına çatmaq Şamoya qismət deyilmiş. Atalar doğru deyir: - Heç kəs inanmır ki, ölüm gözlə-qaş arasındadır. Gəlişi məlum olmaz, amma yazılan vaxtda tamamında gələr! Hamı kimi Şamo da onu heç gözləmirdi. Qəfil gəldi, doğmaları, dostları kədər burulğanında boğmaq üçün. Son vaxtlarda özünün avtoportreti üzərində işləyirdi. O da yarımçıq qaldı. Ancaq ölümü ilə qəlblərdəki portretini tamamladı.
Şamo rəngləri çox sevərdi. Xüsusilə də ağ rəngi. Deyirdi ki, - istənilən rəngi ağa qatıb yeni bir rəng çaları almaq olur. Müxtəlif məna çalarlı olsalar da, rənglər də insanlar kimidi. Onları da sevib-seçmək lazımdı. Elə son mənzilə də Şamo, sevdiyi ağ rəngə bürünüb getdi. Özündən isə onu həmişə yaşadacaq yüzlərlə rəngli tabloları, dekorativ tətbiqi sənət əsərləri, bir də onun xatirəsi həmişə sevgilə anacaq ailə üzvləri, dostları qaldı. Allah sənə rəhmət eləsin Şamo, ruhun şad olsun!
Yaqub ƏLİOĞLU