yazıçı-jurnalist
İnsanın həyatında bəzən elə anlar, hadisələr olur ki, onları daim xoş xatirə tək yaddaşında saxlayır, çözələyirsən. Unudulmaz səfərlər də belədir. Gündəlik işlə, peşə fəaliyyəti ilə bağlı beynəlxalq tədbirlərdə iştirak etmək, həmkarlarla təcrübə mübadiləsi aparmaq məşğul olduğumuz sahə üzrə yeniliklər, innovasiyalar barədə məlumat almaq baxımından da önəmlidir.
Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Kommunikasiya və media məsələləri üzrə beynəlxalq istiqamətlər" mövzusunda keçirilmiş beynəlxalq konfrans bu cəhətdən maraq doğururdu. Türkiyənin Elm, Təhsil və Texnologiya Assosiasiyasının (TASET), Sakarya, Anadolu, İstanbul Universitetlərinin təşkilatçılığı ilə düzənlənən, 20-dən artıq ölkədən ABŞ, Kanada, İtaliya, Almaniya, Yaponiya, Çin, Filippin, Cənubi Afrika Respublikası, Portuqaliya, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Ukrayna və digər ölkələrin tanınmış media mütəxəssisləri, yeni media, informasiya və kommunikasiya texnologiyaları (İKT), habelə informasiya və ictimaiyyətlə əlaqələr üzrə ekspertlər, jurnalist kadrları hazırlığı ilə məşğul olan bir sıra universitetlərin professorlarının qatıldığı bu mötəbər toplantıda iştirak etmək mənə də nəsib oldu.
Konfransın müxtəlif sessiyalarında online jurnalistikanın nəzəriyyəsi və metodologiyası, rəqəmsal medianın əsasları, vizual kommunikasiya, multimedia şəbəkəsi, Facebook, Twitter, Youtube, Google və digər sosial şəbəkələrin inkişafı, bu şəbəkələrin yeni mediaya inteqrasiyası, habelə reklam işinin təkmilləşdirilməsinin yeni medianın tərəqqisində rolu ilə bağlı məsələlər müzakirə olunurdu.
Türkiyənin Ali Təhsil Şurasının məsul nümayəndəsi, professor Günay Durmuş, konfransın koordinatoru, professor Aydın Ziya Özgür, Yaşar, Anadolu və Hacettepe universitetlərinin professorları Murad Barkan, Ferhan Odabaşı və Buket Akkoyunlu konfransda giriş nitqi ilə çıxış edərək bu beynəlxalq toplantının məqsəd və məramını açıqladılar. Media mütəxəssislərinin məruzələri dinlənildi, fikir və təcrübə mübadiləsi aparıldı.
"Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: yeni media mühüm platforma kimi" mövzusunda məruzəmdə hazırda bütün dünyada, o cümlədən ölkəmizdə informasiya cəmiyyəti qurulmasının prioritet istiqamətlərdən olduğunu, son illər ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunu xeyli artırdığını diqqətə çatdırdım..
Qeyd etdim ki, bu gün yeni media Azərbaycan cəmiyyətində aşkarlığın, fərqli düşüncənin tribunası kimi özünü təsdiq etməkdədir, ölkədə mətbuatın özünü tənzimləməsini həyata keçirən Mətbuat Şurası fəaliyyət göstərir, Jurnalistlərin Etik Davranış Kodeksi qəbul edilib. Azərbaycanda İKT, İnternet dinamik inkişafa başlamış, rəqəmsal sistemin tətbiqi vüsət almış, yeni texnologiyalar geniş yayılmışdır.
Qısaca olaraq, "Elektron Azərbaycan" Dövlət Proqramı adlandırılan bu proqramın məqsədinin ölkədə "Elektron-hökumət"in formalaşdırılması və bunun üçün müasir İKT-ni tətbiq etməklə idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaşların və təşkilatların elektron xidmətlərdən sadə və sərbəst istifadəsinin həyata keçirilməsindən ibarət olduğu, vahid elektron hökumət portalının yaradıldığı diqqətə çatdırıldı.
Elektron xidmətlər göstərən və Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyətinin həm də insan hüquqlarının təmini baxımından mühüm əhəmiyyəti vurğulandı.
Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla həyata keçirildiyi, həmin sənəddə KİV-lə, yeni media ilə əməkdaşlıq məsələlərinə də önəm verildiyi önə çəkildi.
Ombudsman haqqında Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində Azərbaycan Ombudsmanına "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı verilmiş funksiya, onun mandatının genişləndirilməsi və yeni səlahiyyətləri ilə əlaqədar olaraq, təsisatda KİV təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələrin keçirildiyi bildirildi.
Bir qədər əvvəl yaradılmış Türkiyə Cümhuriyyəti Baş Kamu Denetçiliyi Kurumu ilə insan hüquqları üzrə sıx əməkdaşlıq, həm də informasiya mübadiləsi istiqamətində qarşılıqlı əlaqələrin davam etdirildiyi vurğulandı.
İnformasiya sahibi kimi fəaliyyətimizin də səmərəli olduğu, KİV-lə, o cümlədən daha üstün keyfiyyətlərə malik, çevik, dinamik yeni media strukturları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələrə mühüm yer verildiyi bildirildi.
Təsisatın Mətbuat Xidmətinin rəhbəri kimi qeyd etdim ki, elektron və yazılı medianın, rəqəmsal və online-jurnalistikanın inkişafı, jurnalistlərin, o cümlədən hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müasir İKT-dən istifadəsi imkanlarının artırılması, informasiya açıqlığı və şəffaflığı, internet resurslarının, ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi istiqamətində keçirilmiş görüşlərdə media təmsilçilərinin fikir və mülahizələri nəzərə alınır.
Bu gün qurulan informasiya cəmiyyətində yeni medianın qarşısında bir sıra vəzifələr durur. Vətəndaşların informasiyaya olan tələbatında köklü dəyişikliklərin baş verdiyi çağdaş dövrdə həqiqəti əks etdirən obyektiv xəbər ən qiymətli resursa çevrilib. Media mənsublarının, həmçinin yeni media təmsilçilərinin bu tendensiyanı diqqətdə saxlaması olduqca zəruridir.
Azərbaycanda yeni medianın inkişaf tendensiyası, ümumən KİV-lə qarşılıqlı əməkdaşlığımız və bu kimi məsələlər konfrans iştirakçılarında maraq doğurdu, bununla bağlı səsləndirilən suallar cavablandırıldı.
Beynəlxalq toplantıda müxtəlif ölkələrdən olan jurnalistlərin, aparıcı KİV rəhbərlərinin çıxışları, interaktiv müzakirələr, fikir və təcrübə mübadiləsi, doğrudan da, maraqlı idi.
Bu bənzərsiz ölkədə həyat tərzi, ictimai-siyasi durum fərqlidir, diqqətçəkəndir. Birləşmiş Ərəb Əmirlikləri Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Qətər dövləti, Əmman Sultanlığı və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Bu ölkənin sahillərini Fars və Əmman körfəzlərinin suları yuyur. Yeddi əmirliyin birləşdiyi həmin dövlətdə prezident əmirliklərin monarxları arasından beş il müddətinə seçilir.
Paytaxt Abu-Dabidən sonra Dubay ölkənin ikinci şəhəri və əsas kommersiya mərkəzidir. Əhalisi təxminən 2,4 milyon nəfərdir və bunun dörddə bir hissəsini ərəblər təşkil edir. Onlar yerli əhali kimi, bütün hüquqlara, imtiyazlara malikdirlər. Əhalinin üçdə iki hissəsi Pakistan, İran və Hindistandan gəlmiş köçkünlərdən ibarətdir. Ölkənin rəsmi dili olan ərəb dili ilə yanaşı, ingilis, fars, hindi və urdu dilləri də burada geniş işlədilir.
İslam dini BƏƏ-də dövlət səviyyəsində ehtiramla yanaşılan bir dindir. Bu ölkənin də öz qanunları var. Birləşmiş Ərəb Əmirliklərinə səfər edən hər kəs yerli adət və ənənələrə əməl etməlidir. Otellərin daxilində və ətraf ərazilərdə geyim forması sərbəst olsa da, şəhərə çıxarkən, xüsusilə də yerli ərəblərin yaşadıqları məhəllələrlə gedərkən açıq-saçıq geyinmək qəbuledilməzdir. Hətta hava isti olsa belə, bu qaydaları gözləmək lazımdır.
Bütün il ərzində açıq səmanın, günəşli günlərin müşahidə olunduğu bu ölkəyə oktyabr-may aylarında səfər etmək daha məqsədəuyğundur, çünki həmin dövrdə havanın hərarəti 18-35 dərəcədən yüksək olmur. Yay aylarında isə müsbət 50 dərəcəyədək temperatur və yüksək rütubət müşahidə edilir.
Dubay əmirliyinin inzibati mərkəzi olan Dubay şəhəri Fars körfəzinin sahilində, Abu-Dabinin şimal-şərqində, Şarca ilə qonşuluqda yerləşir. Yaxın Şərqin nəhəng ticarət, maliyyə və turizm mərkəzi olan Dubay Şanxay şəhəri ilə müqayisə oluna bilər. Dubayda Azad İqtisadi Zonanın yaradılması bu şəhərin biznes əhəmiyyətini qat-qat artırmışdır.
1966-cı ildə burada çox böyük həcmdə
olmasa da, neft tapılması Dubayın əmirlərini sözü gedən qiymətli təbii sərvətdən qənaətlə istifadəyə sövq etmişdir. Burada neftçıxarmadan əldə edilən məhsulların məqsədyönlü istifadəsinə, iqtisadiyyatın digər sahələrinin, o cümlədən sənaye, ticarət və turizmin inkişafına da mühüm əhəmiyyət verilir. Dubay Əmirliyi yüksək iqtisadi göstəricilərə nail olmuşdur. Neft çıxarılmasından əldə olunmuş məhsullar ümumdaxili məhsulun 12 faizini təşkil edir. Turizmin inkişafı isə digər aparıcı sahələrlə müqayisədə diqqəti daha çox cəlb edir. Bu gün Dubay dünyanın 140 ölkəsi ilə ticarət əlaqələri saxlayır. Bir çox transmilli şirkətlər bu şəhərdən Şərq və Qərb arasında ilkin baza kimi yararlanır. Bir ənənə olaraq, hər il keçirilən Dubay ticarət festivallarına dünyanın bir sıra ölkələrindən turistlər qatılırlar.
Hələ ötən əsrin 80-ci illərində Dubayın müasir tələblərə cavab verən hava limanı yox idi. Məhdud uçuş zolaqları ilə həftədə cəmi bir neçə reys həyata keçirilirdi. Bu gün ən son texnikanın tətbiq edildiyi iki möhtəşəm terminala malik olan, ildə təxminən 10 milyon sərnişinə xidmət edən Dubay hava limanı buraya səfər edən hər bir kəsdə heyranlıq doğurur.
Bu şəhərdə 2011-ci ildən etibarən hər il daha bir ənənəvi tədbir-- illik İnvestisiya Toplantısı təşkil edilir. Həmin beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət rəsmiləri, habelə iş adamları arasında ikitərəfli görüşlər keçirilir. Bu yaxınlarda düzənlənmiş toplantı çərçivəsində açılmış sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulmuşdu. Stenddə ölkəmizdə iqtisadiyyatın inkişafı, yaradılmış əlverişli biznes və investisiya mühiti, ixracın təşviqi sahəsində atılan mühüm addımlar barədə məlumatlar öz əksini tapmışdır.
Dubayda inkişaf etmiş avtobus şəbəkəsi yaradılmış, dayanacaqların bir qismində kondisionerlər quraşdırılmışdır. Bu əmirliyin əhalisi 2009-cu ildən metrodan yararlanır. Həmin ilin aprelindən isə şəhərdə monorelsli nəhəng yol sakinlərin və qonaqların istifadəsindədir.
Möcüzəli şəhərin görməli yerləri isə xüsusi söhbətin mövzusudur. Dubaya səfər edən hər kəs, ilk növbədə, Burc Xəlifə adlanan, əvvəl gündən dünyanın ən yüksək tikilisi kimi düşünülmüş möhtəşəm göydələni seyr etmək istəyir. Burc Xəlifə hələ tikilərkən nəzərdə tutulan hündürlük gizli saxlanılırdı ki, başqa bir ölkədə daha yüksək göydələn ucaldılacağı təqdirdə, Dubay qülləsinin layihəsinə düzəliş etmək mümkün olsun.
Hündürlüyü 828 metr olan, 163 mərtəbəli göydələn 2010-cu ildə istifadəyə verilib. Dubayın əmiri, həm də hazırda BƏƏ-nin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktum bütün dünyada məşhur olan, "Burc Dubay" adı ilə ucaldılmş bu nəhəng, heyrətamiz abidəni ölkənin prezidenti, Şeyx Xəlifə ibn Zayed ən-Həhayanın şərəfinə Burc Xəlifə adlandırıldığını bəyan etmişdir.
Bu tikili "şəhər içərisində şəhər" kimi layihələşdirilib. İnsanı heyrətə salan bu abidəyə rəngarəng parklar, bulvarlar, yaşıl örtüyə bürünmüş istirahət guşələri xüsusi yaraşıq verir.
Ümumi dəyəri 1.5 milyard dollar olan qurğunun layihəsi amerikalı arxitektor Edrian Smit tərəfindən hazırlanıb. Çikaqodakı Uillis Taner, Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzi və digər məşhur tikililər vaxtilə Bu tanınmış arxitektorun çalışdığı büroda layihələşdirilərək həyata vəsiqə alıb.
Həmin qurğunun tikintisinə Cənubi Koreyanın Samsunq şirkətinin inşaat bölməsi cəlb edilmiş, vaxtilə burada 12 min fəhlə çalışırdı. Bəzən onların maaşı az, əmək şəraiti pis olsa da, bu nəhəng meydançada iş bir an dayanmırdı.
Kompleksə "Armani" oteli, ofislər, mənzillər və ticarət mərkəzləri daxildir, binanın üç ayrıca girişi var. Yüzüncü mərtəbədəki hər biri 500 kvadratmetr olan üç nəhəng mənzil hindli milyarder B.Şettiyə məxsusdur. Ən hündür baxış meydançası 452 metr yüksəklikdə yerləşir. Əsas binanın qülləsində isə telekommunikasiya vasitələri quraşdırılıb. Möhtəşəm tikili ətir saçan qurğuların köməyi ilə müntəzəm olaraq təmizlənir. Binanın şüşə təbəqəsi tozu və günəş şüalarını geri qaytararaq daxildə optimal temperaturu təmin edir. Qurğunun üst qatı həcminə görə 17 futbol meydançasına bərabərdir.
Bu göydələnin yaxınlığında yerləşən, orijinal arxitekturalı, musiqili fantan dünyada ən böyük və su şırnaqları çox yüksək məsafəyə--150 metrə tullanan fantanlardan biridir.
Dünyanın ən zəngin, yeddi ulduzlu otellərindən biri olan, dəryada nəhəng yelkəni xatırladan Burc əl-Ərəb turistlərin heyranlığına səbəb olur. Dubay sakinləri Emireyts Tauerz adlandırılan, Dubayın Şeyx Zayed küçəsində yerləşən gümüşü qülləli qoşa tikili ilə də qürur duyurlar. Həmin tikililər möhtəşəm Burc Xəlifə qülləsi ucaldılanadək Yaxın Şərqin və Avropanın ən hündür binaları hesab edilirdi.
Konfrans iştirakçılarına bənzərsiz Palma adalarına da səyahət etmək nəsib oldu. İnsan təfəkkürünün möcüzəsi ilə yaradılmış bu süni adalar hamıda maraq doğurur. Palma Cümeyra, Palma Cəbəl Əli və Palma Deyra adlanan əsrarəngiz adaların birincisində beş kilometrlik monorelsli yol çəkilib.
Yaxın Şərqin ən böyük ticarət-əyləncə mərkəzi olan Dubay Mollun daxilində dünyanın ən nəhəng akvariumu quraşdırılıb. Okean sularının ən müxtəlif canlılarının-- fauna və florasının yaşadığı bu mavi akvarium,sözün əsl mənasında gözəllik mücəssəməsidir. Ovsunlanıb seyr edən, qarşısında şəkil çəkdirən kim...
Palma Cümeyra adasındakı məşhur "Atlantis" otelindəki cazibədar akvarium da yeni dünyanın heyrətlə qarşılanan möcüzələrindəndir.
Bu gözəl şəhərin diqqəti cəlb edən monumental abidəsi--"Birlikdə" adlanan memarlıq nümunəsidir. Həmin kompleksdə əmirliklərə xas olan milli geyimli--ənənəvi ağ libasda gənc ərəb və qara libaslı ərəb xanımı təsvir olunmuşdur. Suriyalı heykəltəraş Lütfi Rumheynə məxsus olan bu tişə əsəri ağ mərmərdən və qara qranitdən yonulmuşdur.