MUSA QULİYEV: "UŞAQLARA QARŞI OĞURLUQ, SUİ-QƏSD VƏ CİNSİ İSTİSMARLA BAĞLI ÖMÜRLÜK CƏZA NÖVÜ SEÇİLMƏLİDİR..."
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin "525"ə müsahibəsi
- Musa müəllim, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da çox təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq hərəkətləri, o cümlədən, uşaqlara qarşı cinsi istismar halları və sairə artmaqdadır. Artıq qardaş Türkiyə dövləti, rəhbərliyi bununla bağlı qanunvericilikdə ciddi sərtləşdirmələrin aparılmasını nəzərdə tutur və artıq baş nazir Rəcəb Tayyib Ərdoğanın özünün təşəbbüsü ilə bu yöndə qanun layihələri Türkiyə Böyük Millət Məclisinə göndərilib. Bu baxımdan, Azərbaycan dövləti və parlamenti də bu istiqamətdə analoji addımlar ata bilərmi?
- Ümumiyyətlə, zorakılığa qarşı mübarizə tədbirləri həmişə lazımdır. Bütün cəmiyyətlərdə, o cümlədən, Azərbaycanda da bu yöndə mübarizə aparılır. Azərbaycanda konkret olaraq həm uşaqlara, həm də qadınlara qarşı olan zorakılıqlarla bağlı qanunvericilik aktları qəbul olunub.
Bununla belə, hesab edirəm ki, bu yöndə cəzaların sərtləşdirilməsi heç də çıxış yolu deyil. Burada daha çox maarifləndirmə işi və profilaktik tədbirlər aparmaq lazımdır. Eyni zamanda, onu da deyim ki, zorakılıq halları adətən normal ailələrdə baş vermir, bu, daha çox o ailələrdə baş verir ki, həmin ailələrdə müəyyən problemlər var...
- Hansı problemlər var?
- Psixoloji problemlər var, mənəviyyat problemi var, əxlaq problemi var və yaxud da, ailədə hansısa bir ailə üzvü, xüsusən ailənin kişi üzvü kriminal xüsusiyyətlərə malik bir adamdır. Bunu da heç şübhəsiz ki, qohumlar bilirlər, qonşular bilirlər. Uşaqla bağlıdırsa, bunu məktəb bilir və əslində bunu elə məktəb də bilməlidir . Yaxud da yerli bələdiyyə, yerli icra orqanları bilməlidir.
Sadəcə, biganəlik elə bil cəmiyyətdə bir az artıb. Hətta, küçədə gedərkən görürsən ki, zəif bir insanı incidirlər, ancaq insanlar ona qarşı demək olar ki, biganədir, hamısı çəkilib kənara gedir. Lakin əvvəllər belə deyildi. Məsələn, bizim gənclik illərimizdə belə deyildi. 70-ci illərdə, 60-cı illərdə belə deyildi. Hesab edirəm ki, cəmiyyətin də biganəlik buzunun əridilməsi üçün tədbirlər görmək lazımdır. Ancaq bunlarla yanaşı qanunvericilikdə də, şübhəsiz ki, kifayət qədər ciddi və sərt cəza növləri nəzərdə tutula bilər və tutulmalıdır.
-Məsələn?
-Hesab edirəm ki, uşaq oğurluğuna, uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilə bilər və sərtləşdirilməlidir. Çünki uşaqların yaşadığı bu cür hallar ömrü boyu onları izləyəcək bir stressdir, onların valideynləri üçün stressdir və əslində uşaq oğurluğu elə uşaq ölümünə bərabər bir cinayət hesab olunmalıdır. Yəni, bu baxımdan, həmin cinayəti edənə ömürlük cəza tətbiq olunmalıdır.
-Qadınlara qarşı zorakılıqlarla bağlı bəs nə deyərdiniz?
-Bilirsiniz, bir çox cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də bir reforma, islahat gedir. Biz bütövlükdə Qərbə açılmış açıq bir cəmiyyətik. İnformasiya bolluğu var, xüsusən kompüter texnologiyasının, informasiya-kommunikasiya texnologiyasının inkişafı Qərbdəki bütün dəyərləri bir anın içində bura gətirməkdədir. Amma biz o dəyərləri qəbul və həzm etməyə hazır deyilik. Məsələn, şəxsən mən özüm son "Eurovision" qalibini bizim cəmiyyət üçün qəbul edə bilmirəm. Amma Qərb görünür bunu normal hesab edir. Qərbin normal hesab etdiyini biz qəbul edə bilmədiyimizə, amma ayrı-ayrı insanlar, şəxslər onu özləri üçün bəlkə də hardasa kumir, yaxud da, bir inkişaf kimi hesab etdiyinə görə, görürsən, bəzən ailə-məişət daxili konfliktlər baş verir.
Ona görə hesab edirəm ki, biz ənənələri qoruyub saxlamalıyıq və biganəlik buzunu aradan qaldırmalıyıq, maarifləndirmə və profilaktika işini gücləndirməliyik. Cəzanın artırılması, görünür, burada bu qədər böyük rol oynamayacaq. Yalnız uşaqlara qarşı oğurluq və sui-qəsdlə, cinsi istismarla bağlı hesab edirəm ki, ömürlük cəza növü seçilməlidir...
Kamil HƏMZƏOĞLU