Bu həftə Norveçin Bergen şəhərində "Azərbaycan-türk mədəniyyət evi" və Bergen Universiteti nəzdində "E.Qriq adına musiqi akademiyasının təşkilatçılığı, Qriq akademiyasının azərbaycanlı tələbəsi Nigar Qəhrəmanovanın təşəbbüsü, "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi, Cənubi Azərbaycan Milli Demokratik Hərəkatı Təşkilatı, Akademik Kvarter tələbə cəmiyyəti və Müqəddəs Yohannes kilsəsinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Mədəniyyət günləri "Azərbaycanın tarixi və mədəniyyəti" haqqında seminarla başlayıb. Seminarda Azərbaycan Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə Skandinaviya ölkələrində Qarabağ həqiqətlərinin yayılması ilə əlaqədar səfərdə olan Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli "Azərbaycanın keçmişi, bugünü və Dağlıq Qarabağ problemi" adlı məruzəsi ilə çıxış edib, daha sonra "Cənubi Azərbaycan Milli Demokratik Hərəkətı" təşkilatının sözçüsü, Bergendə "Azərbaycan-türk mədəniyyət evi"nin yaradıcısı və rəhbəri olan xanım doktor Simin Səbri "Cənubi Azərbaycanda ana dili qadağası, mədəni siyasi fəaliyyətin məhdudlaşdırılması və azadlıq ruhunun fars rejimi tərəfindən boğulması" mövzusunda Norveç dilində məruzə ilə çıxış edib. Məruzə norveçli dinləyicilərin də diqqətini cəlb edib.
Seminarın ikinci hissəsində Qriq Akademiyasının orqan ifaçılığında beynəlxalq diplom dərəcəsi üzrə təhsil alan Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nigar Qəhrəmanovanın çıxışları dinlənilib. İlk məruzəsində o, "Azərbaycan xalq və klassik musiqisi tarixi" haqqında əcnəbi vətəndaşlara məlumat verib və milli-mədəni irsimiz olan muğamdan, eyni zamanda dahi klassik bəstəkarlarımızdan söz açıb.
Onun ikinci məruzəsi isə "Tur Heyerdal və Azərbaycan" başlığında idi. Bu məruzəsini Norveç dilində söyləyən xanım Qəhrəmanova Tur Heyerdalın Azərbaycana səfərlərindən sonra Norveç və Azərbaycan dövlətləri arasında əməkdaşlığın yaranmasını və hər sahə üzrə ilkin addımlar atılmağa başlanıldığını, bu əməkdaşlığın dostluq müstəvisinə keçdiyini sevinc hissi ilə vurğulayıb. Öz əcdadlarının Azərbaycan ellərindən gəlməsini eşidən norveçlilər öz təəccüblərini gizlədə bilmədilər və bu nəzəriyyə ilə bağlı daha çox məlumat əldə etmək istədiklərini bildiriblər. Tədbirin sonunda Qriq akademiyasında piano ifaçılığı üzrə magistr təhsili alan azərbaycanlı tələbə Humay Qasımzadə Azərbaycan müasir bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən olan Türkər Qasımzadənin "Şur məqam" əsərini seminar izləyiciləri üçün ifa edib. Seminarda həmçinin Nazim Əhmədlinin təşəbbüsü ilə Qarabağ həqiqətlərini təbliğ edən kitab və bukletlərdən ibarət guşə yaradılıb ki, bu da əcnəbi qonaqların marağına səbəb olub.
Azərbaycan Mədəniyyət günləri çərçivəsində daha bir tədbir Bergenin ən gözəl məkanlarından biri olan Müqəddəs Yohannes kilsəsində mayın 20-də baş tutmuş Azərbaycan orqan musiqisi konserti olub. Burada Nigar Qəhrəmanova Azərbaycan bəstəkarlarının orqan aləti üçün bəstələdiyi, habelə orqan üçün işlənilmiş Azərbaycan musiqilərini ifa etdi. Mədəniyyət günlərinin daha bir mötəbər tədbiri "Azərbaycan vokal-instrumental musiqisi konserti" tələbə Cəmiyyəti olan Akademik Kvarterin binasında keçirilib.
Azərbaycan xalq mahnısı "Sarı gəlin"i səs və fortepiano üçün işləyib konsertdə ifa edən Nigar Qəhrəmanova bu mahnını Qarabağda şəhid olan azərbaycanlılara həsr etdiyini bildirib. Konsertdə pianoçu tələbə Humay Qasımzadənin müşayiəti ilə xanım Qəhrəmanova Üzeyir Hacıbəylinin, Asəf Zeynallının, Fikrət Əmirovun və Tofiq Quliyevin romans və ariyalarını oxuyub. Konsertin xüsusi ifaçısı Qriq Akademiyasının violençel üzrə magistr təhsili alan azərbaycanlı tələbəmiz Jalə Əliyeva Humay Qasımzadə ilə birlikdə Fikrət Əmirovun "Violençel üçün Poema -Monoloq"nu ifa etdi və bu ifa gurultulu alqışlarla qarşılanıb.