Kəndin yaşlı sakinlərinin "qocalıq pulları"nı özünün yaşıl "Moskviç"ində poçt müdiri gətirərdi. "Qocalıq pulları" gəlib!" - telefon rabitəsinin, internetin, sosial şəbəkələrin olmadığı kənddə bu xəbər "ayaq tutub" ev-ev yayılardı. Kəndin pensiyaçı sakinləri təxminən bir saatın içində yaşıl "Moskviçin"in ətrafına cəm olardılar.
Universitetə qəbul olunub kəndlə vidalaşandan sonrakı bir neçə ildə də, bildiyim qədər, pensiyaların verilməsi "dədə-baba" qaydasında davam etdirilirdi. O zamanlar kəndimizin sakinləri üçün nəinki ölkənin, bəlkə də ümumən bütün dünyanın pensiya təminatı sistemi, həmin o yaşlı poçt müdirindən, onun yaşıl rəngli "Moskviç"indən, sarı şagird qovluğundan və bir də əzik-üzük uçot dəftərindən ibarət idi.
Aradan çox illər keçib. Hazırkı "sürət əsri"nin cəmiyyətimizin həssas təbəqəsi olan pensiyaçıların həyatına gətirdiyi çox yeniliklər var. Müasir texnologiyalarla iş vərdişlərinə azacıq maraq göstərən hər kəs bu yeniliklərin faydalarından yararlana bilər.
M.Füzuli informasiyalı
cəmiyyətdə yaşasaydı...
Qüdrətli Osmanlı sultanı Sultan Süleyman Qanuni zamanında böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə 9 axça təqaüd kəsmişdi. Amma onda məmur özbaşınalığı Füzuliyə bu təqaüdü almağa imkan verməmişdi. Şair bundan qəzəblənərək Nişançı Paşa ləqəbli Sultan məmuruna yazdığı və sonradan "Şikayətnamə" adı ilə ədəbi irsinə daxil olan nəsr əsərində onun təqaüdünü verməli olan məmurlarla ünsiyyətinin ilk anını belə təsvir etmişdi:
"Salam verdim - rüşvət deyildir deyə, almadılar.
Hökm göstərdim - faidəsizdir deyə
mültəfit olmadılar..."
Əgər elektron hökumət təşəbbüsü indi deyil, bir neçə əsr əvvəl gündəmə gəlsəydi, görkəmli klassikimizin onun təqaüd almasını əngəlləyənlərin əməlləri ilə bağlı şikayətinə lüzum qalmayacaqdı. Və biz yəqin, "Şikayətnamə" kimi dəyərli klassik irsimizi itirəsi olacaqdıq.
Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin həyata keçirilməsində insan amilinin minimuma endirilməsi, süründürməçiliyin aradan qaldırılması, şəffaflığın təmin olunması, çevikliyin təmin edilməsi baxımından elektron hökumət ən yaxşı vasitədir. Ona görə də bu məsələ son illər Azərbaycan dövləti tərəfindən qəbul olunan mühüm qərarlarda, strateji mahiyyətli dövlət sənədlərində aparıcı istiqamətlərdən biri kimi müəyyən edilib. Dövlət bu sahədə qarşıya qoyduğu hədəflərə addım-addım yaxınlaşır.
Müvafiq fəaliyyət istiqamətlərinə aid xidmətlərin elektron qaydada həyata keçirilməsi ölkə başçısı İlham Əliyevin müvafiq hökumət qurumları qarşısında müəyyənləşdirdiyi əsas vəzifələrindəndir. Hələlik bu sahədə birinciliyin hansı quruma aid olduğunu müəyyənləşdirmək obyektivlik baxımından bir qədər çətindir. Fəqət, tərəddüd etmədən demək olar ki, əgər bu qurumların ilk üçlüyünü müəyyən etməli olsaq, bu sırada mütləq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) da adı çəkiləcək. Bunu hökumətin bir müddətdir ki, əhalinin istifadəsinə verdiyi "Elektron hökumət" portalının (www.e-gov.az) statistikası da söyləyir. Statistikaya görə, Fondun hazırda tətbiq etdiyi 19 elektron xidmət növü vətəndaşların ən çox faydalandıqları xidmətlər sırasındadır.
Cəmi bir zənglə...
Cavanlığında ətraf kəndlərin peşəkar mühasiblərindən sayılsa da, müxtəlif dövlət qurumlarının qapılarını döyüb sənəd toplamağa bir o qədər də həvəsli olmayan babamın bu xasiyyətinə görə öz halal pensiyasını neçə ildən sonra aldığını, bundan ötrü zəruri sənədləri toplamağa nə qədər əziyyət çəkdiyini xatırlayıram...
İndiki zaman olsaydı, belə bir əziyyətə gərək yox idi. İndi pensiya yaşına çatmış hər bir vətəndaşın qapı-qapı dolaşmadan, sadəcə, DSMF-in "Çağrı Mərkəzi"nə bir zəngi yetərlidir ki, onun əmək pensiyasının avtomatlaşdırılmış təyinatı aparılsın. Bu zaman vətəndaşa aylıq pensiyasının məbləği və ödəniş kartını ona təqdim etməli olan bank filialının ünvanı barədə məlumat verilir. Pensiyaçıya yaxınlıqdakı bank filialına gedib kartını götürmək, hər ay pensiyasını bankomatdan çıxarmaq qalır. Vətəndaş DSMF-in internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olub burada yerləşdirilmiş məxsusi kalkulyator vasitəsilə özü də pensiyasını hesablaya bilər.
Bütün bu mütərəqqi islahatlar 2008-ci il 30 dekabr tarixli "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində mümkün olub. Pensiyaların avtomatlaşdırılmış qaydada, vahid mərkəzdən təyinatı ilə bağlı Azərbaycanın tətbiq etdiyi bu yenilik Şərqi Avropa və MDB məkanında bir ilkdir.
Vaxt puldur
Təsəvvür edin ki, iş adamısınız, qanunvericiliyə uyğun olaraq DSMF-ə məcburi dövlət sosial sığortası üzrə rüblük və illik hesabatlar təqdim etməlisiniz. Hər dəfə saysız-hesabsız kağızlarla müvafiq idarəyə yaxınlaşıb, növbələrdə vaxt itirməyi, yəqin ki, heç kim istəməz. İş adamı isə heç istəməz. Çünki vaxt, əsl sahibkar üçün həm də pul deməkdir.
İndi nə o kağızlara, nə növbələrə, nə də vaxt itkisinə ehtiyac var. Hər bir sahibkar ofisini, evini tərk etmədən, sadəcə, bir neçə dəqiqə kompüter qarşısında əyləşməklə bu hesabatları elektron formada göndərə bilər. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların elektron qaydada qəbulu təmin olunub. Kiçik ödəniş edən, mühasibatlığı hələ avtomatlaşdırılmamış torpaq mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə bunun üçün DSMF-in yerli qurumlarında yaradılmış "Yardım masaları"na üz tuta bilərlər.
Məcburi dövlət sosial sığorta vəsaitlərinin real vaxt rejimində (online) həyata keçirilməsi üçün lazımi işlər görülüb. İndi "www.e-gov.az" portalına daxil olaraq DSMF tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından, sadəcə, "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" bölməsini seçmək yetərlidir ki, bu vəsaitlərin heç yerə getmədən kompüter qarşısında ödənişini həyata keçirəsən.
DSMF "Sığorta olunanın onlayn uçota alınması" xidmətini də istifadəyə verib. Bu xidmət vasitəsilə yenə heç yerə getmədən, elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsini rəsmiləşdirmək olar. Bu sistemin tətbiqinə qədər isə ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi cansıxıcı bir tarixçə idi: bundan ötrü işəgötürən əvvəlcə gərək işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığorta olunanın ərizəsinin tərtibini təşkil edə, sonra ərizə müvafiq qaydada təsdiqlənə, ardınca sənədlər toplusu siyahı ilə birgə DSMF-nin yerli orqanına təqdim olunaydı və s. Amma indi sığorta edənin öz ofisində əyləşərək birbaşa elektron qaydada müraciəti sosial sığorta şəhadətnaməsinin alınması üçün zəruri prosedurların keçilməsinə imkan yaradır.
DSMF məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə müraciətlərin də DSMF-ə elektron qaydada təqdim edilməsinə nail olub. Hər bir müavinət növü üzrə yaradılmış məxsusi proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron mühitdə həyata keçirilməsini təmin edir. Vətəndaşlar Elektron Xidmətlər portalına daxil olmaqla bu proqram təminatlarından öz məqsədləri üzrə istifadə edə bilərlər. Nəzərə alsaq ki, təkcə 2013-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən çox şəxsə müavinət ödənilib, o zaman yeni sistemin əhəmiyyəti barədə əlavə təfərrüata ehtiyac qalmır.
2014-cü ilin birinci rübünün yekunlarına görə, ölkədə fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 milyon 739 min 808 nəfərdir. Fərdi uçot sistemi pensiya hüquqlarının həmin uçot məlumatları əsasında müəyyənləşdirilməsinə və pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə şərait yaradır. DSMF-in internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti var. Hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir.
"E-xidmətlər"də novator qurum
2014-cü il 1 yanvar tarixindən vətəndaşlardan elektron müraciətlərin - təklif, irad, ərizə və şikayətlərin qəbulu da diqqətdədir. İndi hər bir kəs 190 nömrəli "Çağrı Mərkəzi"ndən istifadə edərək öz müraciətlərini Fonda çatdıraraq onu narahat edən hər hansı məsələyə əncam çəkə bilər. 2014-cü ilin I rübü ərzində "190" nömrəli telefon məlumat xidmətinə 77482 zəng daxil olmuşdur. Bundan başqa, elektron qaydada göndərilmiş məktublar Fondun elektron kargüzarlıq sistemində qeydiyyata alınır və müvafiq şöbələr tərəfindən cavablandırıldıqdan sonra vətəndaşa göndərilir. Bütün bunlar fondun ictimaiyyətlə əlaqələrinin inkişafına, əhalinin sığorta-pensiya sistemi ilə bağlı suallarının operativ cavablandırılmasına xidmət göstərir. Ümumilikdə 2014-cü ilin I rübü ərzində Fondun elektron ünvanına 591 müraciət daxil olmuşdur.
Nazirlər Kabinetinin 2013-cü il 28 oktyabr tarixli müvafiq qərarına əsasən, sahibkarların, ümumən vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də universal telefon məlumat xidmətinin "Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi"nin yaradılmasıdır ki, bu layihənin əsas iştirakçılarından biri də DSMF-dir. Layihə sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyinin artırılmasına, dövlət və sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması və sadələşdirilməsinə, fiziki və hüquqi şəxslərin vahid Cağrı Mərkəzindən məlumat almalarının təmin olunmasına, əhali arasında hüquqi maarifləndirilmə işinin səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.
Statistika nə deyir
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. DSMF-in mərkəzi məlumat bazasında 2014-cü ilin ilin ilk rübünün statistikasına görə, 1 milyon 281 min 712 nəfər pensiyaçı və 2 milyon 800 min nəfərə yaxın sığortaolunan barədə məlumatlar toplanıb. Təkcə ötən il həm Fondun öz saytı, həm də "e-hökumət" portalı vasitəsilə DSMF-in elektron xidmətlərindən 700 minə yaxın vətəndaş faydalanıb.
2013-cü ildə "Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi" elektron xidməti vasitəsilə 324 min 302 sığortaedən tərəfindən 560 min 976 ödəniş həyata keçirilib. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərin onlayn ödənilməsi elektron xidmətində 131 min 653 istifadə sayı müəyyənləşdirilib. 2014-cü ilin yanvar ayından 1 mart tarixinədək real vaxt rejimində onlayn şəkildə təqdim olunmuş elektron müraciətlər əsasında 13 mindən çox fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Müvafiq sistemin tətbiq olunduğu 11 iyul 2013-cü il tarixdən 31 mart 2014-cü il tarixədək 1.640 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 361-i Bakı şəhərində, 1279-u bölgələrdə yaşayan vətəndaşlardır.
Həyata keçirilən uğurlu islahatlar beynəlxalq səviyyədə yüksək qiymət alır. 2013-cü ildə Azərbaycan Respublikası növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Dövlət Sosial Müdafiə Fondu 2010-cu ilin martında Polşanın Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2012-ci ilin sonunda isə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fondu "Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid" nominasiyası üzrə xüsusi sertifikata layiq görmüşdür.
Qısa müddət üçün bunlar kifayət qədər normal göstəricilərdir. Ümid etməyə dəyər ki, zaman keçdikcə bu imkanlardan istifadə edən vətəndaşların sayı daha da artacaq. Bölgələrimizdə internet xidmətlərinin inkişaf etdirilməsi, sosial imkanları məhdud insanlara güzəştli şərtlərlə kompüter almaq imkanının yaradılması, əhali arasında ictimai agahlıq kampaniyasının daha da gücləndirilməsi bu prosesə böyük təkan verə bilər.
...ABŞ-ın keçmiş dövlət katiblərindən Albert Qor da ötən əsrin 90-cı illərinin sonlarında elə təxminən belə demişdi: "İnterneti indidən qiymətləndirməyən ölkələr, zaman keçdikdən sonra onu indidən qiymətləndirən ölkələrin köləsinə çevirəcəklər".
Bu yazıda diqqət yönəltdiyimiz DSMF nümunəsi Azərbaycanın gələcəyin üstün ölkələri sırasında qərar tutması nikbinliyinə əsas verir.
Samir MUSTAFAYEV, "Vergilər" qəzeti
Yazı DSMF-in "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilmək üçündür