|
|
|
|
Mübariz Qurbanlı: "Azərbaycan Şərqlə də, Qərblə də, Şimalla da, Cənubla da eyni məsafədə münasibətlər qurur"
"MORNİNQSTARIN DEDİKLƏRİ TƏSDİQİNİ TAPMAYAN SUBYEKTİV FİKİRLƏRDİR"
Millət vəkili, Yeni Azərbaycan
Partiyası (YAP) icra katibinin
müavini Mübariz Qurbanlının "525"ə müsahibəsi
- Mübariz müəllim, son günlər ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna verdiyi müsahibə ətrafında qalmaqal səngimək bilmir. Hakimiyyət təmsilçiləri də öz növbəsində ABŞ səfirinə qarşı sərt ittihamlar sərgiləməkdədir. Sizcə, ABŞ səfirinin birdən-birə belə sərt mövqe sərgiləməsi nə ilə bağlıdır?
- ABŞ səfirinin məlum müsahibəsi ilə bağlı Prezident Administrasiyası (PA) rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuata geniş açıqlama verdi. Mən Novruz Məmmədovun dedikləri ilə həmrəyliyimi bildirərək qeyd etmək istəyirəm ki, Azərbaycanda cənab Morninqstarın dediyi, söylədiyi proqnozlar özünün təsdiqini tapmayan subyektiv fikirlər, proqnozlardır. Hesab edirəm ki, Novruz Məmmədovun, ondan sonra PA-nın digər şöbə müdiri Əli Həsənovun açıqlamaları bu məsələyə tam şəkildə aydınlıq gətirib və mənim təkrarən onların dediklərini bir daha ifadə etməyimə ehtiyac qalmır. Mən onların dediklərini dəstəkləyirəm və belə hesab edirəm ki, onlar Azərbaycan hakimiyyətinin tam obyektiv mövqeyini cəmiyyətə çatdırıblar...
-ABŞ səfirinin mövqeyini rəsmi ABŞ-ın mövqeyi kimi də qəbul etmək olarmı?
-Amerika Birləşmiş Ştatlarının səfirinin hər hansı bir fikri həmin ölkənin Dövlət Departamentinin fikri kimi yozula bilər. Sadəcə, biz bu açıqlama ilə əlaqədar "cənab səfirin dedikləri onun şəxsi fikridir, yoxsa Dövlət Departamentinin fikrini ifadə edir" sualını Ağ Evin mətbuat xidmətinin nümayəndəsinə, Dövlət Departamentinin mətbuat xidmətinə yönəldərək bunu aydınlaşdıra bilərik. Və yaxud, Morninqstarın özünə sualı yönəldə bilərik ki, "cənab səfir, sizin söylədikləriniz şəxsi, subyektiv fikirlərinizdir, yoxsa, Birləşmiş Ştatların Dövlət Departamentinin mövqeyi sizin mövqeyinizlə üst-üstə düşür?" Yalnız bu sualı iki yerdə aydınlaşdırmaq mümkündür. Bir cənab səfirin özü ilə, bir də Dövlət Departamentində keçirilən brifinqlərdə Dövlət Departamentinin sözçüsünə yönələn sualla. Ancaq bütün hallarda səfir rəsmi şəxs olduğuna görə onun səsləndirdiyi fikirlər istər-istəməz təmsil olunduğu ölkənin xarici siyasət idarəsinin fikri kimi yozulmalıdır və düşünülməlidir. Hər halda biz onun fikirləri ilə qəti razı deyilik. Orada çoxlu subyektiv fikirlər var və hesab edirəm ki, bununla da bağlı Azərbaycan rəsmilərinin açıqlamaları zamanında edilib.
- Necə hesab edirsiniz, ABŞ-ın, ABŞ hakimiyyətinin Azərbaycana qarşı bu qədər qəzəblənməsinin arxasında nə dayanır?
- Mən "ABŞ-ın Azərbaycana qəzəblənməsi" ifadəsi ilə razılaşmıram, burada qəzəbdən söhbət gedə bilməz. Bizim ABŞ-la münasibətlərimiz normal məcrada inkişaf edir. Sadəcə, diplomatlar bəzən çərçivədən kənar ifadələr işlədir və bunun da cavabı verilir. Düşünmürəm ki, cənab Morninqstarın çıxışı bizim münasibətlərimizi korlamağa yönəlib və ya korlayacaq. Bu, bir çıxışdır, ona da müvafiq cavab verilib. Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətlər hesab edirəm ki, milli maraqlar çərçivəsində davam edir.
- ABŞ-la münasibətlərin bir qədər sərinləşməsi fonunda Azərbaycan üzünü Şərqə-Vyetnama, Çinə və sairəyə tutması ölkəmizin xarici siyasət kursunda korrektlər etməsinin nəticəsidir, yoxsa?...
- Hesab edirəm, bu cür yozum da doğru deyil. Azərbaycanın xarici siyasəti ölkə Prezidenti tərəfindən müəyyən olunub və həyata keçirilir. Prezidentimiz dəfələrlə vurğulayıb ki, Azərbaycanın xarici siyasəti dəqiqliyə söykənib, ədalətə söykənib və balansa söykənib. Yəni, bu üç təməl, bu üç sütun üzərində dayanıb fəaliyyət göstərir. Biz tam müasir siyasət yeridirik, Azərbaycanın öz milli maraqlarına uyğun addımlar atılır və milli maraqları naminə bu addımları atarkən başqasının bu barədə nə düşünəcəyi də Azərbaycan üçün önəmli deyil. Bizim üçün önəmli olan millətin marağıdır. Azərbaycan ədalətə söykənir və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zamanlar da bunu bir daha nümayiş etdirdi. İndi də beynəlxalq münasibətlərdə ədalətin ardıcıl müdafiəçisidir. Bu baxımdan, bizə qarşı Ermənistanın təcavüzünə münasibətdə bəzi ölkələrin və bəzi təşkilatların ikili yanaşmasını müşahidə edərək, bunlara da zaman-zaman etirazlarımızı bildirmişik... Azərbaycan balans siyasəti yeridir, Cənubi Qafqazın lider ölkəsi olaraq Şərqlə, Qərblə, Şimalla, Cənubla eyni məsafədə münasibətlər qurur. Öz ərazisindən üçüncü dövlətə qarşı istifadəyə yol vermir və özünə qarşı da hansısa bir ölkənin ərazisindən olunmasına qarşı çıxır. Daha çox müttəfiqlər əldə etməyə çalışır. Ermənistanı daha çox neytrallaşdırmaq, Ermənistanı müdafiə edən ölkələri Azərbaycanın dostuna çevirmək, Ermənistanı iqtisadi cəhətdən təqatdən salmaq siyasəti yeridir. Cənab prezident Qərb ölkələri ilə də, Şərqlə, Şimalla, Cənubla da tam sərbəst şəkildə münasibətlər qurur və əlaqələr yaradır, rəsmi səfərlər edir. Vyetnama səfər də əvvəldən hazırlanan bir səfər idi. Vyetnam bu gün Hind-Çin yarımadasında sürətlə inkişaf edən bir ölkədir. Kimlərinsə təfəkküründə, kimlərinsə düşüncəsində Vyetnam sovetlər dövründəki Vyetnam kimi qalıbsa, bu adamlar görünür müasir Vyetnam haqqında az biligə malikdirlər. Müasir Vyetnam sürətlə inkişaf edən, sənayecə inkişaf edən ölkələr sırasındadır və bizim ikitərəfli əlaqələrimiz bizim hər iki xalqın, millətin xeyrinədir və Azərbaycan da özünün artan nüfuzundan istifadə edərək, əlaqələrini genişləndirir. Çinə səfər də zamanında olan bir səfərdir. Bəllidir ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çinlə Azərbaycan arasında ikitərəfli əlaqələrin ənənəsi var, tarixi var. Eyni zamanda, Prezident orada beynəlxalq tədbirdə iştirak edib və bu səfərlərə söykənərək kimlərsə bunu Azərbaycanın xarici siyasət kursunda artıq dəyişikliklər olunduğu kimi yozmaq istəyirlərsə, bunu bu cür təsvir edirlərsə, bu adamlar geopolitika ilə, politologiya ilə əlaqədar problemləri olan adamlardır. Bu, siyasətdir. Bu siyasətdə milli maraq öndə dayanır və onun üçün Şərqlə, Qərblə, Şimalla, Cənubla münasibətlər bütün sahələrdə olmalıdır.
- Bəzi dairələrin iddia etdiyi kimi, Azərbaycanın Şərq siyasətinə üstünlük verməsi nəticə etibarı ilə Qərb müttəfiqlərini özündən uzaqlaşdırmaz ki?
- Mən yenə deyirəm, "Şərq siyasətinə üstünlük verilməsi" termini kiminsə düşündüyü termindir. Heç bir tərəfə üstünlük verilmir. Bizim Avropa ölkələri ilə, ABŞ-la, Rusiyayla, İranla, Türkiyəylə münasibətlərimiz olduğu səviyyədə qalır. Sadəcə, bizim münasibətlərimizin sərhədləri genişlənir. İqtisadi münasibətlərimizin coğrafiyası genişlənir. Biz artıq 160 ölkə ilə ticari-iqtisadi əlaqələr saxlayırıq.
Ticari-iqtisadi əlaqələrimizin genişləndiyi bir dövrdə də biz sürətlə inkişaf edən Şərqin, Qərbin, Latın Amerikasının, Hind-Çin yarımadasının, Mərkəzi Asiyanın bütün ölkələri ilə əlaqələr qurmalıyıq. Ona görə bizim Çinlə, Vyetnamla, Komboca ilə, Paksitanla, Yaponiya ilə, Asiyanın digər nəhəng ölkələri ilə quracağımız münasibətlər Qərblə münasibətlərimizə hansısa bir kölgə sala bilməz. Bu gün həmin ölkələrlə Qərb ölkələrinin özünün yaxşı münasibətləri var. Digər tərəfdən, Azərbaycan hakimiyyəti, dövləti, Prezidentimiz İlham Əliyev dəfələrlə bildirib ki, bizim qurduğumuz münasibətlər üçüncü ölkələrə qarşı deyil və biz qurduğumuz münasibətlər zamanı üçüncü ölkəyə baxaraq istiqamət götürmürük. Bizim qurduğumuz münasibətlərdə bizim yönəldiyimiz və baxdığımız istiqamət milli maraqdır və buna söykənərək hərəkət edirik.
Kamil HƏMZƏOĞLU