RAUF ZEYNİ: "AZƏRBAYCANDA QƏBUL EDİLƏN QANUNLAR VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN VACİB BİR PLATFORMA, QANUNVERİCİLİK BAZASI FORMALAŞDIRDI"
Çağdaş dövrümüzdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi cəmiyyətin əsas hədəf və vəzifələrindən biri kimi çıxış edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu yol heç də hər zaman rahat deyil, bir çox hallarda enişli-yoxuşlu olub. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, nəticə etibarı ilə cəmiyyətdə özlərini təsdiqləyə biliblər. Vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti var. Bütün bu müsbət məqamların fonunda müəyyən problemlər və həllini gözləyən məsələlər var ki, bunlar da hələ ki, üçüncü sektorun qarşısında qət ediləcək yolun çox olduğunu deməyə əsas verir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətimizi də bu istiqamətdə qurduq.
(Əvvəli ötən sayımızda)
- Rauf müəllim, sizcə QHT-lər beynəlxalq əlaqələrini necə qurmalı, bu baxımdan hansı məqamları nəzərə almalıdırlar?
- Azərbaycan demokratık bir ölkədir. Ölkəmiz demokratik, bəşəri dəyərləri hər zaman üstün tutan, buna rəğbətlə yanaşan dövlətlərdən biridir. Elə bunun nəticəsidir ki, biz istər QHT sektorunda, istərsə də digər sahələrdə beynəlxalq aləmə açıq ölkəyik. Buna görə də hər bir sahədə beynəlxalq təşkilatlar, xarici ölkələr və digər qurumlarla mühüm əməkdaşlıq edərək, müstəsna əlaqələrə malikik. Dövlət tərəfindən yürüdülən mükəmməl siyasət nəticəsində nüfuzlu beynəlxalq qurumlarla qurulan əlaqələrin nəticəsidir ki, Azərbaycan dünyada, BMT səviyyəsində hesablaşılan ölkə kimi tanınır. Mütərəqqi, tolerant ölkə olan Azərbaycanda aparılan məqsədyönlü, ardıcıl siyasətin nəticəsində bura beynəlxalq dialoq, kültür, eləcə də mühüm tərdbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Sadaladığımız bütün bu məqamlar ölkəmizin məhz beynəlxalq aləmlə üstün əlaqələrinin olmasını göstərən nümunələrdəndir. Əksər dünya dövlətləri də Azərbaycanın tolerant, aşkar, demokratik ölkə olduğunu etiraf edir. Bütün bunlarla yanaşı, hazırda Azərbaycan kosmik ölkəyə çevrilib. Bu məqam da öz növbəsində ölkəmizin beynəlxalq aləmlə əlaqələrinin daha da güclənməsinə, nüfuzunun artmasına şərait yaradan cəhətlərdəndir. Ölkə olaraq konsepsiyamız ondan ibarətdir ki, neft ixrac edən ölkədən intellekt ixrac edən ölkəyə çevrilək. O cümlədən qara qızılı insan resursuna çevirməyi düşünürük. Bütün bunlar üçün isə beynəlxalq təcrübəni daha geniş şəkildə mənimsəməli, beynəlxalq aləmə inteqrasiya olunmalıyıq. Avropaya, beynəlxalq aləmə inteqrasiya yolunu tutan bir ölkənin üçüncü sektor təmsilçiləri olaraq biz bütün xarici təşkilatlarla maksimum səviyyədə və şəffaf şəkildə əlaqələr qurmağa çalışırıq. Çalışırıq ki, beynəlxalq təşkilatlarla daha böyük əməkdaşlıq imkanları, daha böyük tribunalar əldə eləyək. Əgər bu imkanları əldə edə bilsək, ölkəmiz haqqında daha geniş təbliğat apara, Azərbaycan həqiqətlərini, erməni işğalını rahat şəkildə beynəlxalq təşkilatların, xarici ölkələrin diqqətinə çatdıra bilərik. Eyni zamanda biz QHT-lər olaraq Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramını dəstəkləyirik. Biz də vətəndaş cəmiyyəti olaraq bu proqramda təmsil olunuruq. Yəni biz Qərblə bərabər, Şərqə də inteqrasiyaya maraqlı olan ölkəyik. Başqa sözlə desək, biz yalnız bir istiqamətlə deyil, bütün beynəlxalq təşkilatlar, qurumlarla əməkdaşlıq edirik.
Amma bütün bunlara baxmayaraq, QHT-lərin xarici əlaqələri bizi qane eləmir. Hesab edirəm ki, biz üçüncü sektor təmsilçiləri olaraq daha geniş imkanlar əldə etməli, əlaqələrimizi bir qədər də genişləndirməliyik. Təbii ki, bütün bunlarla yanaşı özümüzün milli-mənəvi maraqlarımızı, dəyərlərimizi qorumaqla beynəlxalq aləmə inteqrasiya etməklə vətəndaş cəmiyyətimizin inkişafına təkan verməliyik. Əlaqələrimizi elə səviyyədə qurmalıyıq ki, beynəlxalq təşkilatlar da bizim ərazi bütövlüyümüzü, erməni işğalını qəbul etsin və haqq səsimizin dünyaya, daha geniş ictimaiyyətə çatdırılması üçün bizə yardımçı olsunlar. Həmçinin beynəlxalq qurumlar üzərlərinə düşən vəzifələri yerinə yetirməklə, işğalçının ölkəmizdən çıxarılmasına, torpaqlarımızın işğaldan azad edilməsində bizə yardımçı olmalıdırlar. Biz beynəlxalq öhdəliklər qarşısında öz üzərimizə düşən öhdəlikləri yerinə yetirdiyimiz kimi, beynəlxalq təşkilatlar da vəzifələrini yerinə yetirməlidirlər. Onlar işğalçını öz adı ilə çağırmalı, haqqı görməzlikdən gəlməməlidirlər. Bu baxımdan biz üçüncü sektor təmsilçiləri olaraq beynəlxalq əməkdaşlığın daha geniş səviyyədə qurulmasında maraqlıyıq. Hesab edirəm ki, üçüncü sektor təmsilçiləri beynəlxalq əlaqələri quran zaman məhz yuxarıda sadalanan məqamları önə çəkməlidirlər. Beynəlxalq güclər erməni vəhşiliklərini görənə, buna layiqli reaksiyalarını verənə qədər biz mübarizə aparmalıyıq. Biz üçüncü sektor təmsilçiləri olaraq beynəlxalq əməkdaşlıqda maraqlıyıq.
Müasir dövrün tələblərinə uyğun olaraq biz hər zaman yenilənməli, ümumi inkişafdan geri qalmamalı, eyni zamanda milli dövlətçilik maraqlarını, milli mentaliteti qorumalı və bütün fürsətlərdən istifadə edərək həqiqətlərimizin daha geniş şəkildə duyulması üçün var qüvvəmizlə çalışmalıyıq. Bu baxımdan da yeni kadrlarımızı formalaşdırmalı, maddi-texniki bazamızı gücləndirməliyik.
- QHT-lərin fəaliyyətində dövlətçilik məsələləri, milli maraqlar nə dərəcədə rol oynayır?
- Bizim üçüncü sektor təmsilçiləri, xüsusilə Forumun üzvü olan QHT-lərin demək olar ki, hamısı milli maraqları, dövlətçiliyi, milli mentalitetimizi düşünən, atdığı addımlarda onu qoruyan təşkilatlardır. Bu, o demək deyil ki, sən milli maraqları, dövlətçiliyi qoruyan təşkilatsansa, hökuməti, hansısa məmuru tənqid edə və ya kiminsə hüququnu müdafiə edə bilməzsən. Təəssüf ki, hansısa təşkilatın milli maraqları müdafiə etdiyini dedikdə, bir çoxları bunu iqtidaryönlü QHT kimi başa düşür. Amma bu, belə deyil. Hesab edirəm ki, milli maraqlardan çıxış etmək, dövlətçiliyi düşünmək bütün üçüncü sektor təmsilçilərinin müqəddəs vəzifəsidir. Hər bir QHT milli-dövlətçilik maraqlarını qorumağı özünün şüarı müqəddəs vəzifəsi kimi başa düşməlidir. Biz bütün mənalarda dövləti, dövlətçiliyi, milli maraqları müdafiə edən təşkilatıq. Forumumuzun üzvü olan təşkilatlar da bu mövqedən olan təşkilatlardır. Amma bu bizim təşkilatlarımızın fəaliyyətinin məhdudlaşdırılması anlamına gəlmir. Çünki təşkilatlarımızın bütün fəaliyyəti azad, ədalətli şəkildə qurulur. Bütün üçüncü sektor təmsilçiləri, eləcə də Forumun üzvü olan QHT-lər istədikləri istiqamətdə azad şəkildə fəaliyyət göstərirlər. Bunun üçün onlara heç bir qurum tərəfindən hansısa maneələr yaradılmır.
(Ardı var)
Aqil LƏTİFOV