Orxan Pamukun “Məsumiyyət muzeyi” haqqında danışılası yox, susulası kitabdı. Mən isə, susacaq qədər istedadım olmadığından, danışmağı qərara almışam. Pamuku “Mənim adım qırmızı” romanıyla tanımışam.
İlk rəyimsə belə olub: “Çox uzunçudu”. Qalan hər şeysə, yerli-yerində, hətta deyərdim ki, möhtəşəm idi.
Bir cəhəti də nəzərə almaq lazımdır ki, orta əsr Osmanlı dönəmindən və rəngkarlıqdan çox da məlumatlı deyiləm. Pamukla ikinci rastlaşmam “Qara kitab”la oldu. Günlərlə havasında dolaşdığım kitablardan biridir.
Kitabı oxuduqca elə hiss yaranırdı ki, hadisəni (hekayəni) oxumuram, yaşayıram. İstanbulu şəhər kimi yox, canlı kimi görməyə başlamışdım. İstanbul hər küçəsi, hər dalanı, hər səkisiylə nəfəs alır, bir hekayə pıçıldayırdı. Pamuk heç nədən, heç kəsin adi vaxtda diqqət etmədiyi xırdalıqlardan böyük əsər yaratmağı bacaran biridir.
“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim...” – “Məsumiyyət muzeyi” bu cümləylə başlayır. Təkcə bu, çox şey anladır. Həqiqətən yaşadığımız anların qiymətini bilmirik, hər keçən saniyənin belə, ömrümüzdən getdiyinin fərqinə varmırıq. Ən xoşbəxt vaxtımızda da naşükürlük edir, “daha da xoşbəxt ola bilərdik, yaxud xoşbəxtlik bu deyil”, – düşünürük.
... “Həyatımın ən xoşbəxt anıymış, bilmirdim...”
Geri dönüb baxdınızmı? Xoşbəxt anları aradınızmı? Həyatınızın ən xoşbəxt anını yaşasanız da, fərqinə varmadığınız oldumu heç? Ən əsası da özünüzü xoşbəxt biri kimi görmək istədinizmi keçmişə baxanda?!
Orxan Pamukun ustalığı burasındadır ki, əsəri oxuduqca baş qəhrəman ortada əriyir, oxucu özü baş qəhrəmana çevrilməyə başlayır. Və hadisələr irəlilədikcə özünü İstanbulda hansısa küçədən keçərkən yaxalayırsan. Pamuku sevərək, anlayaraq oxuyan və İstanbulda yaşayan, ya da heç olmasa, ora gedən adam nə vaxtsa İstanbulun dar, alaqaranlıq arxa küçələrinin birində mütləq şəkildə özüylə rastlaşıb.
Məsələn, mən İstanbulun arxa küçələrində özümlə rastlaşdığımı çox xəyal etmişəm. Daha bir qəribə qanunauyğunluq da var ki, hər üç əsərdə baş qəhrəman öz hekayəsini danışır. Fərq odur ki, “Mənim adım qırmızı”da hər personaj, hər predmet özü baş qəhrəmandır və öz hekayəsini özü anladır. Adamlar da, rənglər də, küçələr də, hətta ölüm də...
“Məsumiyyət muzeyi”ndə mövzu daha dərindir. Baş qəhrəman “mən”dən savayı, həm də hisslərdir.
“Xoşbəxtlik yalnız insanın sevdiyinə yaxın olmasıdır”. Əsərin qayəsi elə budur. Və əlbəttə, anı yaşamaq, hər xırdalığı doya-doya, dadını çıxararaq, keçmişi də indi kimi yaşamaqdır. Əlimizdəkilərin dəyərini bilmək də var siyahıda, nələrisə saya salmamaq da... Kamalın kolleksiyasını mənalandırmağa çalışsaq, bu, bir növ bizim yaddaşımız, şüuraltımızdır. Eksponatlar, nümayiş etdirilən nümunələrsə zamanın (Pamukun dediyi kimi, Aristotelin zamanının) əlindən aldığımız, yaddaşımızda ilişib qalan anların, bizə əziz olan xatirələrin işartıları, qırıntılarıdır. Müəllifin ustalığını nəzərə çarpdıran detallardan biri də rəqəmlərdən istifadədir.
Pamuk hər hansı saydan istifadə edəndə bütöv onluq və ya yüzlüklərdən istifadə etmir, tam təsadüfi sayılacaq rəqəmlərdən yararlanır. Məsələn, Kamalın sevgilisi Füsunun çəkdiyi siqaret kötükləri... Kamal imkan tapdıqca bu kötükləri yığıb saxlayır, hətta hər siqaret kötüyünün hekayəsini danışır əsər boyu.
Siqaret kötüklərinin sayına diqqət edin: 4213. Heç bir tamamlanmış ədədlər silsiləsindən söhbət gedə bilməz. Buna görə də oxucu bunun həqiqət olduğunu düşünür. Hekayə oxucunun həyatına, oxucu da Kamala çevrilir. Bütün hissləri oxucu özü də yaşayır. Pamukun ustalığı da elə bundadır, xırdalıqlardan, bizim diqqət etmədiyimiz məqamlardan böyük əsərlər yaratmaq...
Daha bir diqqətçəkən məqam əsərdəki “Bəzən” başlıqlı hissədir. Bu hissə düz 137 cümlədən ibarətdir və hər cümlə “bəzən” sözüylə başlayır. Hissə ən adi məişət hadisələrini, gündəlik yaşantıları elə sərbəst, axıcı, gerçəkçi, sadə dildə anladır ki, heyran olmamaq mümkün deyil. Bu hissə Pamukun istedadını bir daha ortaya çıxarır. 137 cümlə və 137 “bəzən”...
Əsəri oxuduqca Orhan Pamukun zəngin mütaliəsinə, dünyagörüşünə, həyata və məişətdə baş verənləri müşahidə və analiz qabiliyyətinə heyranlıq adamı bürüyür.
Kitab müəllifin Kamalın dilindən dediyi və hər kəsin əslində xoşbəxt olduğunu, sadəcə, bunu anlamaq gərəkdiyini dilə gətirməsiylə bitir: “Hər kəs bilsin, çox xoşbəxt yaşadım”...
Hər kəs bilsin, xoşbəxtlik anlamaqdı...