(Kanada)
Patrik Vudkok Kanada şairidir, Azərbaycanda səfərdədir; hazırda yeni kitabını –Kanadada nəşr olunacaq “Hamını basdıra bilməzsən” (You can’t bury them all”(ECW Press, Canada, 2016) şeirlər toplusunu bitirmək üzrədir və elə bu məqsədlə də paytaxtımızdadır. O, sərbəst şeirlər və çoxsaylı pritçalar müəllifidir. 8 şeir kitabı çıxıb. Onun “Allahların əks-sədası və səssiz dağlar” ( Echo Gods and Silent Mountains(ECW Press, Canada – 2013) şeirlər kitabı 2013-cü ildə Kanadada nəşr olunub. “Həmişə Ananızdan qabaq ölün” ( Always Die Before Your Mother(ECW Press, 2009) adlı şeirlər kitabı isə ona daha çox uğur gətirərək bestseller kimi satılıb. Patrik Vudkokun şeirləri dünyanın 13 dilinə tərcümə olunub, müxtəlif poeziya festivallarında səsləndirilib, Bosniya və Hersoqovinada, Kolumbiyada, Sloveniyada, Serbiyada, İraqda, Gürcüstanda, İngiltərədə yayılıb. O, Kanadada iki il Ədəbiyyat dərgisinin poeziya şöbəsinin redaktoru olub. Mən Patrikin şeirlər kitabını tərcümə edərək çapa hazırlamışam və bu kitaba şairin Azərbaycanla bağlı şeirləri də daxil edilib. Patrik Vudkokun Bakıda nəşr olunacaq kitabından bir neçə ədəbi nümunəni oxuculara təqdim edirəm.
Patrik Vudkok, Kolumbiyada, Medelində keçirilən nüfuzlu ədəbiyyat festivalında şeirlərini oxuyur.
1 iyul epiloqu
Mən anadan olanda
valideynlərim
yazmadılar doğum tariximi;
Sonralar onlar da
minlərlə ata-analar kimi
mənə deyəcəkdilər:
anadan olduğun tarix bəllidi-
Ad günün
iyulun biridi...
Mənsə heç vaxt
bilməyəcəm doğum tariximi,
anadan olduğum günümü, ilimi...
Biz öləndə
görən nə olacaq?
Qəbir daşımızın üstündə
bəs nələr yazılacaq?
Gör bizə necə
əcayib başdaşı qoyacaqlar?!..
Ən qəmli mürəkkəb boyası
Sergey Yeseninin xatirəsinə
Mən bilmirəm
mürəkkəb boyasını yuyub aparmaq üçün
nədən istifadə edərmişlər;
Bilmirəm
söz necə yaranıb,
necə canlanıb, necə boy atıb?
Ya da
çəhrayı bir şeirin səkkiz sətrini
yazmağa
nə qədər mürəkkəb çatıb?!
Amma...qəti sözümdü,
bir qoca rus qadını tanıyıram:
onun muzeyi
mürəkkəb boyasının tozunu
silməkdən boyun qaçırıb.
Qəbiristanlıqda ağlayan qaraçı qızını görəndən sonra
İllər öncə mənə,
dünyadan təcrid olan
bir dağ kəndi barədə danışmışdılar;
Bu kənddə
əbədi gün işığı yanarmış,
havalarsa
daim soyuq olarmış.
Deyərmişlər ki,
kişini nəfəsinə görə oxuya bilərsən;
ya da-
heç vaxt qadının gözlərinin içinə baxma,
deyərmişlər,
ən düzgün cavabı
qadın dodağının titrəyişi pıçıldayır.
Bəli,
bu bir həqiqət idi –
o kəndin adamlarını ta əzəldən
hər kəs başa düşərdi
dodaqların tərpənişindən.
Uşaqlara
yeriməmişdən qabaq
bü
tün vacib şeyləri öyrədərdilər,
ən qorxulu yaş dövrünə çatanda-
(uşaqlıqla böyüklük arasındakı dövr ən qorxulu dövrdür!),
uşaqları uca dağların zirvələrinə
göndərərdilər!
Bütün Zamanlarda İncə sənət işini görməli olan
Danışmaq Universitetinə!
O dağların başında
görüşüb tanış oldu
iki sevgili aşiq!
Aşiq
şair kimi nəfəs almağı öyrənirdi,
Məşuq
heykəltəraş olmağı!
Biri-birini sevdilər,
Sevib aşiq oldular!
Gözəl günlər, xoş günlər sorağıyla
xəyallara daldılar!
Sənətin sevinc dolu illəri
gözləyirdi onları,
Qanadlanacaqdı həyat arzuları!
Lakin bir gün evə dönəndə,
yalnız kəndirlə nəfəs alan
qısqanc bir kəndli
onları qarşıladı,
Məktəbdən qovulmuşdu kəndli-
acıqlıydı,
əlindəki kəndiri ağacdan salladı-
amansızdı,
ilgəyi cavan aşiqin boynuna keçirib
ağacdan asdı onu...
Vəssalam,
bu da yazının sonu.
O məşuq qızı
hələ də görmək olur,
bu günə kimi o qız
oturub
asılmış oğlanın
yellənən meyiti altında-
ağzı yumuludur-
danışmır, susub,
Əlində
iynə-sap var yalnız!
Çəhrayı delfinlər və ölmüş anamla birlikdə üzəndə
Biz yaşa dolanda hamımız müxtəlif cür görünürük. Sənin rəngin də ən azı bir dəfədən çox dəyişir. Yadıma gəlir ki, bir vaxtlar sən sarıya çalırdın, sonra ağ rəngdə oldun, özü də lap ağappağ. Mənim birgə üzdüyüm çəhrayı delfinlər də gah mavi rəngə çalardı, gah yaşıl, gah da boz rəngdə olardı. Bəlkə elə biz öləndə çəhrayı rəng daha yaxşıdı... Mən bilmirəm hansı rəngdə olacam-dərimin quruluşu mənə gön dərili gödəkçə rəngini də verə bilər. Sən həmişə məni irland kostyumunda görmək istəyirdin, o kostyumu xoşlayırdın. Mən indi üzürəm, üzəndə o yadıma düşür. Biz ilk dəfə onları cəmi bir saat əvvəl görmüşük. Deyirlər, Puerto Narinodakı muzeydə delfinlər üzgüçülərə və balıqçılara hücum ediblər. Lakin mən hələ də suyun içindəyəm, bizim müxtəlif dünyalarımız barədə düşünürəm. Delfinlər böyür-başıma fırlanır və bizim bələdçimiz bağırır:”Tez ol, qayığa qayıt!”
Lakin mən qayığa qayıtmaq istəmirəm, bununla da sənə daha yaxın olduğumu hiss edirəm. Tutqun qəhvəyi suyun içinə baş vurduqca və maraq məni bürüdükcə...
Bu gecə yaman zülmətdir, ana! Mən çayın dibinə baş vururam...Mən bir daha tənha qalmaq istəmirəm. Əgər delfinlər bunu edə bilirlərsə, onda mən də bunu bacararam. Mən suda olan kimi elə bil onlardan biri oluram. Mən delfinlərin dalınca düşürəm, onlar kimi üzürəm. Mən onlara qarışıram, yüzlərlə, minlərlə delfin kimi olmaq istəyirəm, ana! Və mən delfin ordusu yaratmaq istəyirəm ki, onlar məni mənim dünyamdan sənin dünyana aparsınlar. Mən öz uşaqlarımın çiyinlərində gələcəyəm, ana!
Səhər ayılanda Amazonun ruhu mənim ağzımdan çıxırdı.
Yenə qayıdıb suya baş vururam, günəş daha görünmür. Mənim ayaqlarım var və mən yenə o delfinləri axtarmağa çalışıram. Öz ailəmi görmək üçün bütün günü gözləyə bilmərəm ki! Kimsəyə ehtiyacım var. Mən daha yalqız qala bilmərəm. Ana, bax, delfinlərdən biri mənim qarşımdadır, elə gözəl gözləri var ki! Bilirəm, kabusların ömür həddini yaxşı bilirəm. Amma bu gözəl gözlər mənim xatırladığım sonuncu şeydir. Sən çarpayıda oturmuşdun. Bilirdin ki, bir daha olmayacaqsan. Sən ağlayırdın. Sən rəngini dəyişmişdin. Sənin gözlərinin içinə baxdım və o gözlər əbədi olaraq yaddaşımda mənim qorxum kimi qalacaq. Sən komaya düşəndə mən sənin ümidin ola bilmədim, o gün əlimdən heç nə gəlmədi. Gərək arxa qapını açıb səni gölə sürüyüb gətirəydim. Sən dəyişirdin, sən mənim dünyamı tərk edirdin; sən mənim anlaya bilmədiyim dünyamı tərk edirdin. Ana, xahiş edirəm, yalvarıram, qoy delfinlərdən biri məni sənin yanına aparsın. Tut qollarımdan birini, dart. Nəsə elə, ana, təki burda mənimlə qal.
Azərbaycan gündəliyindən
Şəhidlər günündə
Şəhidlər günündə qara paltarlı adamlar,
ata-analar, bütün ailələr,
atalarının boynunda oturub
kədərli baxışlarını izdihama zilləyən uşaqlar...
Şəhidlər günündə
axışır...
hamı ağır-ağır
Şəhidlər xiyabanına axır-
şəhid məzarlarına qırmızı qərənfillər düzmək üçün,
öz dərdlərinə gül səpmək üçün...
Bu qədər itkini
həqiqətin üzünə çırpmaq ağırdı,
Qorbaçovun qətliamı-
utanmaz əməl adamı!
Ağırdı, çox ağırdı bu qəhər,
Həqiqətdi bu acı kədər!
Görəsən
şəhidlər günündə
Raisa Maksimovna
sevgi oyunlarıyla öyünürdü?
Ya bəlkə hardasa
xeyriyyə işləri barədə düşünürdü?
Yox!
Bu xudbin siyasətçilər
yalnız özlərini düşünürlər!
Hakimiyyət – onların gücü,
hər zaman ölkəni istədikləri kimi fırladırlar.
Gizlidi hər zaman niyyətləri,
soyuqqanlı yalanları,
soyuqqanlı xislətləri!
Hörümçək torlarıdı
toxuduqları!
Elə ki gördülər duyuq düşürük,
Zərbə endirirlər,
ölürük biz də-
Şəhidlər günündə.
Ölmüş canavar və ölmüş şair gözləri
Gecələrin birində Vilfred
məni bir çardağa gətirdi,
dostunun gülləylə vurub
öldürdüyü
canavarı göstərdi...
Canavar qaraydı, qanlıydı,
üfunət iyi verirdi...
Sonradan
günlərlə mənim gözümə göründü
bu vəhşi azman...
Mən tənha olanda
o da gəlib dururdu
gözlərimin önündə;
dəmir boru götürürdüm
hər zaman əlimdə,
pencəyimin qolunda
gizlədirdim həmişə,
Özümü qorumaqçün
yaman düşmüşdüm işə...
Dəmir borunu mən
hər yana daşıyırdım,
bütün istehka
mlarda
mənim ümidim idi,
O boru Makkenzinin
don vurmuş sularında
mənim köməkçim idi...
Lap bu dəmir parçası
mənim silahım idi-
qorxudan ayaqlarım
əsim-əsim əsəndə
zərbə endirmək üçün
yaxşıca yarayırdı.
O soyuq silah növü
cürətli etmişdi məni,
güc də vermişdi mənə....
Canavar səslərindən
daha qorxum yox idi:
Patrik, sən
o dəmir parçasını
qaldırıb var gücünlə
elə vurmalısan ki,
canavar ölməlidir!
Mənə yaşlı adamlar
qədim bir rəvayətin
müxtəlif versiyalarını danışmışdılar-
onların canavarla
mifik əlaqəsi də var:
Deyirlər,
qədimlərdə
bir azman canavar
bir komaya hücum edib,
orda yatan qadının
başını parçalayıb.
Komaya girəndə onu
heç kim görə bilməyib,
Adamlar
döşəməyə fışqıran qan səsini eşidib,
bir də
ağızdan tökülən suyu...
Komadan yanan peçin
gurultusu da gəlib.
O vaxtdan üç il ötüb
İndi mən Bakıdayam,
Bu qədim şəhərdə
oturub
gözlərimi zilləmişəm
Rahib Həsənovun yaratdığı
şair Əlağa Vahidin heykəlinə-
mat qalmışam bu sənət əsərinə.
Elə bil şairin beyninin içi görünür-
diqqətlə baxanda
ordan şairin xarakteri
bəlli olur.
Burda Şərq-Qərb
dəyərləri toqquşur,
Ziddiyyətlər öpüşür, coşur...
Burda bir az sərxoşluq,
bir az da çal-çağır var.
Bu sənət əsəri
elə bil
dərinin üstünə qoyulan
süni saç kimidi-
dincəlir.
Bəzi görüntülərdən nifrət hissi də yağır,
bəziləri mübahisə doğurur,
əks etdirir qarışıq aləmi,
ya da elə
o qədim rəvayətə
qaytarır adamı...
Bəlkə elə o nağıldakı kimi
daha bir diş götürməyə,
daha bir həmlə etməyə
hazırlaşır?
Lakin
bu heykəl gözlərdən
təxminən dəli bir adamın baxışları baxır,
məni də saatlarla burda yubadıb saxlayır.
Vahid kədərli görünür,
Vahid acıqlı görünür,
onun qana ehtiyacı var...
Makkenzi çayının üstündə indi
əlimdə dəmir boruyla yalqız qalanda
mənim gözlərim də
onunku kimi olur sanki.
Yəqin
o çardaqdakı gülləylə öldürülmüş
canavarın gözləri də
ölməmişdən qabaq belə olub,
acıqlı, açıq və qanlı..
Biz hamımız
bədbəxt hadisəylə həyatımızı bitirəndə,
sopsoyuq stolun üstünə qoyurlar bizi...
ayağımızın ucuna
birka taxırlar,
həkimlər də beynimizi
sanki mistik bir rəvayət axtarışıyla
yarıb açırlar.
İngilis dilindən çevirəni:
Kamran Nəzirli