|
|
|
|
Bugünlərdə yazıçı Şövkət Zərin Horovlunun ikicildliyi nəşr ediləcək. İkicildlikdə yer alan əsərlər barəsində yazıçı ilə söhbətləşdik.
Şövkət Zərin Hüseynova Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Qızıl qələm", "Rəsul Rza" mükafatları laureatı Şövkət Zərin Horovlu altı şeir və poemalar, üç uşaq şeirləri kitabları, roman və povestlərin müəllifidir. Qarabağ hadisələrindən bəhs edən "Arazdan gələn səs" romanı 2010-cu ildə "ilin kitabı" elan olunub, Türk törə ocağı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun mükafatı və diplomu ilə təltif edilib.
Yazıçı hər iki cilddə yer alan əsərlər haqqında söz açıb:
" Son kitabım "Ürəyim dan yeridir" şeirlər kitabıdır. Bu həftə ikicildliyim çapdan çıxacaq. Birinci cilddə "Arazdan gələn səs" romanımın davamı kimi "Köynək" romanı və Əfqanıstan xalq Demokratik Respublikasının aprel inqilabından bəhs edən "Oxunmamış zərf" povestim və Qarabağ hekayələri yer alıb. İkinci cilddə isə Pişəvəri hərəkatı, 1979-cu il İran inqilabı və bu dönəmlərdə Azərbaycan türklərini başına gələn müsibətlər barəsində qələmə aldığım "Tale yolu" romanım və "harda axtarım səni" adlı Qarabağ hadisələrini də işıqlandıran məhəbbət povesti öz əksini tapıb".
Şövkət Zərin Horovlu Qarabağ münaqişəsi haqqında silsilə üç roman nəzərdə tutduğunu, onlardan ikisinin "Arazdan gələn səs" və "Köynək" romanlarından sonra da "Qisas" romanının çap olunacağını bildirib.
Yazıçı "Oxunmamış zərf" romanının yazılma tarixçəsi haqqında fikirlərini də oxucularla bölüşüb: "Kitabım çap olunmaq ərəfəsində idi. Neft Akademiyasının professoru, kafedra müdiri olan həyat yoldaşımı Əfqanıstana Politexnik İnstitutuna dərs deməyə göndərdilər. İki körpə övladımızla birgə mən də onunla getdim. Orda üç il yaşadıq. Əfqanıstan müharibəsinin dəhşətlərini, o qırğınları görmüşəm. Əslində 20 Yanvar faciəsindən sonra "Oxunmamış zərf" yazmağa qərar verdim. 20 Yanvar faciəsi mənim gözlərim önündə baş verib. Bu faciədən sonra Əfqanıstanda aparılan müharibənin fonunda da vaxtilə "Qızıl Ordu" deyib fəxr elədiyimiz işğalçı rus ordusu haqqında düşündüklərimi qələmə almağın vaxtı yetişdiyini hiss elədim. Bu ordunun törətdiyi müsibətləri orda-Əfqanıstanda da, burda-Bakıda da görüb, iki xalqın oxşar taleyini qələmə aldım. İki xalqın tankların altında əzildiyini burda da, orda da görmüşəm. Bu əsər işğalçı orduya qarşı nifrətimi, daxilimdəki çevrilişi özündə ehtiva edir. İntiqam Qasımzadəyə də təşəkkür edirəm ki, həmin povesti "Azərbaycan" jurnalında çap edib.
Bir il sonra-1979-cu ildə Əfqanıstana İran mühacirləri gəlmişdilər, "Tale yolu" romanım da o mühacirlərlə ünsiyyətim, söhbətlərim əsasında ərsəyə gəlib. Romanda Şimali Azərbaycandan Təbrizə gedib düşən azərbaycanlı qızı-Fatmanın timsalında xalqımızın tale yolunu yazmışam. Fatma görməzə-bilməzə öz məhəbbətini ardınca Təbrizə gedir, sonra onu rus casusu, bolşevik kimi həbs edirlər. Həbsxanalarda ikən müəyyənləşdirir ki, o öz xalqının tale yolunu yaşamalıdır. Oxucuların yeni əsərlərimi də bəyənəcəyinə ümid edirəm".
S. Abdullayeva