- Eldar müəllim, qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Bildiyiniz kimi, hər seçki-xüsusilə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda gərginlik yaradılmağa cəhdlər göstərilir. Bu baxımdan, növbəti seçkilər, xüsusən də parlament seçkiləri ərəfəsində Azərbaycanda növbəti gərginlik yaşadıla , hansısa ssenarilərə cəhdlər baş verə bilərmi?
-Mən heç cür inanmıram ki, 2015-ci ilin parlament seçkiləri ərəfəsində və ya ondan sonra ölkəmizdə hansısa gərginlik, qarşıdurma yaşansın. Çünki bizim ölkədə əmin-amanlıq, sabitlik, dinamik inkişaf var. Bu əmin-amanlığı, sabitliyi də yaradan, onu qoruyub - saxlayan bizim möhtərəm Prezidentimizdir. Ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu 11 il ərzində ümummilli lider Heydər Əliyev siyasətini, siyasi kursunu çox yüksək səviyyədə və məharətlə həyata keçirir. Bu gün bizim bütün ölkələrlə yaxşı münasibətlərimiz var.
Əlbəttə, hərdən ani olaraq fikirləşəndə narahat olursan ki, məlum Ukrayna hadisələrinin və ya yaxın-uzaq digər ölkələrdə yaşanan olayların ola bilsin ki, sabah Azərbaycanda da yaşanmasına, təkrarlanmasına cəhdlər olsun, biz də hansısa təsirlərə məruz qalaq. Ancaq ölkəmizin mövcud reallıqları, daxili ictimai-siyasi sabitlik bunları birmənalı olaraq mümkünsüz edir. Başqa cür qəbul olunmasın, mən Prezidentimə çox inanıram. Onun savadına, qabiliyyətinə, apardığı müstəqil siyasətə inanıram. İnanıram nə qədər ki, İlham Əliyev var, o, ölkə Prezidentidir, Azərbaycanda əmin-amanlıq, sabitlik olacaq və Azərbaycan öz müstəqilliyini daim saxlayacaq, öz müstəqilliyini heç vaxt əldən verməyəcək.
Ola bilsin ki, biz kimlərləsə əməkdaşlığı daha da genişləndirəcəyik, ona daha da yaxın olacağıq, ola bilsin ki, kimlərdənsə uzaqlaşacağıq, yəni, bunları zaman göstərəcək. Amma ümumilikdə götürəndə proqnozum odur ki, ən azı yaxın 5-6 il müddətində inanmıram ki, Azərbaycanda nəsə bir hadisə baş versin və o da parlament, yaxud, prezident seçkilərinə təsir edə bilsin. Mən ona inanmıram, onu görmürəm.
"Parlamentdə yeniləşmə olmalıdır"
-Necə hesab edirsiniz, hakim partiya qarşıdan gələn parlament seçkilərinə də indi deputat korpusu ilə gedəcək, yoxsa, namizədlərin irəli sürülməsi və dəstəklənməsi məsələsində ciddi dəyişikliklər edəcək? Çünki artıq mətbuatda indidən belə versiyalar, iddialar yer almaqdadır ki, indi YAP-çı deputatların böyük əksəriyyəti 2015-ci ili seçkilərində kənarda qalacaq, daha sədaqətli və daha etibarlı YAP-çılar namizəd irəli sürüləcək...
- Təbii ki, Yeni Azərbaycan Partiya
sında bu gün partiyamıza sadiq insanlar çoxdur və seçilən deputatlar da hamısı partiyamıza sadiq insanlardır. Amma belədir ki, hər parlament seçkilərində yeniləşmə olmalıdır. İstəsək də, istəməsək də, bu, olmalıdır. Amma mən eyni zamanda hesab edirəm ki, parlamentdə sırf peşəkarlar olmalıdır.
Nazir, məmur vəzifəsindən fərqli olaraq burada yazı işidir, burada qanunlar hazırlanır, qəbul olunur. Ölkəni də qanunlar idarə edir və həmin qanunlardan da irəli gələrək icra strukturu öz işini qurur. O baxımdan nə qədər qanunvericilik işini yaxşı bilən adam və təbii ki, ölkədə hörməti , nüfuzu olan adamlar varsa, onlar parlament üzvü olmalıdır...
"Qanun yaradıcılığını bu gün yaxşı bilməyən adamdan daha da pisi sabah parlamentə gələcəksə, onda kimə lazımdır ki?"
-Onu da qeyd edək ki, əvvəlki seçkilərlə müqayisədə, sonuncu çağırış parlament seçkilərində parlamentə seçilənlər arasında biznes nümayəndələri, iş adamları nisbətən üstünlük təşkil edir. Sizcə, parlamentdə biznesmenlərin, iş adamlarının olması yaxşıdır, yoxsa?...
-Bilirsiniz, bu suala birmənalı cavab vermək mümkün deyil. Hər şey seçicinin iradəsindən, seçimindən asılıdır və seçicinin də seçiminə hörmətlə yanaşmaq lazımdır. Seçicinin seçiminə heç cür müdaxilə etmək olmaz. Eyni zamanda belə hesab edirəm ki, biznesmendənsə, iş adamındansa qanun yaradıcılığını bilən adamlar parlamentə seçilsə, daha yaxşı, daha vacib olar.
O ki qaldı indiyə qədər Yeni Azərbaycan Partiyasının tərkibindən seçilənlərə, elə bilirəm ki, onların hamısı yaxşıdır, öz işlərini bilən insanlardır. Bununla belə, inanıram və hesab edirəm ki, gələcək seçkilərdə də yenilik hökmən olacaq. İstəsək də, istəməsək də, inansaq da, inanmasaq da,bu, olacaq , yenilik mütləq olacaq və olmalıdır.Eyni zamanda, arzu edərdim ki,bu dəyişiklik, yeniləşmə daha yaxşı və daha müsbət tərəfə olsun. Yoxsa qanun yaradıcılığını bu gün yaxşı bilməyən adamdan daha da pisi parlamentə gələcəksə, onda kimə lazımdır ki?
Yəni, yaxşılarının yaxşısını seçməliyik. Qeyd edim ki, hər seçkidə də bu istiqamətdə işlər gedir və hər dəfə də demək olar ki, yaxşıların yaxşısını seçə bilirik, seçirik. Partiyamızın sədri başda olmaqla, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, İcra Katibliyi, İdarə Heyəti hamılıqla çalışırıq ki, yaxşı insanları namizəd irəli sürək və onların parlamentə üzv seçilməsinə nail olaq. Amma təbiidir, bəzən təsadüfi adamlar da olur və bəlkə yenə də olacaq. Bunu da təbii qəbul etmək, düzgün saymaq olar.
Amma yenə deyirəm, mən onun tərəfdarıyam ki, çalışıb sağlam insanlar seçək, savadlı insanlar seçək, heç olmasa bir qanunu oxuyan, başa düşən birisini seçək, yəni, elə adamlar olsun ki, qanunları,Konstitusiyamızı bilsinlər. Lap biznesmen, iş adamı olsun, ancaq savadlı olsun, iş görə bilsin, yazı, qanun yaza bilsin, oxuya bilsin, bilsin ki, nə var, nə yox...
"İqtidarın ünvanına böhtanlar yağdırırlar, cavab vermirsənsə, onda parlamentdə nə işin var?"
-Bir məsələ də var ki, indiyə kimi keçirilən seçkilərdə YAP parlament çoxluğu əldə etsə də, ancaq fəal, aktiv, sabit millət vəkilləri təxminən eyni insanlardır, təxminən 30-35 nəfər...
-Tanıdığımız, belə demək mümkünsə, sabit deputatlar Yeni Azərbaycan Partiyasının ən önəmli elektoratıdır. Onlar, əlbəttə, dəyişilməməlidir. Çünki bizim partiyamız prezidentin partiyasıdır, iqtidar partiyasıdır. İqtidarın ünvanına danışan adamlara kim cavab verməlidir? O birisilər cavab vermir, özlərini çəkirlər kənara. İqtidarı söyürlər cavab vermirsən, parlamentdə danışmırsan, parlamentin iclaslarına da bəzən heç gəlmirsən, onda həmin parlamentdə sənin nə işin var? Fəal adam odur ki, iclaslara gəlir oturur, qanunvericilik yaradıcılığı ilə məşğul olur, komitələrin iclaslarında fəaldır, əlbəttə, bu adamlar bizə lazımdır. Bu adamlar parlamentə seçilməlidir. Eyni zamanda bunları kimisə ürəyimdə nəzərdə tutub onun ünvanına demirəm. Mən şəxsən Eldar İbrahimov kimi deyirəm ki, parlamentdə, tutaq ki, az danışan və ya danışmayan insanlar hamısı bir-birindən yaxşı insanlardır, tərbiyəli insanlardılar və ən başlıcası odur ki, onlar ölkəsini, xalqını, prezidentini sevən insanlardır.
Kamil HƏMZƏOĞLU