Qubada yerləşən "Yaşıl Teatr"da VIII "Tələbə baharı" Festivalının qala konserti keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, ATGTİ-nin sədri Şahin İsmayılov və digər şəxslər iştirak ediblər.
Quba şəhərində baş tutan festivalda 9 universitetin 200-dən çox tələbəsi 28 nömrə təqdim edib. Festivalın sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin diplomları və hədiyyələr təqdim olunub.
Festivalın keçirilməsində məqsəd tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.
Qeyd edək ki, aprelin 2-3-də Festivalın seçim mərhələləri keçirilib və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirib.