Sena çay deyil, həm də zamandı,
Gülüş, arzu, göz yaşı, gümandı.
Parisin
pənah gətirdiyi imandı.
Zaman bu şəhərin tən ortasından axır.
Hər iki sahildən zamana baxır
Paris... Paris...
Qonaqları bahar quşları kimi gəlir,
Bahar çiçəkləri kimi gülür,
Üstünə çiçək yağışı kimi tökülür,
Payız quşları kimi gedir.
Gedən hər qonağın gözlərində
Parisdən bir az işıq, bir az isti olur.
Vətənin daha çox sevir,
qəlbində bir az da parisli olur.
Deyirlər axı:
"Anası bilər lalın dilini"
Elə ki, görürəm Xəzərin sahilini
Ürəyim uşaq kimi qışqırır:
Mersi Baku, Bakı!
PARİSİN KEŞİKÇİLƏRİ
Paris çinarlar şəhəridi,
Tarixi Napoleondan çox o yanadı,
Sena
çayından çox bəridi...
Çinarları yolların iki tərəfində
"Düzlən!!!" əmri ilə düzülən,
Sərkərdəsini gözləyən Napoleon əsgəridi.
Əlbət ki, çinarlar da quruyur,
Amma yerinə yenisini əkirlər.
Parisi mədəniyyəti qoruyur,
Keşiyini çinarlar çəkirlər.
EŞQİN QƏZASI
(Diana qəzaya düşən yerdə, Azadlıq məşəlinin rəmzi kimi bir parça işıq yanır)
Mahnı mətni
Senanın sahilində,
Diana ölən yerdə
Aşiqlər görüşəndə,
Eşq oduna düşəndə
Sevənlər öz dilində
Qəzaya eşq deyirlər,
Eşqə qəza deyirlər,
Gözəl qəza deyirlər.
Kimsə əlindən salıb,
Azadlıq məşəlindən
Bir parça işıq qalıb.
O yerdə, o məkanda,
Elə həmin o anda
Eşqi qəza saydılar,
Qəzanı eşq saydılar,
Yeni cəza saydılar.
Sevənlər bura gələr,
Burda görüşmək istər.
Eşq adlı bir atəşə,
Qəzaya düşmək istər.
Ölüm-sevgi həyatın
Ən qəribə təzadı.
Burda eşqin təzə adı;
Haqdan gələn qəzadı.
BELƏ OLAYDI
Hər gün yoxlanıla
ürəklərdən keçən
fikirlərin kardioqramması.
Yazıla həsi, yoxu, əmması.
Fikirlərin
ağı, qarası yazıla,
Ağı çox ola,
qarası az ola,
Heç kəs maskalana bilməyə,
Hər kəsin içi kimi üzü ola.
Hər kəsin ovcunda
ürəyinin sözü ola.
Hər gün
səhərin qapısından keçəndə
bunları göstərəsən günə.
Görək səhər səni buraxacaqmı
işıqlı dünyaya, yeni günə,
bu müqəddəs insan evinə!