“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında “Büllur sarayda” tamaşasının premyerasına həsr olunmuş mətbuat konfransı keçirilib. Tamaşanın teatrın həyatında çox vacib və əhəmiyyətli bir hadisə olduğunu vurğulayan S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski deyib: “İlyas Əfəndiyevin əsərləri həmişə aktualdır. “Büllur sarayda” belə bir əbədi suala cavab axtarır: əhəmiyyətli olan nədir? mənəviyyat, yoxsa maddiyyat ? Müəllif müxtəlif personajlardan ibarət maraqlı qalereya yaratmağa müvəffəq olub. Dekorasiya üzrə rəssamlar Səkinə Zeynalova və Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova tamaşanı baxımlı etmək üçün gözəl fon yaradıb”.
Aktrisa Həcər Ağayeva bildirmişdir ki, İlyas Əfəndiyevin pyesində Aynur rolunu ifa etmək onun üçün böyük şərəf və məsuliyyətdir.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Büllur sarayda” tamaşasının premyerası mayın 30-da S.Vurğun adına Azərbaycan Dövlət Rus dram Teatrında olacaq.
Tədbir İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq keçiriləcək. Pyes Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi əsasında səhnələşdirilib.
S.ABDULLAYEVA