Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Enerji və Təbii Sərvətlər Agentliyinin Neft və Qaz Divizionunun direktoru Ryo Minaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev Azərbaycan-Yaponiya münasibətlərinin yüksək templə inkişaf etdiyini bildirib, Yaponiya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdə həyata keçirilən layihələrdə fəal iştirakını qeyd edib. O, Yaponiya şirkətlərinin və ixrac-idxal bankının ARDNŞ-nin Türkiyədə həyata keçirdiyi “Star” neft emalı zavodunun inşası layihəsinə qoşulduğunu diqqətə çatdırıb.
R.Minami Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında bu ilin fevralında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri zamanı ətraflı məlumat aldığını deyib. O, Yaponiyanın “Impex” və “Itochu” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçılarından olduğunu, yapon şirkətlərinin Bakı-Tbilisi-Ceyhan kəmərlərinin payçıları arasında da yer aldığını diqqətə çatdırıb. Hər iki layihə üzrə işlərin uğurla davam etdiyini söyləyən qonaq Yaponiya hökumətinin bu layihələrə böyük önəm verdiyini vurğulayıb. R.Minami Yaponiya hökumətinin ARDNŞ ilə əməkdaşlığın genişləndirilməsində də maraqlı olduğunu qeyd edib.
Ölkəmizdə həyata keçirilən enerji layihələri çərçivəsində Xəzər hövzəsində hasil olunan karbohidrogenlərin dünya bazarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən neft və qaz kəmərləri sisteminin yaradılması və fəaliyyət göstərməsi haqqında məlumat verən R. Abdullayev Yaponiya şirkətlərinin bu layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirib, ARDNŞ ilə onlar arasında müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan bəhs edib.
Görüşdə belə bir fikir vurğulanıb ki, Azərbaycanla Yaponiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması enerji sahəsində əməkdaşlığın daha da genişlənməsinə etibarlı zəmin yaradır.