|
|
|
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi "Münaqişənin insan faktoruna vurduğu ziyanla bağlı tədqiqatların davamlı aparılması" layihəsini həyata keçirir. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində işğal faktı nəticəsində insan resurslarına dəymiş ziyan araşdırılıb.
Layihənin həyata keçirildiyi müddətdə Füzuli rayonundan olan məcburi köçkünlərə və ümumilikdə rayona bir çox sahələrdə Ermənistanın işğalı nəticəsində vurduğu ziyan araşdırıldıqdan sonra toplanmış faktlar nəticəsində hesabat hazırlanıb. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan Dəyirmi Masada hesabat və keçirilən sorğunun nəticələri ictimaiyyətə açıqlanıb. Həmin tədbirdə müxtəlif ekspertlərin, QHT təmsilçilərinin hesabatla bağlı fikirləri səslənib. Bu araşdırmalarla bağlı bəzi məqamları diqqətinizə çatdırırıq.
Füzuli rayonuna müasir qiymətlərlə aparılan indeksləşməyə uyğun olaraq, ümumilikdə işğal nəticəsində dəymiş zərərin məbləği 12 milyard manatdan artıqdır. Araşdırmalar nəticəsində məlum olub ki, Füzuli rayonunun işğalı nəticəsində 21 il müddətində itirdiklərimiz 10 milyard manata yaxındır. İlkin hesablamalara görə, həm işğal nəticəsində və ümumilikdə işğaldan ötən 21 il müddətində ziyanın həcmi təxminən 22 milyard manatdan artıqdır. Onu da qeyd etmək istərdik ki, bu rəqəmlər ilkin hesablamalardır. Rayon ərazisində mövcud olan qəbirstanlıqların, tarixi abidələrin, torpaq sahələrinin hesablanması hələ ki, tam başa çatmayıb. Gələcəkdə bu sahə daha geniş araşdırılıb qiymətləndirildikdən sonra bu rəqəmlər şübhəsiz ki, 30 milyard manatı keçəcək. İşğal faktı Füzuli rayon iqtisadiyyatını 40- 50 il geri salıb.
Füzuli rayonun səhiyyə strukturlarından aldığımız məlumatlara görə, həmin ərazi üçün xarakterik olmayan şəkər xəstələrinin sayında artım sürətlə davam etməkdədir.
Belə ki il ərzində bu artım tendensiyası həmin ərazidə yaşayan əhalidə 400- 500 nəfər təşkil edir. Ürək-damar xəstəliklərinin artım sayı il ərzində 500 nəfərə yaxındır. Əsəb xəstəliklərinin artım tempi isə il ərzində rayon əhalisinin sayına görə, 20 faizdən artıqdır.
Bu münaqişə azyaşlı uşaqlarda da bir sıra fəsadlar yaradıb. Uşaqlarda ən çox nevroloji xəstəliklərdə xeyli artım var . Hazırkı dövrdə dünyaya gələn uşaqların 30 faizində bu xəstəlik müşahidə olunmaqdadır. Bundan əlavə məcburi köçkün uşaqlarının, yəni işğaldan əvvəl öz rayonunda doğulan və sonradan Bakı və ətraf qəsəbələrdə yaşayan məcburi köçkün uşaqlarında adaptasiya çox çətin olub. Məlumatlara görə, öz yaşayış yerini dəyişdiyinə görə, hər 10 uşaqdan 7-də müxtəlif xəstəliklər aşkar olunub.
Qaçqın və məcburi köçkün uşaqların fiziki inkişafın müayinəsi nəticəsində alınmış göstəricilərin əsasında harmonal fiziki inkişafın proqnozlaşması aparılıb. Belə ki, vaxtılə çadır şəhərciyində yaşayan azyaşlılarda kəskin disharmonal inkişafın ehtimalı orta hesabla 39,4% təşkil edib, şəhər şəraitində yasayan, yəni məcburi köçkün olmayan azyaşlılarda bu rəqəm 12,8% təşkil edib. Onu da qeyd etmək istərdik ki, Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini dağıdıb. Belə ki Füzuli rayonu ərazisində 190 mədəniyyət müəssisəsinə ciddi ziyan dəyib.
Onu da qeyd etmək lazımdır ki, bu gün işğal altında qalan Füzulinin 700 kv. km ərazisi ermənilər tərəfindən yandırılıb. Bu torpaqlarda təxminən 200 hektar meşə fondu tamamilə məhv edilib. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Özünəməxsus təbiəti olan Füzuli rayonu ərazisində yaşı təxminən 200 ildən 1 400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılaraq işğala qədər mühafizə olunub. Təəssüf ki, indi bu qiymətli sərvətlər ermənilər tərəfindən məhv edilməkdədir. Həmçinin Araz çayından Horadiz qəsəbəsində götürülmüş su nümunələri analiz edilmiş və həmin ərazidə çirklənmənin həddi 50 faizdən artıq olduğu təsdiqlənmişdi..
Müharibə nəticəsində insan faktoruna vurulan zərərin öyrənilməsi və günahkar tərəfdən zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı dünyada müxtəlif təcrübələr var.
Biz ötən layihəmizdə olduğu kimi bu araşdırmalarımız dövründə həmin təcrübələri dərindən öyrənməyə çalışdıq. Yalnız bir faktı qeyd etmək istərdik: Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına (yəhudilərə) 1 milyard dollar təzminat ödəməkdədir. Bu vaxta qədər "Yəhudi Material İddia Assosiasiyası" Almaniya hökumətindən 70 milyard dollar pul alıb.