|
|
|
|
Parlamentin sədri Oktay Əsədov Moskvada Federasiya Şurasının sədri ilə bir araya gəlib.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 4-də Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Valentina Matviyenko deyib ki, Rusiya üçün Azərbaycanla bütün sahələrdə münasibətlər strateji xarakter daşıyır: “Rusiya ölkələrimiz, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyədə dialoqun dəstəklənməsinə daim böyük əhəmiyyət verir. Rusiya həm də beynəlxalq məkanda əməkdaşlığın dərinləşməsində maraqlıdır. Biz regionlar palatası olmaqla regionlararası əməkdaşlığa xüsusi diqqət yetiririk. Şadıq ki, Azərbaycanın regionları ilə Rusiya Federasiyasının 70-dən çox regionu arasında sazişlər bağlanıb. Azərbaycan Prezidenti Administrasiyasının himayəsi altında keçirilən regionlararası forumları da yaxşı format hesab edirik. Volqoqradda bu cür forum uğurlu oldu. İndi 5-ci regionlararası foruma hazırlıq işləri görülür. Bu forum Qəbələdə keçiriləcək”.
Oqtay Əsədov Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. O qeyd edib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradır: “Siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatıb. Azərbaycanda tədrisin rus dilində olduğu 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı və Slavyan Universiteti fəaliyyət göstərir”.
Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunaraq deyib ki, bu problem ölkənin inkişafı və regionda sülhün bərpa edilməsi yolunda ciddi maneədir. Oqtay Əsədov Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini qeyd edib.