|
|
|
|
Ərdahan Universitetinin rektoru, professor, doktor Ramazan Qorxmazın rəhbərlik etdiyi "Kafkazya Ünivesitelər Birliyi" (KUNİB) Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı "İlin ədəbiyyat" ödülüylə təltif edib.
Təqdimat mərasimi mayın 29-da Ankaranın Bilkənt Universitetində keçirilib. Girəsin Universitetinin rektoru professor, doktor Aygün Attar yazıçının yaradıcılığı və ictimai fəaliyyəti haqqında məruzə edib: "Bu gün Azərbaycanda yayqın bir kişi adı olan Anar, əslində sayın Anar şəxsinin və əsərlərinin tanınmasından sonra isim olaraq verilməyə başlamışdır. Məşhur şair Rəsul Rzanın və məşhur şairə Nigar Rəfibəylinin oğlu Anar atası tərəfdən Məmmədxanlılar sülaləsinə, anası tərəfindən Azərbaycan Difai təşkilatının yaradıcılarından Ələkbər Rəfibəyli, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və ilk səhiyyə naziri olan Xudadat bəyin nəticə və nəvəsidir".
Yazıçının tərcümeyi-halı və əsərləri haqqında məlumat verən məruzəçi xüsusi qeyd edib ki, Anarın "Ağ liman" əsəri partiya orqanları tərəfindən şiddətli tənqidlərə məruz qalıb və əsərin çap edilməsi belə qınanılıb. 1973-cü ildə K.Simonovun rəhbərlik etdiyi yazıçılar heyətinin tərkibində ilk dəfə Türkiyəyə səfər edən Anar Yaşar Kamal, Fazil Hüsnü Dağlarca, Ataol Bəhramoğlu, Xaldun Taner, Rifat İlqaz, Bekir Yıldız, Orxan Şaik Kökyay kimi türk yazar, şair və alimləriylə tanış olur, bir çox qəzet və dərgilərə müsahibələr verir. İzmirdə 1920-ci ildə Azərbaycanın işğalından sonra Türkiyəyə sığınan dayısı doktor Kamil Aranla görüşür.
Anarın nəsr və kino əsərlərindən bəhs edən Aygün Attar yazıçının ictimai fəaliyyətindən də danışıb: "Anar Azərbaycanda və Qarabağda yaşanan hadisələr zamanı Azadlıq meydanında ilk tarixi mitinqlərdə xalqın içində və önündə yer almışdır. 1987-ci ildə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Bu seçim Kommunist Partiyasının göstərişi liə deyil, doğrudan doğruya Azərbaycan Yazıçılarının özləri tərəfindən gerçəkləşdirilən ilk seçki idi. 20 Yanvar və Qarabağın işğalı zamanı milli mübarizənin haqlılığını və Azərbaycanın məruz qaldığı haqsızlıqları ortaya qoyan yazılar yazıb. 1990-cı il 28 mayda Kayseridə gerçəkləşdirilən Uluslararası Böyük Azərbaycan Konqresinə qatılıb, Ankaraya gələrək Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edib. Şəhidlər Xiyabanından gətirilən Azərbaycan torpağını Rəsulzadənin qəbri üzərinə səpib. Onun bu həmlələri müstəqilliyə gedən yolun ilk müjdələrindən olub. 1992-ci ildə müharibənin ən önəmli cəbhələrindən olan Ağdama gedərək döyüşçülərlə görüşüb. Ankarada toplanan Türk dünyası Yazıçılar qurultayında iştirak edib, Türk Dünyası Yazarlar Birliyinin qurulması barədə müqaviləni Azərbaycan adından imzalayıb. Bu qurultayda Anarın təklifi ilə Qarabağ məsələsində Azərbaycanın haqq işini dəstəkləyən qərar qəbul edilib. 1992-ci il 30 noyabrda Bakıda toplanan Türk dövlətləri Kültur bakanları toplantısında türk dövlətlərinin və türk xalqlarının YUNESKO tipli bir qurumunun yaradılmasını əsaslandırmışdı. Anarın bu təklifi qəbul olunmuş və az sonra TÜRKSOY təşkilatı yaranmısdı.
1993-cü ildə yeddi ay Memar Sinani Universitetinin rektorluğunun dəvətiylə Azərbaycan ədəbiyyatından dərs demişdi.
1995-ci ildə Azərbaycan Milli Məclisinin ilk toplantısını açmış və aparmışdır. Millət vəkili olarkən Mədəniyyət Komissiyasının sədri seçilmiş, bu komissiya bir çox vacib qanunlar hazırlamış və qəbul etdirmişdir. 1998-ci ildə mərhum Heydər Əliyev tərəfindən ölkənin ən yüksək dövlət nişanı olan "İstiqlal" ordeninə layiq görülmüşdür.
2000-ci il 31 mayda Karamanda Türk dili Bayramında iştirak edən Anar burada türk xalqlarının ortaq ünsiyyət dilinin Türkiyə türkcəsi olmasını əsaslandırmışdır. Bütün toplantılarda türk dünyasının ağsaqqalı mövqeyində olan Anar türk ədəbiyyatının bir bütün olduğunu və fərqli yerlərdə davam etdiyini vurğulamışdır. 2000-ci ildə Türksav tərəfindən verilən "Türk dilinə xidmət" ödülünü alıb. 2002 -ci il martın 27-də Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən Türk dili Şərəf ödülünə layiq görülüb. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında yazdığı pyes İstanbul Bələdiyyə Teatrında tamaşaya qoyulub. 2004-cü ildə "Ağ qoç, qara qoç" əsəri ilin romanı seçilib. TRT Anarın "Dantenin yubileyi" əsəri əsasında "Əsgi aktyor" filmini çəkib - bu türk dünyası ədəbiyyat yazarlarından örnəklər seriyasında çəkilmiş ikinci filmdir. 2011-ci ildə Prezident İlham Əiyev Anara Heydər Əliyev mükafatı verib. 2007-ci ildə Avrasiya Yazarlar Birliyi Divanının üzvü seçilib.
Əsərləri 30-dan artıq dilə çevirilmiş, iyirmidən artıq ölkədə kitabları çıxıb. Anar 2012-ci ildə Türk dünyasında İlin ədəbiyyat adamı elan edilmiş. 2014-cü ildə Əsgişəhərdə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk Başqanı seçilib.
Həyatı millətinin mədəni inkişafına xidmətdə keçən, sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur qaynağı olan görkəmli yazar Anar bir əsrə yaxın ömrünün hər dövrünü, hər çağını, hər yönəmini türk dilinə, türk kulturuna, türk ədəbiyyatına və sənətinə həsr edib.
İçlərində esselər, hekayələr, romanlar, pyeslər, tənqidi məqalələr, film ssenariləri, antologiyalarda yer alan yüzlərcə əsərin sahibi, Azərbaycanın və türk dünyasının 76 yaşındakı bu böyük şəxsiyyətinə Allahdan uzun ömür və cansağlığı diləyirik. Bu duyğu və düşüncələrlə Kafkaz Universitetler Birliyi olaraq 2014-cü il Ədəbiyyat ödülünü Anara şərəflə təqdim edirik".
Ödülü Anara Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız təqdim edib.
Nazirə, Ramazan Qorxmaza və Aygün xanıma dərin təşəkkürünü bildirən Anar cavab sözündə bu mükafatla qürur duyduğunu bilidirib: "Ödülün Universitelər tərəfindən verilməsi xüsusi önəm daşıyır. Çünki Universitet Gələcək deməkdir, Universitet sabahın insanlarını, yeni nəsilləri yetişdirir. Hər bir yazıçının arzusu isə əsərlərinin gələcək nəsillər tərəfindən oxunmasıdır".
Mayın 2-də isə Anara Qars Qafqaz Universitetinin Fəxri doktoru diplomu təqdim olunub. Təqdimat mərasimini Universitetin rektoru professor Doktor Sami Özcan açmışdır. Universitetin Qafqazya və Orta Asiya Araşdırma Mərkəzinin müdiri professor, doktor Hacalı Nəcəfoğlunun Anar haqqında ətraflı məruzəsindən sonra rektor Sami Özcan yazıçıya diplomu təqdim edib. Rektorun rəhbərliyi ilə bu barədə qərar qəbul etmiş Universitet senatına, məruzəçiyə təşəkkürünü bildirən yazıçı deyib ki, bu diplomun Qars Universiteti tərəfindən verilməsi onunçün çox dəyərlidir. Çünki 20-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Rəfibəylilər nəslinin bir çox nümayəndəsi Türkiyəyə keçərək ilk vaxtlar məhz Qarsda yerləşmişlər. "Dayım Kamil bəy uzun zaman bu şəhərdə həkimlik etmişdir. Rəfibəylilər nəslindən başqa rohumumuz Çingiz Əsgəran də burada uzun illər həkimlik etmiş və indi Qarsın küçələrindən biri onun adını daşıyır".
Qeyd edək ki, daha əvvəl - 2012-ci il yanvarın 6-da Türkiyənin başqa bir təhsil ocağı - Firat Universitesi də yazıçıya Fəxri doktor diplomu vermişdi.
Bakıda isə Ali Attestasiya Komissiyasının qərarıyla Anara Ədəbiyyat üzrə professor adı verilib. Bu diplomu iyunun 4-də yazıçıya Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev təqdim edib. Anar bu qərarın təşəbbüskarlarına və Ali Attestasiya Komissiyasının rəhbərliyinə minnətdarlığını bildirib.