Dinləsən tarixin hekayəsini,
Mal-dövlət bu qədər aldatmaz səni.
İsgəndər əliboş getdi dünyadan,
Əcəl bircə anda kəsdi səsini.
Tanrının üzünə ağ olma heç vaxt
Yoxsa yük əyilər, vaxtsız yatar baxt.
Çevrilər bir anda çərxi dünyanın,
Qan içində üzər əyləşdiyin taxt.
Süfrəndən azalsa azuqə, nemət,
Malın- pulun yoxsa eyləmə heyrət.
Gözün kor olması fəlakət deyil,
Qəlbin kor olmağı ən böyük dəhşət.
İsmət, abır-həya gözləməyənlər,
Yaxşı-yaman düymaz, bilməz xeyir-şər.
İnsan qorumazsa ləyaqətini,
Bunun ağrısını çəkəcək bəşər.
Əməlin sözünə verməsə dəstək,
Gül əksən yurdunda tikan bitəcək.
Dini təbliğ edən dindən uzaqsa,
Əxlaq korlanacaq, iman itəcək.
Gücün var, dar gündə gücünə güvən,
Onu gücsüzlərə çox göstərmə sən.
Ədalət yolunda gücünü sına,
Adına, zatına desinlər əhsən.
Ev yıxmaq, qan tökmək, yalan danışmaq,
Nadanın, alçağın işidir ancaq.
İnsanlıq adına xor baxanların,
Bir yerdə heç zaman olmaz üzü ağ.
Ayağın pis yola gedirsə, öyrən,
Ayağına deyil başına döy sən.
Başı olanların ayağı heç vaxt,
Bil kənara çıxmaz öz sərhədindən.
Gəncliyindən düşün qocalığını,
Hər kəs görə bilmir o gözəl anı.
Şərəflə yaşasan gəncliyini sən,
Görərsən ömrünün ucalığını.
Sadəlik insana Ulu Tanrıdan
Ən əziz töhfədir düşünsək bir an.
Lovğa, təkəbbürlü, cod olanların
Adını həmişə alçaldıb zaman.
Allaha şəkk edən insanı görsən
Sual et, de nədən yaranmısan sən?
Əgər sualını anlasa o kəs
Qorxub çəkiləcək bəd əməlindən.
Varınla öyünmə, çılpaq gəlmisən,
Çılpaq gedəcəksən bu dünyadan sən.
Haram malın, pulun qan-yaşa dönüb
Gələr o dünyada bəbəklərindən.
Tamah dişlərini çəkməsən əgər
O səni qul edib carmıxa çəkər.
Tamahkar pul yığar, tamahsız isə
Özünə elmdən bünövrə tökər.
Elə ucal, enən zaman zirvədən
Qula dönüb ixtiyarsız olma sən.
Zirvələri fəth eləmək asandır
Ordan asan düşə bilməz hər yetən.
Bu dünyada yaşamağı bilməyən,
O dünyanı arzulayır de, nədən
Canlı ikən düşünmədi, duymadı,
Nə duyacaq ölü ürək, baş, bədən?
Kiçilə, kiçilə böyüyənlərdən
Heç zaman ədalət, insaf umma sən.
Gündə milyon dəfə ölüb dirilər
Böyüklük görməyib "böyüyəm" deyən.
Dərdini, sirrini qanana söylə,
Halına ürəkdən yanana söylə.
Savadsız alimin adını tutma,
Sözünü ağıllı çobana söylə.
Namərd süfrəsində oturma heç vaxt,
Çünki yediyini başa qaxacaq.
Dünyada aqildən hörmət, etiram,
Namərddən namərdlik görərsən ancaq.
Hər vaxt haqqı ara, ədaləti gəz,
Yaxşını yamanla eyləmə əvəz.
Dünya dağılsa da şir qürurundan,
Tülkü bicliyindən əl çəkə bilməz.
Zirvəyə ucalmaz hər qanad açan,
Hörmət qazanmaq da deyildir asan.
Çalış kamalına, gücünə güvən
Yerini bilməsən, yersiz qalarsan.
Götür gözlərindən zülm pərdəsini
Ey insan, unutma haqqın səsini.
Yaxşını yamanla qarışdırma gəl
Yada sal axirət faciəsini.
Məni duymaq üçün qəlbimi oxu,
Əlini hisimə, duyğuma toxu.
Mən qələm tutanam, müdrik sözləri
Yazdıran Tanrımdır, mən kiməm axı.