Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, sözün həqiqi mənasında, bu gün adıçəkilən regionun böyük musiqi, mədəniyyət və istirahət mərkəzinə çevrilib .
Mərkəzin geniş və işıqlı konsert zalında, ətrafındakı parkda, demək olar ki, hər gün musiqi, çal-çağır sədaları eşidilir, səsləndirilən gözəl muğam ifaları, bəstəkar və xalq mahnıları hər kəsə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş edir.
Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov dediyi kimi, burada müntəzəm olaraq konsert tamaşaları, müsabiqələr, digər müxtəlif mədəni-kütləvi tədbirlərlə yanaşı, rayon və respublika əhəmiyyətli yığıncaqlar, ədəbi-bədii məclislər, yarışmalar, konfrans və yaradıcılıq gecələri, görüşlər və.s təşkil olunur.
Muğam Mərkəzində bunlardan əlavə, mu
siqi təhsili şöbələri də fəaliyyət göstərir.
Şagirdlərə müxtəlif şöbələr üzrə musiqi təhsili verilir. Bununla əlaqədar olaraq müəssisədə bu ildən yeni tar sinfi açılması qərara alınıb. Direktorun dediyinə görə, gələcəkdə qarmon və kamança siniflərinin fəaliyyət göstərməsi də planlaşdırılıb.
T.Cəfərov qeyd edib ki, hər il olduğu kimi cari ilin əvvəlindən başlayaraq rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı, musiqi və ümumtəhsil məktəbləri kollektivlərinin yaxından iştirakı ilə Mərkəzdə Yeni il və Novruz şənlikləri, geniş proqramdan ibarət konsert tamaşaları keçirilib, rayonun ümumtəhsil məktəblərində, cəbhə bölgələrində, əlamətdar tarixi günlərdə görüşlər, baxış-müsabiqələr, konsertlər təşkil olunub. Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təşkil olunan tədbirlər mühüm əhəmiyyət kəsb edib. Bu qəbildən olan tədbirlər ardıcıl olaraq davam etdirilir.
Onların təşkil olunmasında Muğam Mərkəzinin "Aysel" uşaq özfəaliyyət kollektivi, rəqs qrupunun üzvləri xüsusi fəallıq göstərirlər. Bu sahədə Mərkəzin müəllimləri Sahil Quliyev, Fəqani Qarayev,Nazim Şirinov, Sevinc Abbasova, Şəbnəm İsmayılova, gənc ifaçılardan Arzu Mahmudova, Zəhra Məmmədova, Nərmin Sultanova, İntiqam Abışov, Nurlan Rüstəmov və başqalarının fəaliyyətləri təqdirəlayiqdir.
Kollektivin nümayiş etdirdiyi konsert proqramları, gözəl ifalar, rəqslər tamaşaçılar tərəfindən daim rəğbətlə qarşılanır.
T.Cəfərov əlavə olaraq bildirib ki, Ü.Hacıbəyli adına Muğam Mərkəzinin yetirmələri rayonda və respublikada keçirilən müsabiqələrə müntəzəm qatılırlar. Şagirdlərdən Ceyhunə Tofiqqızı, Zəhra Məmmədova, Arzu Mahmudova və Nərmin Sultanova bu günlərdə Xan Şuşiniski adına muğam müsabiqəsində bacarıqlarını nümayiş etdirəcəklər. Bundan başqa Zəhra Məmmədova və Ceyhunə Tofiqqızı Masallıda keçiriləcək muğam-folklor Beynəlxalq müsabiqəsinin finalında Ağcabədi rayonunu təmsil edəcəklər.
Direktor söhbətində növbəti respublika muğam müsabiqəsində kollektiv üzvlərinin də iştirak edəcəyini dilə gətirib.
Sonda T.Cəfərov Muğam Mərkəzinin fəaliyyətinə respublika Mədəniyyət və TurizmNazirliyi, rayon İcra Hakimiyyəti və mədəniyyət və turizm şöbəsi tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, eyni zamanda Qarabağ Muğam Mərkəzinin fəaliyyətinin respublikanın radio və televiziya kanallarında lazımınca işıqlandırılmaması, Azərbaycan diasporu tərəfindən xarici ölkələrdə onun zəif təbliğ olunması, kollektiv üzvlərinin dünya dövlətlərinə dəvət olunmaması barədə iradlarını da bildirib.