YUNESKO-nun Baş Direktoru İrina Bokovanın İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə söylədiyi nitq
Bu il mayın 19-da YUNESKO-nun Baş qərargahında XX əsr Azərbaycan ədəbiyyatı klassiki, böyük nasir və dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi təntənəli surətdə qeyd edildi. Ədibin həyat və yaradıcılığını əks etdirən sərginin açılışı oldu, Xalq yazıçısı haqqında film nümayiş etdirildi, rəsmi hissədən sonra incəsənət xadimlərimiz böyük konsert proqramı ilə çıxış etdilər. Görkəmli ədəbiyyat və mədəniyyat xadimlərinin, diplomatik korpusun, eləcə də həmvətənlərimizin iştirakı ilə keçirilən tədbirdə YUNESKO-nun Baş direktoru xanım İrina Bokova çıxış etdi. Həmin çıxışın ədəbiyyatımız üçün əhəmiyyətini nəzərə alaraq, oxuculara təqdim edirik.
Cənab Elçin Əfəndiyev, Azərbaycan Baş nazirinin müavini!
Cənab Anar Kərimov, Azərbaycan Daimi Nümayəndəliyinin müavini!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
YUNESKO-da İlyas Əfəndiyevin anadan olmasının yüz illik yubileyinin qeyd edilməsi münasibəti ilə sizləri salamlamaqdan şərəf duyuram. Azərbaycanın Baş nazirinin müavini, cənab Elçin Əfəndiyevə bizi burada öz iştirakı ilə məmnun etdiyinə görə minnətdarlığımı bildirirəm. İlyas Əfəndiyev görkəmli dramaturq və yazıçı olub, bundan da vacibi isə onun böyük ziyalı və humanist bir insan olmasıdır. Onun yaradıcılığı Azərbaycan cəmiyyəti üçün ilham mənbəyi və bu gün hamımızı ruhlandıran sənət nümunəsidir.
İlyas Əfəndiyevin həyatı və ədəbi irsi onun müasir cəmiyyətdə ideyalar və yaradıcılıq baxımından paylaşdığımız dəyərlərin inkişafında oynadığı vacib rolu göstərir. Cəmiyyətlərdə böyük dəyişikliklərin baş verdiyi müasir dövr bu rolun əhəmiyyətini daha da vurğulayır. Bu, YUNESKO-nun da təşviq etdiyi, dəstəklədiyi və inkişaf etdirdiyi yoldur.
İlyas Əfəndiyev bütün həyatını yaradıcılığa həsr etmiş, pyeslər, romanlar, hekayələr yazmışdır. O, dövrün qadağalarına baxmayaraq heç bir mövzudan çəkinməmiş və yenilikçi sənəti forması, bədii-psixoloji xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoymuşdur.
Onun əsərlərinin gücü qadirliyə, onu ruhlandıran mənəvi dəyərlərə, azadlıq, tolerantlıq və insan hüquqlarının bərqərar olmasına əsaslanır. Özünün də dediyi kimi:“ Yazıçının böyük ürəyi, yüksək insani keyfiyyətləri olmalıdır. Ancaq bu halda yazıçı insanları duyğulandıra, onlarda məhəbbət və mərhəmət hissləri oyada bilər”.
İlyas Əfəndiyev böyük ürək sahibi olub. Bu sözlər bu gün də öz qüvvəsini saxlamaqdadır. Belə ürək sahibləri inkişaf, dialoq, sosial birlik naminə ədalətli azad cəmiyyətlərin qurulmasında iştirak edən insanların gücünü daha da artırır. Bu ideyalar YUNESKO-nun fəaliyyətinin məğzini ifadə edir.
Cənab Elçin Əfəndiyev, bilirəm ki, sizin də bir yazıçı kimi yaradıcılığınızda atanızın irsi çox əhəmiyyətli olub.
Siz özünüz də Azərbaycan ədəbiyyatının yaşayan klassikisiniz, dünyada tanınmısınız. Siz 16 yaşınızdan yaradıcılıqla məşğulsuz və 100-dən çox kitab yazmısınız, bunlar 20-dən çox dilə tərcümə edilib və bildiyimə görə bu yaxınlarda Londonda “Mənim sevimli dəlim” tamaşanız təqdim olunub. Sizin bu gün bizimlə birlikdə olmağınız Azərbaycanda sənətə verilən qiymətin təzahürüdür. Azərbaycanda sənət – vətəndaşlığı, insaniyyətliyi, həmrəyliyi möhkəmləndirən, insanları, cəmiyyətləri yeniləndirən vasitələrdən biridir.
Bu axşam qeyd etdiyimiz yubiley də elə bunun ifadəsidir.
Xanımlar və cənablar!
İlyas Əfəndiyev sənəti bütün Mərkəzi Asiyada ədəbiyyat, mədəniyyət və elm mərkəzi kimi tanınan Azərbaycanın bu sahədəki zəngin tarixi ənənələrini davam etdirərək, Azərbaycan ədəbiyyatına və teatrina yeni bədii nəfəs gətirib.
Azərbaycanın tarixi qədim İpək Yolunun tarixidir. Bu tarix sənət, innovasiya, mədəniyyətlərin dialoqu kimi möhtəşəm mədəni rəngarəngliyin tarixidir. Ötən il Bakıda mədəniyyətlərarası dialoq mövzusunda keçirilən beynəlxalq Forumda iştirak etdiyim zaman mən özüm bunun canlı şahidi olmuşam.
Xüsusi qeyd etmək istərdim ki, bu işdə Azərbaycanın birinci xanımı, bizim xoşməramlı səfirimiz Mehriban xanım Əliyevanın böyük xidmətləri var.
Ötən ilin dekabrında Bakıda qeyri-maddi sərvətlərin mühafizəsi üzrə Hökümətlərarası Komitənin təşkil olunması Azərbaycanın ümumbəşəri sərvətlərin mühafizəsi naminə götürdüyü öhdəliklərin dərinliyini əks etdirir.
Mən Daimi nümayəndəliyə mədəni tədbirlərin təşkilində göstərdiyi fəallıq, o cümlədən bu axşamkı zəngin mədəniyyət hadisəsi üçün öz təşəkkürümü bildirirəm. İnstrumental musiqi, xalq mahnıları, rəqs və fotoşəkillər hamısı, İlyas Əfəndiyevin şərəfinə nümayiş etdirilir və bu, bizim birlikdə fərəhlə seyr etdiyimiz mədəni müxtəlifliyin bariz nümunəsidir.
Təşəkkür edirəm!
YUNESKO, Paris,
19 may 2014-cü il