Rusiyanın işğalı altında olan Gürcüstan torpağı Cənubi Osetiyada iyunun 8-də keçirilmiş “parlament seçkisi”nin ilkin nəticələri açıqlanıb.
“Media forum” saytı xəbər verir ki, işğal bölgəsinin Rusiyaya birləşdirilməsinə tərəfdar çıxan Vahid Osetiya Partiyası 44,11 faiz səslə inamlı qələbə əldə edib. Xalq Birliyi Partiyası 16,43 faiz, Xalq Partiyası 7,54 faiz səs alıb. Qalan 6 partiya 7 faizlik səddi keçə bilməyiblər.
Qondarma Cənubi Osetiya Respublikasının qanunverici orqanı 34 deputatdan ibarətdir. Seçki proporsional sistem üzrə keçirilir.
Vahid Osetiya Partiyası qarşısına tezliklə bölgədə Rusiyaya birləşmək barədə referendum keçirilməsi məqsədi qoyub.
Cənubi Osetiya 1990-cı illərdə rus-sovet rejiminin himayəsi ilə Gürcüstandan müstəqilliyini elan edib. 2008-ci ildə Gürcüstan bölgəni hərbi əməliyyatla geri qaytarmağa cəhd göstərib, amma Rusiya ordusu buna imkan verməyərək həm Cənubi Osetiyanı, həm də Gürcüstanın digər separatçı vilayəti Abxaziyanı işğal edib, onları müstəqil dövlət kimi tanıyıb.