|
|
|
|
Rafiq Hasan
Allah hər zaman olduğu kimi, Göy üzündə öz səltənətində idi. Şeytan da Yer üzündə öz işində. Şeytan Göy üzünə qalxa bilmədiyi kimi, Allah da yer üzünə enməzdi. Allah yer üzünə ensə idi, dünyada haqsızlıq, zorakılıq olmazdı.
Qadir Daşlı cayın kənarında çəmənlikdə uzanıb, göyə baxırdı. O Allahı axtarmırdı. Allahı heç görmək də istəmirdi, çünki Ondan incimişdi. Qəməri axtarırdı. Qəməri görmək istəyirdi. Qəmər isə göydə deyildi, qonşu kənddə Osman bəyin malikanəsində idi. Qəmər bir nəğmə qədər yaxınlıqda olsa da, Qadir üçün bir bayatı qədər uzaqlarda idi.
O, üzünü Daşlı çaya çevirdi. Daşlı çaya baxaraq nə isə demək istədi. Kövrəlib ağladı. Elə bildi ki, Daşlı çayın ona yazığı gəlir...
Qəmər Qadirin xalası qızı idi. O, Qadirdən üç il sonra dünyaya gəlmişdi. Qadirin anası Qəmərin dünyaya gəlişini həsrətlə gözləyirdi. O, istəyirdi bacısının qızı olsun. Oldu da. Bu qızın gəlişinə hamıdan çox o sevindi. Ancaq bu sevincini açıq hiss elətdirmədi ki, birdən bacısının könlünə dəyər. Çünki bacısının oğlu yox idi. Bacısı oğlan istəyirdi. O, uşağı qucağına götürdü. Bələyinə nəmər qoydu. Bacısına dedi ki, bu qızı Allah sənə xoşbəxt bala, mənim Qadirimə sevimli yar eləsin...
O vaxtdan 15 il keçmişdi. Qadirlə Qəmər nar bağında nar dərirdilər. Qəmər əlini budağa uzatdı. Narı budaqdan dartıb qopartmaq istədi. Nar əlində partladı, suyu üzünə dağıldı. Qadir Qəmərin baş yaylığının ucu ilə onun üzünü sildi. Sonra dodaqlarını Qəmərin yanağında gəzdirdi. Dodaqları Qəmərin dodaqlarını tapdı. Qəmər yuxarı dartındı. Qadirə sıxıldı. Çənəsi ayrıldı, ağzı açıla qaldı. Nəfəsi Qadirin içinə doldu. Beləcə qucaq – qucağa, dodaq – dodağa nə qədər qaldılar bilmirəm. Onlar üçün bu görüşün vaxt ölçüsü yox idi. Qadir Qəmərdən aralanıb onun üzünə baxdı. Qarayanız üzü ağappaq ağarmışdı. Qəmərin üzündən öpdü, utana – utana gedirəm dedi. Qəmər heç nə demədi.
Qadir Daşlı çayın kənarına gəldi. Əyilib çayda üzünü yudu. İndi uzandığı yerdə uzanıb göyə baxdı və göyü, yeri, hər şeyi, Daşlı çayı qucaqlayıb bağrına basmaq istədi. Nəfəsini alıb buraxdıqca, ağzında qəribə, hələ indiyə qədər dadmadığı bir bihuşedici tam hiss edirdi. Başa düşdü ki, bu Qəmərin onun içinə dolmuş nəfəsidir. Özünü elə xoşbəxt hiss edirdi ki, Allaha dönə – dönə təşəkkür etdi.
Elat yaylaqdan qayıtdıqdan sonra Qadirlə Qəmərin toyu olmalı idi. Yaylaq Uzun Dərədən yuxarıda dağların qoynunda idi. Daşlı çay boyunca Uzun Dərənin ətəyinə qədər rahat araba yolu var idi. Yaylaqdakı çobanlara xəbər göndərmişdilər ki, Uzun Dərənin ətəyinə bir neçə quzu endirsinlər. Bu quzular şənlik üçün toyqabağı kəsilməli idi.
Üç il idi ki, Qadir Qəməri görmürdü. Osman bəyin oğlu Ağa bəy bir neçə atlı ilə, yaylaqdan gəlirdi. Daşlı çaydan su aparan Qəməri görmüş, qızın gözəlliyi onun atını oynatmış, onu götürüb aparmışdı. Bu hadisə sürətlə bütün mahala yayıldı. Yaylaqdakı çobanlara xəbər çatdı ki, daha Uzun Dərənin ətəyinə quzu endirməsinlər.
Ağa bəy, Osman bəyin tək oğlu idi. Osmanın bu mahalda sözünün üstünə söz qoyan olmazdı. Ağa bəy tək övlad olduğuna görə Osman bəy onun heç bir istəyinin qarşısında dayanmazdı. Qəməri qaçırdıb gətirəndə də gülərüzlə onun başına sığal çəkmiş – yaxşı eyləmisən, gözəl qızdı – deyib Ağanın dostlarını mükafatlandırmışdı.
Qəmər gecəni səhərə qədər yatmadı, ağlayıb Allaha yalvarırdı ki, onu bu bəladan xilas etsin. Onu Qadirdən ayırmasın. Elə yalvarırdı ki, elə bil Allah onun qarşısında idi, onun yalvarışlarına qulaq asırdı. Əslində bu belə idi. Allah onun qarşısında olmasa da, onun yalvarışlarını eşidirdi.
Ağanın dostları gəlmişdilər. Hərəsi də bir atın belində. Onlar mahalın sayılan seçilən kişilərinin oğlanları idi. Bellərində xəncər, at çapıb, at oynadırdılar. Bu gün də Ağanın dostları onun başına yığılıb, cıdıra çıxmışdılar.
Bütün gecəni ağlaya – ağlaya Allaha yalvaran Qəmərin sözlərini Allah dinlədi və öz qərarını verdi. Qəmər o sözləri elə ürəkdən demişdi ki, Allah o sözləri eşitməyə bilməzdi. Ağanın atı sürətlə qaçdığı yerdə büdrəyib, arxası üstə yerə sərildi. Ağa atın altında qaldı.
Osman bəy Qəməri öldürmək istəyirdi. Yan – yörəsindəki adamlar yalvarırdı ki, əlini nahaq qana batırma. Xanımı dedi ki, “Osman, Ağanın ruhu inciyər səndən”. Deyəsən bu söz ağlına batdı, fikrindən daşındı. Amma dedi ki, bu qız ölənə kimi bu məhlədən kənara çıxmayacaq.
Üç il idi ki, Qəmər Osman bəyin evində qulluqçu kimi yaşayırdı. Onu heç kimlə görüşməyə qoymurdular.
Daşlı çayın suyu daşlara dəyib nə isə pıçıldayırdı. Elə bil, yanında uzanan Qadirə nə isə demək istəyirdi. Qadir kövrəlib, ağlayandan sonra uzandığı yerdə yuxuya getdi. Yuxuda Qəməri gördü. Gördü ki, Qəmər uzaq bir evin pəncərəsinin arxasından ona baxır. Pəncərə bağlı idi. Sonra pəncərə açıldı. Qəmərin başındakı yaylığı külək alıb apardı. Qəmər əl eləyib Qadiri çağırırdı. Əlinin hərəkəti ilə “Qadir, gəl” deyirdi. Qadir evə, Qəmərə tərəf getmək istəyirdi. Amma getməyə yol tapmırdı. Hər tərəfi tikanlı kollar basmışdı. Qadir tərpəndikcə bu tikanlı kollar onun bədəninə yapışıb, onu tərpənməyə, hərəkət etməyə qoymurdu. Qəmər isə dayanmadan əl eləyib onu çağırırdı. Birdən kimsə ona – Qadir, oxu, oxu – dedi. Qadir fikirləşdi ki, nə oxumalıdı? Qadirin gözəl səsi var idi. Atası tar çalan idi. İndi Qadir cavan olsa da, mahalda tanınmış xanəndə idi. Ən hörmətli adamların toyunu aparırdı. Oxumaq onun üçün çətin bir iş deyildi. Amma indi ona oxu deyəndə nə oxuyacağını bilmirdi. Bir də həmin səs – Qadir, oxu – dedi. Qadir Qəmərə baxırdı. Qəmər onu çağırırdı. Qadir oxudu.
Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər
Sarı gəlin
Həzin musiqi içində Qadir bu sözləri oxuduqca Qəməri görürdü. Qəmər onun oxuduğu bu nəğməni eşidib həyəcanlanırdı.
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Sarı gəlin
Haradan axıb gəlirdi bu nəğmə? Bu sözləri yuxuda Qadirə kim söyləyirdi? Niyə Qəmərə oxuduğu bu nəğmədəki həsrətini Sari gəlinə səsləyirdi? Hələ ki Qadir bu haqda düşünmürdü. O, Qəmərə baxıb oxuyurdu.
Bu dərənin uzunu
Çoban qaytar quzunu
Nə ola bir gün görəm
Nazlı yarın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bir gününə dözməzdim
Oldum illər ayrısı
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Nənən ölsün aman
Neynim aman, aman
Sarı gəlin, aman
Sarı gəlin
Qadir nəğməni oxuyub qurtaran kimi tikanlı kollar çiçək açdı. Qəmər göyərmiş, çiçək açmış kolların üstü ilə Qadirə tərəf qaçırdı. Qadir də Qəmərə tərəf qaçdı. Qadir Qəmərə, Qəmər də Qadirə çatdı. Qadir Qəməri qollarının arasına sıxıb qucaqladı. Qəməri öpmək istədi. Gördü ki, Qəmərin də qolları, çiyinləri, saçları çiçək açıb. Qadir bu çiçəkləri qoxladı. Hər çiçəyin öz qoxusu var idi. Qadir bu çiçəklərin qoxusundan bihuş olub, huşunu itirdi. O, yuxudan ayıldı. Yan – yörəsinə baxdı. Heç kim yox idi. Hönkürüb ağladı.
Qadir toylardan başqa imkanlı, sayılan, seçilən adamların məclislərinə də dəvət edilirdi. Artıq səsi – sədası mahaldan kənara çıxmışdır. Cavan olsa da, bu yerlərdə Qadir qədər sevilən, seçilən xanəndə yox idi. Qadiri ən çox sevdirən onun Sarı gəlin mahnısı idi. Elə bir toy, elə bir məclis olmazdı ki, bu mahnını Qadirə bir neçə dəfə oxutdurmasınlar. Qadir də bu mahnını hər dəfə həvəslə, yana – yana oxuyardı.
Mahalın bəylərbəyi öz sevimli qızının şərəfinə məclis düzəltmişdi. Yaxından – uzaqdan hörmətli adamları bu məclisə dəvət etmişdi. Osman bəydə öz xanımı ilə bu məclisdə iştirak edirdi. Məclisdə oxuyan Qadir idi. Bu gün Qadir özündə deyildi.
Qadir oxuyurdu. “Sarı gəlin”i oxuyurdu. İnsan olan kəs belə mahnı oxuya bilməzdi. Elə oxuyurdu ki, elə bil bu məclisdəkilər üçün yox, Allah üçün oxuyurdu. Səsi axıb Göy üzünə gedirdi. Qadirin öz səsindən xəbəri yox idi. Allah yanındakı müqəddəslərlə, mələklərlə Qadirin nəğməsinə qulaq asırdı.
Bir gününə dözməzdim
Oldum illər ayrısı
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Qadir oxuyurdu. Elə oxuyurdu ki, səsi ilə məclisdəkiləri göyə qaldırırdı. Qadirin gözündən iki damla yaş düşdü. Allah ədalət mələyinə baxdı, Osman bəy xanımına...
Osman bəy xanımı ilə malikanəsinə qayıtdı. Hər ikisi yorğun və kefsiz idi. Səhərə yaxın olsa da, Qəmər yatmamışdı. Osman bəy bilirdi ki, Qadir Qəmərə görə evlənmir. Bunu ona xanımı demişdi. İndi bildi ki, Qadir bu mahnını Qəmərə oxuyur. Ondan ötəri gözünün yaşını axıdır. Osman bəy xanımından soruşdu ki, “bu qız niyə yatmır”? Xanımı dedi – “nə bilim ay Osman, burax bu qızı getsin evlərinə, yeddi ildir ki, onu bu evdə dustaq saxlayırsan. Ağanın ruhunun xətrinə burax”. Osman bəy “yaxşı “- dedi . Əyin – başını səhmana sal, anasına söz göndər gəlib aparsın.
Mən də ədalət mələyindən soruşdum – bu ayrılıq nə qədər ədalətli idi? Özüm üçün yox, mənə qulaq asanlar üçün soruşdum. O da dedi ki, “bu nəğmə üçün yeddi illik həsrət nədir ki, bir də onların vüsalının şirinliyinin hər ili yeddi ilə bərabər olacaq”. Bir də soruşdum ki, Qəmər axı, sarı deyil, niyə “ Sarı gəlin” adlanır? Dedi ki, Qəmər bakirə olduğuna görə, “Sarı gəlin” adlanır. Sarı rəng bakirəlikdir.
Qadir elatın yaylaqdan enməyini gözləyirdi. Elat Uzun dərə boyunca kəndə tərəf enirdi. Bir neçə gündən sonra Qadirlə Qəmərin toyu olacaqdı.