Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mərhum sənətkar, xalq artisti Rəşid Behbudovun xatirə gecəsi keçirilib.
Lent.az-ın məlumatına görə, sənətkarın anım tədbirində onun adını daşıyan 2 saylı Onbirillik musiqi məktəbinin şagirdləri çıxış ediblər. Onlar konsert zamanı Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu kimi dahi bəstəkarların bəstələrini səsləndiriblər.
Gecədə eyni zamanda “Uşaq Euravision-2013" mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Kərimovun da çıxışı olub.
Tədbirin sonunda məktəbin direktoru, əməkdar İncəsənət işçisi Qəmər Quliyeva çıxış edib. O, bildirib ki, hər il iyunun 9-da görkəmli müğənni Rəşid Behbudovun xatirə günü onun adını daşıyan musiqi məktəbində qeyd olunur.
Qeyd edək ki, tədbir mərhum sənətkar R.Behbudovun ifasında “Azərbaycan” mahnısı səsləndirilərək, yekunlaşıb.