|
|
|
|
Brest şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası”nın 13-cü beynəlxalq konfransı başlayıb.
525.az-ın məlumatına görə, quruma üzv olan ölkələrin mütəxəssis və ekspertlərinin qatıldığı beynəlxalq konfransda Azərbaycanı milli məclisin üzvü Xanhüseyn Kazımlının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
9 ölkədən 60 nəfər peşəkar mütəxəssis və ekspertlərin iştirak etdiyi beynəlxalq Konfransa Milli Məclisin deputatı Xanhüseyn Kazımlı sədrlik edir. Konfransda MDB və Avrasiya məkanında baş verən müharibə, terror, münaqişə və təbii fəlakət zamanı zərər çəkən ölkələrə dəyən maddi ziyanın hesablanması, beynəlxalq hüquq normalarına əsasən terror və işğalçı ölkələr tərəfindən zərər çəkən tərəfə təzminatların ödənilməsi, onlara qarşı iqtisadi sanksyaların tətbiq olunması mexanizminin öyrənilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Konfransda Avrasiya Qiymətləndiricilər Konqresinin baş direktoru Nikolay Trifonov, Moldova nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka, Gürcüstan, Qazaxıstan, Rusiya, Belarusiya və digər ölkələrin mütəxəssisləri çıxış edərək Beynəlxalq Avrasiya Qiymətləndiricilər Konqresinin fəaliyyətinin gücləndirilməsinin vacibliyindən danışıblar.
Avrasiya məkanında işğala və terrora məruz qalan ölkələrə dəyən maddi ziyanın birgə hesablanması və aqressiv mövqe nümayiş etdirən tərəfə cəza sanksyalarının tətbiq edilməsi üçün beynəlxalq komissiya yaradılmasının zəruriliyini vurğulayıblar. Tədbir iştirakçılarının diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə yönəldən Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, millət vəkili X. Kazımlı bununla bağlı Azərbaycan respublikasının prezidenti İlham Əliyevin göstərişinə və Azərbaycan hökumətinin sərəncamına əsasən ölkəmizə dəyən ziyanın hesablanması üçün işçi qrupunun yaradıldığını və ilkin hesablamalara görə bu ziyanin 100 milyardlarla ABŞ dolları həcmində olduğunu nəzərə çatdırıb.
"Ermənistan gec-tez işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurduğu maddi ziyanın təzminatını ödəməlidir. Çünkü bunu ondan beynəlxalq hüquq normaları tələb edir" deyən Xanhüseyn Kazımlı Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvülərini işğalçılıq siyasətindən əl çəkməyən ermənistana qarşı iqtisadi sanksiya tətbiq etməyə səsləyib. Xanhüseyin Kazımlının fikrinə dəstək verən Moldova nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka həmkarlarına düzgün qərar verməyin vacib olduğunu xatırladıb.
"Azərbaycan Avrasiya məkanında işğaldan əziyyət çəkən ölkələr sırasındadır. Bu baxımdan işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara dəyən ziyanin hesablanması və bununla bağlı Ermənistanın təzminat ödəməsi beynəlxalq hüquq normalarına əsasən tələb olunmalıdır"- Tereburka deyib.
3 gün davam edən beynəlxalq konfransın ilk günündə Azərbaycan və Moldova tərəfindən irəli sürülmüş işğalçı ölkələrə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi layihəsi geniş müzakirə olunaraq, quruma üzv olan ölkələrin səs çoxluğu ilə qəbul olunub. Bu baxımdan Ermənistanın işğalçılıq siyasətinə görə, Azərbaycana vurduğu ziyanın təzminatını ödəməsi məsələsi beynəlxalq təşkilatın hüquqi sənədinə daxil edilib.
Beynəlxalq Konfrans öz işini iyunun 15-də yekunlaşdıracaq.