Ötən gün Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) XII qurultayı keçirilib. Qurultaydan əvvəl AYB rəhbərliyi, üzvləri, xaricdən gələn qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də xalq şairlərinin və yazıçılarının məzarlarını ziyarət ediblər.
Ziyarətdən sonra sözügedən teatrın binasında qurultay açıq elan edilib. Qurultayda baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, dövlət müşaviri, yazıçı Kamal Abdulla, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məşhur qazax yazıçısı Oljas Süleymenov, Rusiya, Türkiyə, Serbiya, Qırğızıstan, Tatarıstan və digər dövlətlərin yazıçılar ittifaqlarının rəhbərləri, nümayəndələri iştirak və çıxış ediblər.
Yığıncağı açan AYB sədri, Xalq yazıçısı Anar bildirib ki, qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək qurultayda iştirak edir. Qurultayın gedişində, ötən müddətdə dünyasını dəyişən yazıçıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra AYB-nin 80 illik yubileyi münasibətilə TÜRKSOY-un bir qrup Azərbaycan yazıçısına verdiyi mükafatlar təqdim edilib.
Qurultayda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bəzi imzaları çıxmaq şərti ilə Azərbaycan ədəbiyyatının nümunələri dünyaya lazımınca çatdırılmır: "Azərbaycan ədəbiyyatının dünyada təbliği istiqamətində bundan sonra da səylər artırılacaq. Azərbaycan ədəbiyyatının inkişafı üçün dövlət səviyyəsində müxtəlif proqramlar həyata keçirilib və ədəbi əsərlərin təbliği üçün işlərin aparılması davam edəcək. Hər il müxtəlif ədəbi tədbirlər keçirilir, görkəmli ədiblərin yubileylərinin keçirilməsi dövlətin daim diqqətindədir. Bu gün Azərbaycan yazıçısı cəmiyyətin ən nüfuzlu insanları sırasındadır. Yazıçılar Birliyinin qarşısında duran əsas vəzifələrdən biri bizi narahat edən ümummilli məsələlərlə bağlı yeni əsərlərin yazılmasıdır".
Xalq şairi Sabir Rüstəmxanlı çıxışında regionlarda kitab mağazalarının azlığını vurğulayıb: "Kitabı bazarın ümidinə qoymaq olmaz".
Milli Məclisin üzvü, yazıçı-publisist Elmira Axundova isə çıxışında deyib ki, Yazıcılar Birliyi gərək dövlətin büdcəsinə arxayın olmasın: "Yazıcılar Birliyi menecmentlik, piar barədə düşünməlidir ki, ədəbiyyatı adamlara çatdıra bilsin".
Vaqif Səmədoğlu çıxışında Yazıçılar Birliyinin binasının qorunub saxlanması ilə bağlı xatirələrini bölüşüb. O, Anarın, Yusif Səmədoğlunun ümummilli lider Heydər Əliyevə müraciətini və ondan sonra binanın xarici səfirliyə verilməsinin qarşısının alındığını, Birliyin yenə də öz binasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb: "O binada mən Səməd Vurğunun otağına qaçmışam, orada mənim uşaqlığım, yeniyetməliyim, gəncliyim var. O binanın qorunması mənim xatirələrimin qorunmasıdır.
Anar sədr seçilərsə, o xatirələri, o uşaqlığı, o gəncliyi qoruyacaq. Buna görə Anarın yenə sədr olmasını istəyirəm. Mən tək Anara yox, həm də o binaya səs verəcəyəm, öz xatirələrimə, uşaqlığıma səs verəcəyəm".
Şair Ramiz Rövşən çıxışında AYB sədrliyinə Anarın namizədliyini dəstəklədiyini qeyd edib: "Hamımız deyirik ki, Yazıçılar Birliyi olmasın. Özümüzə sual verək. Yazıçılar Birliyinin olmamasının xeyri nədir? Təbii ki, heç nə".
Qurultayda iştirak edən Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya bildirib ki, böyük Azərbaycan ədəbiyyatı bütün zamanlarda sözünü deyib və deyəcək. Bakını "Qafqazın paytaxtı" adlandıran nazir Qafqazda olan problemləri ədəbiyyat vasitəsilə həll etməyin mümkünlüyünü vurğulayıb.
Qurultayda Xalq şairləri Söhrab Tahir, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, akademik İsa Həbibbəyli, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov, yazıçı Kamal Abdulla, Xalq yazıçısı Çingiz Abdullayev, professorlar Qəzənfər Paşayev, Nizami Cəfərov, millət vəkili, yazıçı Aqil Abbas, yazıçı Seyran Səxavət, AYB-nin Qarabağ bürosunun rəhbəri Ənvər Əhməd, şairlər Əjdər Ol, Məmməd İsmayıl, gənc yazıçı Pərvin Nurəliyeva, dramaturq Əli Əmirli, şairə Həyat Şəmi, tənqidçi Elnarə Akimova, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli, AYB Gənclər Şurasının sədri Elşad Ərşadoğlu, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları çıxış edərək qurultayla bağlı fikir və mülahizələrini bölüşüblər, təkliflər irəli sürüblər.
Yekun çıxışında Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə uşaq ədəbiyyatının inkişafının, dərsliklərdə müasir ədəbiyyatın öz əksini tapmasının daha müasir metodlarla işlənməsinin vacibliyindən danışıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə seçki keçirilib. Qurultayda sədrliyə yalnız Xalq yazıçısı Anarın namizədliyi irəli sürülüb. Açıq səsvermə zamanı Anar yekdilliklə növbəti müddətə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Onun namizədliyinin əleyhinə səs verən, həmçinin bitərəf qalan olmayıb.
Azərbaycan yazıçılarının XII qurultayı yazıçı Anarı yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçməklə bərabər Birliyin digər rəhbərlərini də vəzifəsində saxlayıb. Qurultayda keçirilən səsvermə zamanı növbəti müddət üçün Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev təşkilat-təsərrüfat, Arif Əmrahoğlu yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid gənclərlə iş üzrə katib vəzifəsinə seçilib.
S.ABDULLAYEVA