"Böyük bir dərd imiş şair yaranmaq..." - Azərbaycanın Xalq şairi Səməd Vurğunun bu qanadlı sözləri şair-vətəndaş ömrünü çox doğru və xarakterik əks etdirir. Həqiqətən də şair yükü daşımaq olduqca məsuliyyətlidir. Əsl şair sağlığında da özünə qəlblərdə abidə ucaldır, idealları könüllərə yol açır, sətirləri dillər əzbəri olur, ölümündən sonra isə ömrü yazıb-yaratdığı əsərlərin ömründə yaşanır, mənəvi həyatı ölməzliyə qovuşur.
Görkəmli gürcü şairi və ictimai xadimi, Gürcüstanın Xalq şairi Georgi Leonidzeni, tərəddüdsüz, məhz yaradıcılıq taleyi uğurlu olan şairlər cərgəsinə aid etmək olar.
Heç təsadüfi deyil ki, XX əsrin birinci yarısında gürcü poeziyasının ağır yükünü öz çiyinlərində daşıyanlar sırasında G. Leonidze birincilər sırasında durur. Gürcü sovet poeziyasının inkişafına onun töhfələri əvəzsizdir. Klassik gürcü şairlərinin yaradıcılıq ənənələrini davam etdirərək onu yeni zirvəyə ucaldan istedadlı şair milli kökə bağlı olduğunu, mənsub olduğu xalqın ədəbi-bədii dil normrlarını, adət-ənənələrini, təfəkkür tərzini çox gözəl bildiyini odlu şeirləri ilə öz oxucusuna çatdırdı. Şairin gürcü xalqının Qurucu David, Tamara, Ş.Rustaveli, S. S.Orbeliani, D.Guramişvili, N.Barataşvili, İ. Çavçavadze, A.Sereteli, V.Pşavela, onlarca digər dövlət və ictimai xadiminə, şair və vətəndaşına şeirlər həsr etməsi dediklərimizin əyani təsdiqidir.
G. Leonidze vətənpərvər şair idi: doğulduğu Gürcüstan torpağının hər qarışını ürəkdən sevir,onun füsunkar təbiətini mədh edir, qədim Mesxetini, Kaxetiyanın üzüm bağlarını, Qərbi Gürcüstanın əsrarəngiz gözəlliklərini tərənnümdən vəcdə gəlirdi. Bütün bunların nəticəsi idi ki, nəinki təkcə Gürcüstanda, eləcə də ittifaq miqyasında ümumxalq məhəbbəti qazanmışdı. Sovet yazıçılarının ikinci qurultayında poeziya barəsində məruzəsində şairin yaradıcılığına yüksək qiymət verən Səməd Vurğun deyib: "Böyük sənətkar ancaq milli zəmində yüksələ bilər. G. Leonidze belə şairlərdəndir".
G. Leonidzenin Böyük Vətən müharibəsi dövrü yaradıcılığı xüsusilə məhsuldardır. Şairin bu illərdə yazılmış "Qəm eləmə, ana", "Vətən qəhrəmanlarına", "Geri dönməyən", "Hardasan?", "Gürcü döyüşçüsünün dedikləri" və s. şeirləri Vətən övladlarını qılınca sarılmağa və yağı düşməndən qisas almağa çağırırdı. Bu şeirlərdə vətənpərvərlik ruhu olduqca güclüdür.
G. Leonidze yaradıcılığında poema janrı xüsusi yer tutur. Şairin "Samqori", "Tbilisi", "Portoxala", "Kaxetiya şəfəqləri", "Berşoula" və s. poemaları oxucular tərəfindən maraqla qarşılanmış və bu tarixi lirik əsərlərin bədii məziyyətləri son dərəcə yüksək qiymətləndirilmişdir. G. Leonidze istər tarixi, istərsə də müasir mövzuda yazdığı hər bir şeir və poemasında yalnız və yalnız vətəndaşlıq mövqeyindən çıxış etmiş, milli ənənələrə sadiq qalmış, zamanın sərt sınaqları dövründə belə yaradıcılıq sahəsində heç bir güzəştə getməyərək ölməz sənət nümunələri yaratmağa müvəffəq olmuşdur. Tarixi mövzuda yazılmış "Berşoula" poemasında xalqın yenilməz mübarizliyinin tərənnümü güclüdür.
Mərhum şairimiz Əhməd Cəmil "Berşoula" poemasını Azərbaycan dilinə çevirmiş və bu gözəl əsər Azərbaycan oxucuları tərəfindən də rəğbətlə qarşılanmışdır.
Şairin anası Sofiyaya həsr etdiyi "Portoxala" poeması üzərində bir qədər ətraflı danışmaq istərdik. Əvvəlcə onu deyim ki, G. Leonidze zəhmətkeş, sevimli anasına bir neçə şeir həsr etmişdir. Bu şeirlərdə anaya məhəbbət Vətənə məhəbbətlə eyniləşir, bir-birini tamamlayır və gözlərimiz önündəcə Ana-Vətən obrazı canlanır. Lakin "Portaxala" poemasında zəhmətkeş gürcü qadınının - ananın obrazı daha güclü, əlvan boyalarla qələmə alınmış və poema az bir müddət ərzində böyük şöhrət qazanmışdır. Poema rus dilinə tərcümə olunaraq "Drujba narodov" jurnalında dərc edilmişdir. Jurnalda qələm dostunun poemasını oxuyub vəcdə gələn S. Vurğun əsərdən aldığı təəssüratı məktub vasitəsilə şair dostuna çatdırmağı lazım bilmişdi. Gürcü-Azərbaycan ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru mərhum Dilarə Əliyevanın xidməti sayəsində milyonların malı olmuş həmin məktubda oxuyuruq: "Sənin poemanı oxuduqdan sonra gözüm önündə xatirəsinə çox şeir həsr etdiyim acı taleli doğma anam Məhbubə xanımın surəti canlandı. Mən ona çoxlu şeir həsr etmişəm, ancaq etiraf etməliyəm ki, mənə doğma olan bu mövzunu mən sənin kimi ümumiləşdirmə səviyyəsinə qaldıra bilməmişəm. Mən həmişə sənin poeziyanı onda olan hikmətlərə və aforizmə görə sevmişəm. Lakin bu poemanı oxuduqdan sonra sənin şeirini daha çox sevməyə başladım, çox sağ ol, əziz dost, qoy sənin yeni gözəl nəğmələrin yeni poetik simfoniyalarla qovuşsun". Yalnız S. Vurğun kimi həqiqi sənətkar, böyük qəlb şairi əsl sənət nümunəsinə belə yüksək və layiqli qiymət verə bilərdi!
G. Leonidzenin "Qardaşlıq sərkərdəmizdirsə...", "Sovet Azərbaycanı şairlərinə", "Şair həmişə bayraqdardır", "Şairlər, bəs nə edək", "Şairə" şeirləri məhz qardaşlıq duyğularının güclü təsiri ilə yaradılmışdır. Bu şeirlərdə bir tərəfdən şair yaradıcı məsuliyyəti, vəzifə borcu, digər tərəfdən isə dostluq və qardaşlığı qoruyub möhkəmlətmək arzuları öz əksini tapmışdır.
Şairin "Sovet Azərbaycanı şairlərinə" şeiri mərhum Əflatun Saraçlı tərəfindən Azərbaycan dilinə çevrilmiş və "Bir sinədə iki ürək" toplusuna daxil edilmişdir. Şeirdə xalqımızın tarixi keçmişinə ötəri bir nəzər salınır, azadlıq uğrunda vuruşlar da qazandığı qələbələrdən söhbət açılır və bu günü tərənnüm edilir:
Ey Bakı, al tarı, al kamançanı,
Aşıq da kökləsin sədəfli sazı.
Azadlıq nəğməsi gəzsin dünyanı,
Ellər salamlasın bu xoş avazı...
Dillən sədəfli saz, din şirmayi tar,
Vəsf elə bu yurdu, bu doğma eli!
Oxuyaq, necə ki, qəlbən oxuyub
Nizami Gəncəvi və Rustaveli.
Şair azadlıq uğrunda vuruşlarda birgə çıxış edən gürcü və Azərbaycan xalqlarını yenə də bir olmağa, qardaşlıq əlaqələrini daha da möhkəmləndirib, ona yeni məna çaları verməyə çağırırdı.
G. Leonidze Azərbaycan xalqına, onun qədim ədəbiyyat və mədəniyyətinə dərin hörmət bəsləyir, bunun əyani təzahürü olaraq Odlar Yurdunun bir şox şair və yazıçısı ilə səmimi dostluq əlaqələri saxlayırdı. Bu cəhətdən onun S. Vurğunla dostluğu, xüsusilə böyük şairin haqqında dediyi sözlər ibrətamizdir.
"S. Vurğun yalnız Azərbaycan ədəbiyyatının deyil, çoxmillətli sovet ədəbiyyatı xəzinəsini zənginləşdirmişdir. S. Vurğun Azərbaycan sovet poeziyasının çörəyi, duzu, balı, südüdür. O xalq ruhunun canlı mücəssəməsidir. Ecaskar Nizami, Nəsimi, Vaqif şeirinin bu günə qədər hökmfərma olduğu bir yerdə nüfuzlu şair olmaq çox çətindir. Lakin S. Vurğun yalnız öz ölkəsində deyil, ondan çox-çox uzaqlarda belə ümumxalq hörməti qazanmışdır".
G. Leonidze həmçinin S. Rüstəm, M. Hüseyn, R. Rza, M. Rahim, Ə. Cəmil, O. Sarıvəlli və digər azərbaycanlı şair, yazıçılarla da dostluq əlaqələri saxlamış, şeirlərində xalqımıza, musiqimizə, musiqi alətlərimizə, çoxşaxəli mədəniyyətimizə həmişə səmimi münasibət bəslədiyini nəzərə çarpdırmışdır.
G. Leonidze nəsr sahəsində də qələmini sınamış və 1962-ci ildə oxucuların mühakiməsinə verilmiş "Dilək ağacı" hekayələr toplusu ilə nəsrdə də istedadlı yazıçı olduğunu təsdiq etmişdir. Görkəmli gürcü kinorejissoru T. Abuladze 1976-cı ildə həmin əsər əsasında eyni adlı film çəkmiş və əsər tamaşaçıların böyük rəğbətini qazanmışdır.
G. Leonidze 1966-cı ildə həyata əbədi göz yummuş və özündən sonra zəngin irs qoyub getmişdir. Elə buna görədir ki, G.Leonidzenin yubileyləri şairin adına layiq qeyd edilir. Azərbaycan xalqı da hər dəfə öz yaxın dostunun yubileyini bayram edir. Gürcüstanın azərbaycanlı məktəblərində S. Vurğunla G.Leonidzenin dostluğuna həsr olunmuş əbədi-bədii gecə keçirmək gözəl ənənəyə çevrilmişdir. Belə tədbirlərin keçirilməsi iki xalq arasındakı dostluğun parlaq nümunəsidir. Axı, yazıçı və şairlərin şəxsi dostluğu xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin güclü amillərindəndir. Bax, bu baxımdan munis duyğular şairi Georgi Leonidze ilə Səməd Vurğunun dostluğu gürcü və Azərbaycan xalqları üçün əsl örnəkdir.
Almaz KOXALI