Dünən Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilən "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində ADU-nun rektoru Səməd Seyidov, deputatlar və bir sıra ölkələrin səfirləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
ADU-nun rektoru Səməd Seyidov tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilən "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edildiyini diqqətə çatdırıb. Rektor Hüseynbala Mirələmovun öz fəaliyyəti ilə ölkənin çiçəklənməsinə və dünyada tanıdılmasına xidmət edən bir ziyalı və yazıçı olduğunu söyləyib. Rektor qeyd edib ki, H. Mirələmov Ümummilli lider Heydər Əliyev haqqında da kitab yazıb. O, "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının dünyanın bir sıra dillərinə tərcümə olunduğunu söyləyib.
Tədbirdə kitabın Küveytdə keçirilən təqdimatından bəhs edən videoslayd nümayiş olunub. Videoslaydda qeyd olunub ki, kitabın ərəb dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, kitab Prezident İlham Əliyevin bütün dünyada parlaq siyasi gələcəyi olan siyasətçi kimi tanınan istedadlı dövlət xadimi olduğunu sübut edir. Komitə sədri kitabın təqdimatının Azərbaycan Dillər Universitetində keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. E. İbrahimov çıxışında Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində ölkənin iqtisadiyyatının gücləndiyi, insanların rifah halının yüksəldiyini, xarici siyasətdə uğurların əldə olunduğunu deyib. Komitə sədri Azərbaycanda aparılan təhsil siyasəti nəticəsində Dillər Universitetinin inkişaf etdiyini və bu gün ölkədə aparıcı ali təhsil ocaqlarından biri olduğunu bildirib.
Vəfa MƏMMƏDLİ