|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubun mətnini təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarına
Hörmətli cənab Prezident!
İyunun 17-də bütün ədəbi nəsilləri təmsil edən nümayəndələrin və iyirmiyə qədər xarici ölkədən dəvət olunmuş nüfuzlu yazıçıların iştirakıyla Azərbaycan yazıçılarının XII Qurultayı uğurla keçirildi. İyunun 18-də Azərbaycan Yazıçılar təşkilatının 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə çoxsaylı xarici qonaqlar çıxış edərək ölkəmizin son illər hər sahədə nail olduğu nailiyyətlərdən ürəkdolusu danışdılar.
Qurultayımızın və yubiley tədbirimizin belə yüksək şəkildə keçirilməsinə şərait yaratdığınıza və hərtərəfli dəstəyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Birliyimizin 80 illiyi münasibətiylə ünvanladığınız məktubda yazıçılarımızın əməyini, Vətən, xalq və Ana dilimiz qarşısında xidmətlərini layiqincə dəyərləndirmisiniz. Bu səmimi sözlərə görə də Sizə minnətdarlığımızı bildiririk. Bütün bunlar ulu öndərimiz, unudulmaz Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə daimi qayğısı və diqqətinin çağdaş dövrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsinin yeni təzahürüdür.
Azərbaycan yazıçıları həmişə olduğu kimi xalqımızın mədəni inkişafı yolunda bundan sonra da bütün varlıqlarıyla çalışacaqlar, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin, müqəddəs Ədəbi Sözün keşiyində duracaqlar.
Hörmətli Prezident!
Müstəqil dövlətimizin maraqları naminə, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Sizə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, səadət arzulayırıq.
ANAR - Azərbaycan
Yazıçılar Birliyinin sədri
Fikrət QOCA - Birliyin
birinci katibi
Arif ƏMRAHOĞLU -
Birliyin katibi
Çingiz ABDULLAYEV -
Birliyin katibi
Rəşad MƏCİD - Birliyin katibi
Nazim İBRAHİMOV -
Birliyin sədr müavini