“Dövlət rüsumu haqqında” qanun layihəsinə bir sıra dəyişikliklər edilib. Qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O bildirib ki, dəyişikliyə görə ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumlarının dərəcələri müəyyənləşib.
Z. Səmədzadənin sözlərinə görə, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsinə görə avtomobil yollarının vahid dövlət reyestrindən çıxarılması üçün 10 manat dövlət rüsumu ödənilməlidir. Qeyd edək ki, qanun layihəsi müzakirələrin sonunda qəbul edilib.