Dünən Nizami Kino Mərkəzində Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günü keçirilib. Anım mərasimi bəstəkar Sevda İbrahimovanın bəstələdiyi, vokalçı Ramil Qasımovun ifa etdiyi “Gültəkin” poeması ilə başlayıb. Tədbirdə Milli Qəhrəmanın anası, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova çıxış edərək, G.Əsgərovanın keçdiyi döyüş yolundan danışıb. O, tədbirdə müəllifi olduğu və yeni çapdan çıxan “Gültəkin zirvəsi” kitabını təqdim edib, kitab haqqında məlumat verib.
Daha sonra Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib. O, Milli Qəhrəmanın şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu, belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Mərasimdə Kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov Gültəkin Əsgərovanın keçdiyi döyüş yolundan söz açıb. Bildirib ki, Gültəkin Əsgərova hərbi həkim kimi onlarla insanın həyatını xilas edib, 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 noyabr tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qeyd edək ki, 26 İyun –Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilir. Bu səbəbdən də şəhər icra hakimiyyəti aparatının kino xidməti idarəsi tərəfindən G.Əsgərova haqqında çəkilmiş sənədli filmin də təqdimatı olub. Filmin rejissoru Kəmalə Musazadədir.
Sonda “Gültəkin” sənədli filmi nümayiş etdirilib.
Samirə QULİYEVA