2014-cü ilin aprel ayında Praqa şəhərində keçirilən beynəlxalq məclisdə iştirak etməyən Türkiyə Respublikasının ünvanına açıq-aşkar böhtanlar yağdıran Ermənistanın bişərəf işğalçı prezidentini ifşa edən, susduran möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dünyaya bəyan etdi ki, bu tədbirdə Türkiyə Respublikasının nümayəndəsi yoxdur, amma mən buradayam...
Sənsən deyən
Mən burdayam,
Buradayam kəlməsini.
Dünya bir də eşitdi o
Qəzəb dolu haqq səsini,
Gur səsini,
Vətən oğlu!
Mən-Türkiyə! Deyən sənsən.
Azərbaycan! Deyən sənsən.
Quldurbaşı yaramaza,
Yox, sus, dayan! Deyən sənsən.
O dağ dedi- mən burdayam!
Torpaq dedi-mən burdayam!
Hər budaq bir tüfəng oldu,
Bayraq dedi-mən burdayam!
Bu xalq dedi-mən burdayam!
Biz hamımız
Mən burdayam sədasından
Vəcdə gələn bir əsgərik.
Qoy eşitsin dünya bizi
Səngərlərə səfərbərik!
Gözlərimiz baxa-baxa
Necə dözək bu həsrətə?!
Necə dözək bu dəhşətə,
Yollarımız-Qarabağa!
Dəstə-dəstə,
Axın-axın
Dönəsiyik Şuşamıza!
Səmalardan qartal kimi
Enəsiyik Şuşamıza!
Sən bu yurdun
Torpağında, havasında,
Suyundasan, daşındasan,
Vətən oğlu!
Möhtəşəm Türk
Ellərinin
Ürəyinin başındasan,
Vətən oğlu.
YERALTI QATARLARIN SÖHBƏTİ
Nərimanov metrosunda
Şərqə tərəf gedən qatar
Salam verdi
Cənuba gedən qatara.
–Nə, necəsən, qardaş
Buradan yolun hara?
Cənuba gedən qatar
Bir ah çəkdi dərindən.
Az qala güllə çıxsın
Köhnəlmiş fit yerindən.
–Nə bilim, Vallah,
Adı çox qəribədi
“Gənclik” deyirlər, nədi,
“Gənclik”-
insan ömrünün bir halı.
Bəlkə yoldaş Nərimanova
Verək biz bu sualı...
Şərqə üz tutan qatar
Bir balaca titrədi,
Aldı görək, nə dedi:
– Gərək bir savadlı tapaq
Şikayətimizi yaza
Mən də yola düşürəm
Səma cismi “Ulduz”a...
Bu “Ulduz” nədir axı,
Bizlərin nə günahı?
Bizim Bakı merinə
İradımız var,
Məşhur adam adları,
Gül kimi
Yer adımız var:
– Göygöl, Qırxqız, Şahdağ,...
Gəncə, Naxçıvan,
Qarabağ...
Şair Bəxtiyar, Şəhriyar
Yusif kimi Neft alimi,
Babadağ, Murov
Ziya Bünyadov...
Rəssam Səttar
Yəqin yeni metrobaşı
Səni,məni
Qınamaz qəti!
Yaxşı, Cənuba
Gedən qatar
Quraraq bu söhbəti
Bura Yerin altdı
Bizi eşidən olar...
ŞAİRİN YAZ YAĞIŞI
Birdən
Göy top atdı-
Bulud hürkdü,
Şair diksindi,
Yağış başladı,
nə başladı...
Bir zümrüd talada
Az qala çıxsın yadından
şairin adı.
Qoşa əllərilə
Yer kürəsinə bənzər
yum-yumru
başını tutdu.
Qanad-qanad
Yaddaşına yığdığı
Göyərçin qafiyələri
tamam unutdu...
Çətri altına
Yüyürdü vələsin
Buludlar tələsirdi,
Buludlar da istəyirdi
Bu gurhagur suları
Şairin təpəsinə
ələsin...
Bu yağış kimi
Şairin də məzəli, qəribə
ovqatı vardı.
Bir də ayıldı ki,
bütün qafiyələri
Bu yağış
Beynindən yuyub apardı...
Boş qaldı başı...
Qoşulub buludlara
Hara uçdu, hara getdi yaddaşı?..
Bəlkə sənin xəbərin var
Çətir tutmuş vələs, heyy!
Durma, şair
Misraların çəməninə tələs, heyy!
Yağış yenə yağa bilər,
Misraların islanar...
ALLAHA AND OLSUN Kİ...
Göylərə and olsun ki,
Gözüm yox filankəsin
Var-dövlətində.
Allah var eləsin!
Kasıb düşüb qalsam
Darda, çətində
Ola bilər ki, kiməsə
ağız açım.
Kiməsə deyə billəm
Nəyə var ehtiyacım...
Özüm kimi köhnə evimin
Maşallah-işığı, qazı...
Mən ondan razıyam
O, məndən razı...
Bir az çat verib papağı
Onu da dəyişərik
İnşallah, qışqabağı...
Uşağımın ayaqqabısını,
Qadınımın paltarını,
Süfrəmin bərəkətini
– Çörəyini, soğanını,
ətini
Allaha and olsun ki,
Halalca puluma
almışam.
Rahata açar qapını mələklər
Səhər-axşam...
...Bilirəm, günlərin bir günü
Əcəl gələsidir
üzü bəri...
Keçib neçə-neçə
imarətləri,
Keçib neçə-neçə alabəzək
Sarı, qonur,
göy hasarı...
Səmadan bir əl enəcək,
Qaldıracaq cənazəmi göyə sarı...
Səndən o tərəfə
Üstünə gedəsi kimsəm qalmayıb,
Bəlkə indi durum yanına gəlim.
Hər tanış-bilişə söz demək-ayıb.
Gəlsəm sevinərsən gəlim, gözəlim?!
Zəng çalan, halımı soran hanı ki...
Kimə deyəsən ki, nə var, nə yoxdu?
Biganə kəsləri sən də tanı ki,
Nətəsi, kəlməsi qardan soyuqdu...
Hər yoldan ötənin yolundan keçmə.
Səni bilməyənlə sənin nə işin?
Qadın tanıyaram
ər-ona heç nə,
Kişi var evində-
kirayənişin...
Mənim gümanım yox gur işıq yana.
Bir şam şöləsinə uzandı-əlim.
Bulaq üstə gedər ürəyi yanan
Bəlkə indi durum yanına gəlim...
Səndən o tərəfə yol-yox,
gözəlim....
TÜFƏNG
Özünə bir tüfəng aldı,
Quş görüncə quşa atdı.
Bilmədi bu necə haldı,
Daş görüncə daşa atdı.
Qundağını parıldatdı,
Gülləsini sığalladı.
Gecə böyrünə uzatdı.
Desinlər ki, ağıllıdı...
Niyyəti də aydın, açıq
Dedi: pələng, qarşıma çıx!
Sinəni dağladım sənin.
Ananı ağladım sənin.
Dağlara meydan oxudu,
Qayalara lağ eylədi.
Daha qorxusu yox idi,
Bir gecə lap ağ eylədi:
– Bəsdir, atdın dağa, daşa...
Tüfənginin lüləsini
Tuşladı bir vətəndaşa...
Məmməd Aslan
Yeri, yol sənindi,
yolun haqdısa
Qorxu yox, üzünə Tanrı baxdısa...
Bir palıd köksündə yuvan yoxdusa,
Daha havalanıb uçmağa dəyməz.
Dağların yay ömrü-mülayim, həzin.
Getdiyin dağlarda doyunca gəzin.
Üzü üzlər görmüş qədirbilməzin
Adına misralar qoşmağa dəyməz.
Sən-Məmməd,
Mən-Ramiz,
Şuşamız hanı?!
Bu oğru, bu quldur dünyanı tanı!
Bizləri şeytana satan dünyanın
Sürtük qapısını açmağa dəyməz!
Yeri, Məmməd Aslan,
Gücün var, yeri....
FUTBOL
Futbol oynayırdım
uşaqlığımda
Dəstəylə cumardıq
meydana-haydı!..
Oyunda dönərdik
alova, oda,
Qapıçı durardım-
Boyum ucaydı...
Eh, top buraxmışam,
yalan nə deyim,
Bu da bir oyundu,
bu da bir işdi.
Yox idi heç kəsdən
Vallah, gileyim.
O vaxt olan oldu,
Keçən də, keçdi...
Böyüdük, dağıldıq
hərə bir yana.
Gördüm ki, topsuz da
minbir oyun var.
Gördüm boz sifətlər
axıb meydana
Top vurmaq qəsdilə
qaçır adamlar.
Yaman hay-həşirdi,
lap başabaşdı.
Hamı hücumdadı-
qapıya sarı.
O kimdi topunu
topuqan asdı
Gözü axtarırdı
boş qapıları...
Mənim oyunlarda
adım yox idi,
Məni kim aldatdı,
hara baxmışam?
Hakim fitin verdi,
hökmün o
xudu...
Ay aman, qapımdan
top buraxmışam...
Bu oyun məzədi,
hoqqadı nəsə...
Qalibi, məğlubu kim yoza bilər?
Əgər üzü dönsə,
hakim istəsə
Güclünü gücsüzə
uduza bilər...
...Yəqin kimsə deyib:
–Bircə top-bəsi...
Bizim xorumuzda
Yeri yox hələ...
Mən duran qapıya
top vuran kəsin
Məmməd Araz demiş:
–Beləsi belə...
SATASI NƏYİ QALDI Kİ...
Satmağa nəyi qaldı ki...
Satdı...
Satıb nə aldı ki...
Sata-sata qocaldı ki...
Nənəsindən qalmış
Altı gümüş qaşığını
satdı...
Elə bil gözlərinin
işığını satdı...
Yuumurtlayan toyuğunun
Vaxtı yetişdi.
Onu tutunca əldən düşdü,
Heyi kəsildi.
Bu yosma toyuğa
Yaman öyrəşmişdi
Neçə ildi...
Cırıl
dayan divanın yeri
Qarayaraya dönüb,
Sızıldayır, ay aman.
Bu qadın dəli olub, nədi,
Düyüncəsindəki qəpik-quruşu
Xəzinə sayır, ay aman!
Günlərin bir günü də
Baxmadı soluna, sağına,
Dərdini kilim kimi
Bürmələyib
Vurdu qoltuğuna
Çıxardı bazara:
– Ay dərd alan!...
Ucuz satıram, ucuz!..
Dərddən qiymətli nə var?
Çölə atıram, ucuz...
Ay dərd alan!...
Baş tutmadı
alış-verişi.
Bacarmadı bu işi...
Hanı dərdin müştərisi?
İstədi dərdi satıb
Bir balaca sevinə,
Əliboş qayıtdı evinə...
Gözü paslanmış pəncərədən
Sallanan pərdəyə sataşdı.
Pərdəli xatirələr
Eh, daha nələr, nələr...
Dumana, küləyə dönüb
Bir-birinə dolaşdı...
Gecəyarıyadək çəkmədi
Pəncərədən gözünü...
Pərdə nəsə duymuşdu,
Sübh tezdən
Pəncərədən düşüb,
Həyətdəki ağacdan
Asdı özünü...
QADIN TELEFON AÇDI
Qadın özü tapmışdı
“Göndəriş”i
istirahət evinə.
Kişi də oturub təyyarəyə
Getdi sevinə-sevinə.
Qadın çox istəyirdi
Kişi getsin
uzaqlara.
Dəxli yox idi hara...
Təki getsin,
uzaq olsun!
“Göndəriş”i verənin
üzü ağ olsun!
Qadın istəyirdi ki,
əl-ayağına
dolaşan olmasın.
Heç nədən nigaran qalmasın...
Balalar –
öz evində-eşiyində,
Qadınsa öz işində...
...Çöldə külək, soyuq,
Otaqda isti.
Alışıb yanırdı
divar sobası.
Bağ sahibi dilləndi.
–Nə yaxşı gəldin,
qadası.
Sənsən, mənəm,
sərbəst olaq,
İstəsən lap məst olaq...
Birinci badədən
Qadının yanaqları
Divar sobasından
Od alıb yanırdı.
Soba onlara baxıb
Bir az həya eyləyib,
utanırdı...
Mülayim bir avaz qatıb
səsinə
Qadın telefon açdı
Uzaqdakı kişisinə.
–Necəsən, canım, gözüm,
qəti darıxma!
Ye, iç, gəz,
heç nəyə baxma!
Sən yoxsan, tək qalmışam
tez gəlsənə!
Daha nə deyim sənə...
...Badələr gülüşdükcə
Qadın sığallanırdı.
Sol əlində telefonu
Bıçaq kimi tutmuşdu...
Sağ əli yad kişinin
Boynundan sallanırdı...
TƏNHALIQ
Öz-özünü səslədi,
çağırdı.
Hanı, cavab-filan-yox.
Tənhalıq təklik deyil,
Tənhalıqda yalan-yox...
Telefonu qaldırıb
yığdı onu.
O, söndürmüşdü
telefonu,
İstədi ki, bağırsın,
Günəşi, ulduzu,
göyləri
Köməyinə çağırsın.
İstədi ki, dizini
Yerə qoyub
Dua etsin Allaha...
İstədi ki, səsini
eşitsin
O zəhləsi gedən kəsin
bir daha.
Boş yerə nəyisə
axtardı, gəzdi.
Bu tənhalıq qalasının
o üzündən
Kimisə gözləməyə
dəyməzdi...
Durub sobasını
yandırdı
İstədi ki, tənhalığı
bir az qızdırsın,
Tənhalığa soyuqdu
Allaha min şükür ki,
tənhalıq.
Laldı, kardı,
Deməyə sözü yoxdu...
Əgər danışa bilsə,
işə salar özünü...
.
SƏNƏ QOVUŞMAQ ÜÇÜN
Ağac olub
Göyərənin nə dərdi...
Ağac oldum
Budaqları qulac-qulac
oldum.
Quş oldum,
uça bildim.
Ah, göylər nə gözəlmiş,
Yaxasın aça bildim.
Buluda döndün,
Yağış oldum
Saçlarına səpələndim.
Bu ətir hardan belə?
Şəfəqlərə bələndim.
Yox, başqası eşitməsin,
Yox, qoy təkcə sənə deyim
Giz
licə bir xəbəri:
– O gecə ki, Aya döndüm
Sənin pəncərəndən
Xəlvətcə keçdim içəri...
Mən bir də
Bu dünyaya gələsi olsam,
Sənə qovuşmaq üçün
Ağaca, yağışa,
Daşa, quşa dönəsiyəm.
Torpaqdan göyərəsiyəm,
Göylərdən enəsiyəm...
...Sən məni
gözləməsən necə?...
SAĞ ƏLİN BAŞIMA
Sənə nə var, ketin-yüzdə
Xoş xəbər çıxdın qarşıma.
Ev tikmisən kəndinizdə
Sağ əlin mənim başıma.
Çox istəyim həmən oldu.
Ta nə yaraşar yaşıma...
Səni də bir sevən oldu
Olsun, sağ əlin başıma.
Ömür nə qənd, nə xurmadı.
Kim zəhər qatdı aşıma?
Filankəs yatdı durmadı...
Onun sağ əli...
hanı ki?...
GÖYLƏRİN ALTINDA
Mən sənsiz yaşaya bilərdim,
Sən-mənsiz,
Başqa göz nə gərək?
Demirəm mən sənsiz ölərdim
Sənə də zülm etdim, ay ürək...
Göylərin altında cənnət var.
Yer üzü-sevdalar dənizi...
Cilvəli, mirvari duyğular
Olmasa, qaralar Yer üzü.
O ulduz sənindir, baxmısan?
Sən xoşbəxt olası bir qadın!
Sən mənim qarşıma çıxmısan,
Sən mənim bəxtimə çıxmadın...
yanvar-may 2014-cü il, Şüvəlan