|
|
|
|
Prezident Həsən Ruhaninin Türkiyəyə səfərinə dünya miqyasında maraq böyük idi. Son 18 ildə ilk dəfə olaraq İranın dövlət başçısı geniş nümayəndə heyəti ilə Ankaraya səfər edirdi. Bundan əlavə, Ruhani islahatçı rəhbər kimi tanınır. Onun Türkiyə ilə münasibətləri hansı səviyyə çatdıra biləcəyi ekspertlərin diqqətini çəkməkdədir. Danışıqlar göstərdi ki, iki dövlət əlaqələrini genişləndirmək niyyətindədirlər. Bununla yanaşı, onların regionda cərəyan edən geosiyasi proseslərə münasibətləri fərqlidir. İndi yaranmış bu vəziyyətdən Ankara və Tehranın strateji tərəfdaşlıq naminə necə çıxacaqları düşündürücüdür.
Rəsmi Tehran: pis ənənəyə son!
Həsən Ruhani siyasi sürprizlərini davam etdirir. Onun Türkiyəyə səfəri bütün dünyada əks-səda doğurdu. Son 18 ildə ilk dəfə idi ki, İranın dövlət başçısı Ankaraya səfər edirdi. Doğrudur, İran rəhbəri Anıtqəbiri ziyarət etmədi. Ancaq Rəcəb Tayyib Ərdoğan da İran səfərində Ayətullah Xomeyninin məzarını ziyarət etməmişdi. Görünür, Tehran və Ankara regionda müşahidə edilən geosiyasi həssaslıq fonunda bu qaydaya önəm verməməyi qərara alıblar. Hər bir halda, Türkiyə və İran rəhbərliyi yüksək səviyyədə danışıqlar aparıblar. Hətta onlar yüksək səviyyəli strateji tərəfdaşlıq mexanizmini qurmağı razılaşdırıblar, bütövlükdə 10 sənəd imzalayıblar.
Sazişlər, əsasən iqtisadiyyat, enerji, turizm, ekologiya sahələrini əhatə edir. Tərəflər həmin istiqamətlərdə əlaqələri inkişaf etdirmək haqqında razılığa gəliblər. Ümumilikdə iki ölkə arasında ticarət dövriyyəsini 2015-ci ildə 30 milyard ABŞ dolları səviyyəsinə qaldırmaq məqsədi vardır (bax: Kritik ziyarette 3 kritik gündem / "Hürriyet", 12 iyun 2014).
Ekspertlər hesab edirlər ki, Türkiyə və İran iqtisadiyyat və enerji sahəsində əməkdaşlığı dərinləşdirməkdə maraqlıdırlar. Bu, onların hər ikisinə faydalıdır. İran Qərbin sanksiyalarının vurduğu zərəri kompensasiya etməyə çalışır. İndi Tehranın imkanları bir qədər genişlənib – Vaşinqton onunla əlaqə yaratmaqda maraqlıdır. H.Ruhani xarici səfərlərində niyyətinin səmimi olduğuna siyasətçiləri inandıra bilib. Gözlənilir ki, İran həmin aspektdə münasibətləri yeni səviyyəyə yüksəldə biləcək. Hər bir halda, Qərbin Tehrana qarşı əvvəlki sərtliyi və düşmənçiliyinin əriməyə başladığı duyulur. Belə şəraitdə İran-Türkiyə münasibətlərinin hansı səviyyədə olmasının əhəmiyyəti böyükdür.
Türkiyə üçün də İranla iqtisadi-ticari və enerji sahəsindəki əlaqələri intensivləşdirmək sərfəlidir. Ankaranın daha çox qaz məsələsində İrandan asılılığı vardır. Lakin Tehran Ankaraya bu enerji daşıyıcısını çox baha, bir kubmetrini 480 ABŞ dollarına satır. İndi Türkiyə həmin rəqəmi 360-380 dollara salmağa çalışır. Son məlumata görə, tərəflər bununla bağlı ortaq nəticəyə gələ bilməyiblər. Ancaq danışıqları davam etdirmək haqqında razılıq əldə olunub (bax: Türkiye ile İran anlaşamadı! / "Habertürk", 10 iyun 2014).
İranın şərti daha çox qaz almaqdan ibarətdir. Bu məsələ adi kəmiyyət amili ilə əlaqəli deyil. Görünür, Tehranın Ankaradan Rusiya və Azərbaycanla enerji sahəsində əməkdaşlıqla bağlı hansısa tələbi vardır. Burada Ermənistan faktoru da rol oynaya bilər. Bunlara rəğmən, ola bilsin ki, İran tələblərində sona kimi israr etməsin. Çünki məsələnin bir tərəfi regional miqyasda cərəyan edən siyasi və geosiyasi proseslərə bağlıdır (bax: Hilal Köylü. İran ve Türkiye ‘yeni sayfa’ açabilir mi? / "Deutsche Welle", 9 iyun 2014).
Yüksək səviyyəli əməkdaşlıq: geosiyasi reallıqlar müstəvisində
Əslində, qlobal geosiyasət və regional maraqlar aspektində məhz bu məqam daha çox maraq doğurur. Burada bir neçə faktor vardır ki, onlar İranla Türkiyənin əməkdaşlığında çətinliklər yaradır. Hər şeydən əvvəl, Suriya və Misir məsələsini vurğulamaq lazım gəlir. İran prezidenti Ankarada açıq deyib ki, Bəşər Əsədi seçkidə qalib gəlməsi münasibəti ilə təbrik edib. Türkiyə isə ABŞ və Avropa ilə birlikdə Suriyadakı seçkini tanımır. Bu onu göstərir ki, Yaxın Şərqin geosiyasi gələcəyi ilə bağlı Ankara və Tehran arasında ciddi fikir ayrılığı mövcuddur.
Misirlə əlaqədar da təqribən eyni vəziyyətdir. General Sisi andiçmə mərasiminə Türkiyəni dəvət etməmişdi. İranla isə onun yaxın münasibətləri formalaşıb. Bir sıra ekspertlər Sisiyə Tehranın dəstək verməsi və Qərbə yaxınlaşması ilə "sünni düşərgəsi"ni parçaladığı fikrini irəli sürürlər (bax: Deniz Zeyrek. Batıya yaklaştı Sünni eksenini böldü / "Hürriyet", 11 iyun 2014). Bu, faktiki olaraq Ankaranın geosiyasi maraqlarına qarşı çıxmaqdır. Onu demək lazımdır ki, Türkiyə rəhbərliyinin, İslama dayanan siyasi partiyalara üstünlük verdiyindən "sünni düşərgəsini parçalayanla" hansı səviyyəyə qədər dost ola biləcəyi aydın deyil.
İki ölkə üçün həssas olan digər mövzu radikal dini qruplaşmalara münasibətlə bağlıdır. İran prezidenti Ankarada maraqlı təkliflə çıxış edib. O, "mötədil İslam"a dəstək üçün iki ölkənin səylərini birləşdirməsi zərurətindən danışıb (bax: Duygu Güvenç. ‘Ilımlı İslam’ çağrısı / "Cumhuriyet", 9 iyun 2014). Lakin H.Ruhaninin radikal islami qruplar dedikdə konkret hansı təşkilatları nəzərdə tutduğunu da nəzərə almaq lazımdır. Məsələn, "mötədil İslam"dan danışmaq olar, ancaq Suriyada "Hizbullah"ın savaşması üçün ona hər cür yadım etməyin buna necə xidmət etdiyini demək çətindir. Və yaxud İranın müəyyən dairələrinin Yaxın Şərqdə bir çox terrorçu qruplara havadarlıq etdiyi faktını gizlətmək mümkün deyildir.
Belə olan halda radikal dini qruplaşmalara qarşı iki ölkənin birlikdə hərəkət etməsi məsələsi elə də aydın olmur. Lakin bu o demək deyildir ki, Tehran ümumiyyətlə, Yaxın Şərqdə sabitliyin yaranmasında maraqlı deyil. Əksinə, İran üçün bunun böyük əhəmiyyəti vardır. Həmin səbəbdən Tehranın İraq, Suriya, Misir və başqa həssas məsələlərdə Ankara ilə birgə fəaliyyət göstərməyə çalışdığı normaldır. Mümkündür ki, iqtisadiyyat və enerji amilləri ilə yanaşı, məhz bu kimi faktoru da nəzərdə tutaraq Türkiyə prezidenti "Ruhaninin ziyarəti bir dönüş nöqtəsidir" fikrini söyləyib (bax: Cumhurbaşkanı Gül: Ruhani’nin ziyareti bir dönüm noktasıdır / "Cihan", 9 iyun 2014).
Nəhayət, hər iki ölkə üçün aktual olan digər məsələ terror və separatizmdir. Ankarada bu istiqamətdə əməkdaşlıqla bağlı razılığa gəlinib. Terrorun bütün formalarına qarşı bərabər hərəkət etmək zərurəti vurğulanıb. O cümlədən, PKK-ya qarşı İran və Türkiyə birgə mübarizə aparmalıdırlar. Bununla yanaşı, İranı narahat edən terror qruplarına Türkiyə imkan verməməlidir. Burada hər iki dövlət üçün vəhhabilik, sələfilik təhlükə törədir.
Bunun son əlaməti kimi "İraq və Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının İraqda fəaliyyətini gücləndirməsini demək olar. İŞİD-in Mosulda ilk işi 28 türk sürücünü girov götürməsi olub. Bu təşkilatın nümayəndəsinin dediyinə görə, onların əsas düşməni Nuri Malikidir və türklərin onunla əlaqəsinin olmadığı aydınlaşsa, girovlar azadlığa buraxılacaqlar.
Belə çıxır ki, artıq Yaxın Şərqdəki bəzi dairələr Türkiyə-İran yaxınlaşmasına mənfi münasibətlərini bildiriblər. Bunların Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə bağlı ola biləcəyi istisna edilmir. Hər bir halda belə görünür ki, regionda qarşıdurmanı kəskinləşdirmək üçün bir sıra qüvvələrin fəaliyyəti səngiməyib. Həmin kontekstdə İranla Türkiyə arasında münasibətlərin inkişafına maneə törətmək cəhdlərinin davam etməsi ehtimalının olduğunu qəbul etməliyik.
Bütün bunlar göstərir ki, Həsən Ruhaninin Ankara səfəri sözün həqiqi mənasında tarixi əhəmiyyət kəsb edir. İki müsəlman ölkəsinin rəhbərliyi yüksək səviyyədə əməkdaşlığa ehtiyac olduğunu qəbul etmiş olurlar. Onlar arasında hətta prinsipial geosiyasi məsələlərdə mövqe fərqliliyi olsa da, Türkiyə prezidentinin bir fikrinin xüsusi əhəmiyyəti vardır. Abdullah Gül Türkiyə ilə İranı Fransa və Almaniya ilə müqayisə edib. O deyib ki, Avropanın bu iki böyük ölkəsi bir-biri ilə əməkdaşlıq etməyi bacardılar. Eyni ilə Türkiyə və İran ümumi dil tapmalıdırlar (bax: əvvəlki mənbəyə).
Onu nəzərə alaq ki, artıq İran və Türkiyə arasında əlaqələrə ciddi töhfə verə biləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (YSƏŞ) yaradılıb. Görünür, bütün ziddiyyətli məqamları uzlaşdırmaq üçün tərəflər ciddi qətiyyət nümayiş etdirirlər. Bu məqam Yaxın Şərqin və bütövlükdə müsəlman dünyasının iki böyük dövlətinin münasibətlərdə yeni səhifə açdığını ifadə edir. Daha doğrusunu zaman göstərəcək.
Newtimes.az