Avropa və dünya onkologiyasının lokomotivlərindən sayılan “European Society of Medical Oncology” (ESMO) təşkilatının rəhbərliyi və təşkilatçılığı ilə bu il iyun ayının sonunda İspaniyanın Barselona şəhərində Mədə-bağırsaq sisteminin bədxassəli şişlərinə həsr edilmiş dünya konqresi keçiriləcək.
Lent.az-ın məlumatına görə, bu mürəkkəb elm sahəsinin digər lokomotivi isə Amerikanın nüfuzlu American Society of Clinical Oncology (ASCO) təşkilatı sayılır.
Konqres ildə bir dəfə keçirilir və sayca 16-cı olan, dünyanın bütün ölkələrindən mindən çox tədqiqatçının iştirakı ilə keçirilən bu konqresdə təxminən 300 məruzəçiyə elmi çıxış üçün dəvət göndərilir. Dünyanın əksər ölkələrinin tədbirdə iştirak etməsinə baxmayaraq, təxminən yalnız 40-50 ölkədən məruzəçi seçilir. Konqresdə yalnız maraq doğuran məruzələrin oxunmasına icazə verilir.
3-cü ildir ki, dünya konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Mədə-bağırsaq onkologiyası şöbəsinin rəhbəri, tibb elmləri doktoru Ramiz Bayramov təmsil edir.
Qeyd edək ki, tibb elmləri doktoru Ramiz Bayramov bu mötəbər konqresdə artıq üçüncü dəfədir geniş məruzə ilə çıxış edəcək.