Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Ağcabədi rayonunda ziyalılar, din xadimləri və ağsaqqallarla görüş keçirib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, dövlət müşaviri xidmətinin baş məsləhətçisi Azər Fərzəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov da iştirak ediblər.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkəmizdə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın tarixi inkişaf xüsusiyyətləri, əlverişli coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və digər amillər burada bir sıra dinlərin mövcudluğuna şərait yaradıb. Tarixin müəyyən dövrlərində ölkəmizdə bütpərəstlik, zərdüştlük, iudizm, xristianlıq, islam və s. din və cərəyanlar yayılmış və bir-birinə qarşılıqlı təsir göstərib.
Dövlət müşaviri Kamal Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrdən, multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
K.Abdulla Ağcabədi rayon məscidində olub, din xadimləri ilə söhbətlər aparıb.
Sonda səmimi dialoq şəraitində keçən görüşdə rayonun axundu və din xadimləri müxtəlif təkliflər irəli sürüblər.
Kamal Abdulla Qarabağ bölgəsinə səfəri çərçivəsində ziyalılar və din xadimləri ilə növbəti görüşü Ağdam rayonunda keçirib. Görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzərək, ümummilli liderin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən görüşdə çıxış edən Kamal Abdullayev ölkəmizdə dövlət-din münasibətlərinin prioritet istiqamətləri, milli-mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanılması, Azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti tərəfindən həyata keçiriləcək layihələrdən danışıb.
Görüşdə yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilib. Xüsusən gənc nəslin milli-mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəldilib. Qeyd olunub ki, məscidlər təkcə ibadət məkanı deyil, həmçinin mədəniyyət ocağı olmalı, burada dini kitablarla yanaşı dünyəvi kitablar da saxlanılmalıdır.
Sonra dövlət müşaviri Xındırıstan kənd məscidində və Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında olaraq, din xadimləri ilə söhbətlər aparıb
(azpress.az).