Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "525"-ə verilən məlumata görə, Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən qəbula Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından 30-a yaxın vətəndaş yazılıb.
Əvvəlki qəbullarda olduğu kimi, bu dəfə də vətəndaşların müraciətləri əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi və s. məsələləri əhatə edib. Sumqayıt şəhərində turizmin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, Abşeron rayonunda dövlət teatrının yaradılması barədə təşəbbüslər, eləcə də işlə təminat və digər sosialyönümlü məsələlərlə bağlı müraciətlər də diqqətə çatdırılıb.
Nazir Əbülfəs Qarayev mətbuata açıqlamasında əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edib, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlığının təqdirəlayiq olduğunu bildirib: "Bugünkü qəbulda abidələrlə, onların bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Biz bu təşəbbüsləri yüksək qiymətləndiririk".
Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin, incəsənət məktəblərində təhsilin təşkili ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu deyib: "Burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizi də narahat edir. Məsələn, musiqi və incəsənət məktəblərində tədrisin ikinci növbəyə düşməsi həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır ki, bu da kompleks yanaşma ilə həll olunmalıdır".
Qəbuldan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilib.
S.ABDULLAYEVA