Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycandan Suriyaya, İraqa gedib döyüşənlər və bundan ilhamlanaraq İslamda sünni-şiə ədavəti salanlarla bağlı dindarlara müraciət edib.
APA-nın məlumatına görə, dindarlarla görüşündə A.Paşazadə bildirib ki, bu gün Azərbaycanda İraq və Suriyada müxtəlif din adı altında qruplaşmalarda gedib döyüşən gənclərin sayı çoxalıb: “Bu məsələdə din xadimləri də məsuliyyət daşıyır”.
Şeyx qeyd edib ki, bu gün gənc azərbaycanlıların bu yola düşməsində hamının, o cümlədən din xadimlərinin də üzərinə böyük iş düşür: “Mən bütün Azərbaycan dindarlarına üz tutaraq deyirəm ki, baxaq görək biz harada boşluq buraxmışıq ki, ondan istifadə edib gənclərimizi bu yola çəkirlər. Bu çox təhlükəli oyundur. Siz məscidlərdə, moizələrinizdə, insanlar arasında apardığınız söhbətlərdə elə etməlisiniz ki, gənclərimiz hansısa qüvvələrin təsirinə düşməsin. Həqiqi İslamı gənclərimizə düzgün aşılamaq lazımdır”.
Şeyx bildirib ki, bütün hallarda bunun qarşısı alınmalıdır: “Mən 35 ildir ki, Qafqazın Şeyxülislamıyam. İndiyə qədər şiə-sünni ədavətinə yol verməmişəm. Allahın köməkliyi ilə bundan sonra da yol verməyəcəyəm. Bu işdə siz dindarlar da fəal olmalısınız”.