Abşeron rayonunda iş yoldaşları arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Əslində, mübahisə zəminində qan tökülməsi barədə çox eşitmişik. Amma bu mübahisənin motivi xeyli maraqlıdır.
525.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Fatmayi kəndinin sakinləri Hacıbəyov Hacıbəy Kamal oğlu və Abdulov Fuad Havadar oğlu Bakının "5 mərtəbə" ərazisində birlikdə işləyirlərmiş. Günlərin birində Hacıbəy Fuaddan 1 manat borc alıb və səhər qaytaracağını deyib. Səhəri gün borc qaytarılıb. Amma iş yoldaşları və həmkəndlilərin arasında mübahisə yaranıb.
Belə ki, Hacıbəyin pulu qaytararkən dediyi sözlər qarşı tərəfin xoşuna gəlməyib.
Abdulov Fuad Havadar oğlu bildirib ki, Hacıbəyin dediyi sözlər onu havalandırıb: "Gəldik kəndə. Söhbət eləyirdik. Evə getdim bıçağı götürdüm, qayıtdım. Söhbət elədiyimiz yerdə bir balaca çərtdim".
Fuadın "çərtdim" dediyi zərbə Hacıbəyi xəstəxanalıq edib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.