Hazırda ölkəmizin bütün ali təhsil müəssisələrində yay imtahan sessiyası davam etməkdədir. Bu prosesi müşahidə etmək, tələbə-müəllim heyətinin bir günü ilə yaxından tanış olmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə yollandıq.
Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimovla görüşüb məqsədimi bildirdikdən sonra Tədris metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevlə imtahan otaqlarına yollandıq. Elə dəhlizdə imtahan keçirilən otaqlara doğru irəliləyərkən, Namiq müəllim universitetlə bağlı məlumat verdi. Bildirdi ki, hazırda ali təhsil müəssisəsində bakalavr səviyyəsində əyani şöbədə 24 ixtisas üzrə 6633 tələbə təhsil alır. Onların arasında əcnəbi tələbələrin sayı 91 nəfərdir. Əcnəbi tələbələr Türkiyə, Gürcüstan və Tacikistan vətəndaşlarıdır. Qiyabi şöbədə isə 1449 nəfər ali təhsil alır. Magistraturada 912 nəfər təhsillərini davam etdirir. Ümumillikdə universitetdə 9 mindən çox tələbə təhsil alır. Əyani şöbədə 49 ixtisas üzrə, qiyabi şöbədə 22 ixtisas üzrə kadr hazırlanır. Universitetdə " SABAH " qrupunun təqdimatı keçirilib. Riyaziyyat-informasiya, tarix və coğrafiya və ibtidai müəllimliylə 3 ixtisas üzrə qrup yaradılacaq.
Namiq Hacıyev ADPU-da artıq neçə illərdir ki, tələbələrin İKT vasitəsilə, test üsulu ilə imtahan verdiyinə, əyani şöbədəki tələbələrin hamısının kredit sistemi ilə təhsil almasına da diqqət çəkdi: "Qiyabi şöbədə 1, 2, 3, 4-cü kurs tələbələri çoxballı sistemlə təhsil alırlar. Onlarda qiymətləndirmə 100 baldır. Yalnız 5-ci kurs tələbələri keçmiş qayda ilə, 5 ballıq sistemlə bakalavr təhsili alırlar. Bununla yanaşı, magistratura pilləsinin əyani və qiyabi şöbəsindəkilər də kreditlə təhsil alırlar. Hazırda yay imtahan sessiyası gedir. İmtahanlar mayın axırından iyulun əvvəlinə qədər davam edəcək. Təhsil naziri Mikayıl Cabbarovun, universitet rəhbərliyinin müvafiq əmrlərinə əsasən, ali məktəbdə ayrıca otaqda "İmtahan qərargahı", (012) 408-30-29, 498-17-94 telefon nömrəli "Qaynar xətt" yaradılıb. Tədris metodika şöbəsinin əməkdaşı Şəfəq Bağırova və bir neçə əməkdaşın iştirakı ilə yazılar kodlaşdırılır və professor-müəllim heyətinə təqdim olunur. Qərargaha nüfuzlu alimlər cəlb olunub. Həmin komissiyanın sədri professor Edil Eyvazov, müavin professor Rəhim Rzayevdir. Burada məqsəd tələbələrin ərizə və şikayətlərinə, təkliflərinə vaxtında reaksiya vermək, onları araşdırmaqdır. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun əsas amalı budur ki, imtahan prosesi bütün neqativ hallardan kənar, şəffaf keçsin, obyektiv olsun. Biz də bu məqsəd üçün əlimizdən gələni əsirgəmirik".
Namiq müəllimin iştirakı ilə bir neçə imtahan zalına baş çəkdik. Test üsulu ilə keçirilən imtahanların gedişi ilə tanış olduq. İmtahan-nəzarət qrupunun rəhbəri dosent Nurəddin Uluxanlı ilə söhbət əsasında öyrəndik ki, hər bir tələbəyə imtahan verdiyi fəndən 5 cavab variantından ibarət 25 sual təqdim olunur. Tələbənin düzgün cavablandırdığı hər sual 2 balla qiymətləndirilir. Beləliklə də, tələbənin imtahanqabağı topladığı balla imtahanın nəticəsi cəmlənərək yekun qiymət müəyyənləşdirilir və bu, dərhal kompyuterin ekranında öz əksini tapır. N.Uluxanlı onu da əlavə etdi ki, tələbələrin biliyinin düzgün qiymətləndirilməsi, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə ADPU-da beş kompyuter imtahan zalı yaradılıb. Həmin zallarda yerləşdirilmiş 200 kompyuter vasitəsilə tələbələr imtahan verə bilir. İmtahanlara nəzarəti gücləndirmək məqsədilə bütün zallarda xüsusi kameralar quraşdırılıb. İmtahan zalında yanaşı oturan müxtəlif fakültələrin tələbələri, həm də ayrı-ayrı ixtisaslar üzrə imtahan verirlər ki, bu da onların bir-birinə kömək etməsinin qarşısını almaq məqsədi daşıyır.
Kurikulum treninqlərin keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən təlim mərkəzi kimi 11 ali təhsil müəssiəsi müəyyən olunub. Onlardan biri də ADPU-dur. Məşğələlər 24 gün ərzində Təhsil Nazirliyi və "Mədəd" təşkilatı tərəfindən müəyyənləşdirilib. Müdavimlərə müvafiq sertifikat təqdim ediləcək. Yalnız sertifikat alan müəllim " Ümumi təhsilin kurikulumun əsasları" fənnini tədris etmək hüququna malik olacaq. Treninqlərdə ADPU 33 , Qafaqaz Universitetindən 10, Elm Təhsil mərkəzi Təfəkkür Universitetindən 4, ümumilikdə 58 nəfərlik 3 qrup təşkil olunub.
İmtahan prosesi ilə tanışlıq zamanı bir neçə tələbə ilə söhbətləşmək, imtahanın gedişi barədə tələbələrin fikrini öyrənmək imkanımız da oldu.
Texnologiya mühəndis pedoqoji bədii qrafika fakültəsinin II kurs tələbəsi Məmmədova Ülviyyə də imtahan prosesindən razı qaldığını, test suallarının isə normal olduğunu bildirdi: "Semestr ərzində keçdiyimiz proqrama, mətnlərə uyğun suallar tərtib edilib. Mən onları əvvəlcədən universitetin saytından əldə etmişdim deyə, çətin deyildi. Ona görə də imtahana hazırlıqlı gəlmişdim. Cavabımdan da razı qaldım.. Həm imtahanın gedişini, həm də bütünlükdə bu prosesi normal qiymətləndirirəm. Fikrimcə, oxuyan üçün imtahan heç zaman çətin keçmir".
Pedaqoqika və psixologiya fakültəsinin II kurs tələbəsi Teymurova Şahsənəm də test imtahanlarının, xüsusən də kompyuter vasitəsilə verilən imtahanların onun üçün daha əlverişli olduğunu bildirdi. İmtahanın nəticəsinə görə 54 bal topladığını, bununla da kifayətləndiyini söylədi.
Həm universitetdə gördüklərim, həm də həmsöhbətlərimin, xüsusən də tələbələrin söylədikləri məndə belə qənaət yaratdı ki, ADPU-da yaradılan mövcud şərait imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb.
Vəfa MƏMMƏDLİ