İyunun 30-da Bakı Slavyan Universitetinin təşkil etdiyi dəyirmi masa respublikamızın ali və orta təhsil müəssisələrində rus dilinin tədrisi və öyrədilməsi, eləcə də ən müxtəlif sahə və səviyyələrdə işlədilməsi problemlərinə həsr olunmuşdu.
Respublikanın ali və orta təhsil müəssisələrinin rusist alimlərinin, metodist müəllimlərin, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutan dəyirmi masa, əsasən iki mühüm məsələni müzakirə etdi: 1) ali və orta məktəblərdə rus dilinin və ədəbiyyatın müasir tələblər baxımından tədrisi, orta məktəblərin ibtidai və V-VI siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyəti, yaradılan dərslik və müəllim üçün vəsaitlərin fənn kurikulumları və standartlara uyğunluğu problemləri; 2) Azərbaycanda rus dilinin işlənmə dairəsi və mətbuatda yeri məsələsi.
Qoyulan məsələlərin aktuallığını vurğulayan BSU rektoru, professor Asif Hacıyev rus dili və ədəbiyyatının tədrisi, rusistika sahəsində görülən işlərə, yaradılan lüğətlərə, elmi-metodik nəşrlərə və məlumat kitablarına, Rusiyanın ayrı-ayrı ali məktəbləri ilə əməkdaşlığın perspektivlərinə, rus dilinin xarici dil kimi tədrisi problemlərinə, kurikulum əsasında yaradılacaq yeni dərsliklərin yazılmasında Universitet əməkdaşlarının fəal qoşulmasının vacibliyinə diqqəti yönəltdi. Rusiya Mədəniyyət-Məlumat Mərkəzinin rəhbəri Valentin Denisovson illər ərzində Rusiyanın özündə də rus dilinə dövlət səviyyəsində qayğının artdığını, bu canlanmanın Azərbaycanda fəaliyyət göstərən Rusiya Mədəniyyət-Məlumat Mərkəzinin fəaliyyətində də öz əksini tapdığını söylədi.
Tanınmış rusist alimlər - Rus dili İnstitutunun direktoru prof. Qalina Udalıx, Sumqayıt Dövlət Universitetinin elmi işlər üzrə prorektoru prof. Ramazan Məmmədov, BSU-nun kafedra müdirləri prof. Aida Şahbazova, dos.Könül Qasımova ali məktəblərimizdə rus dilinin tədrisi problemlərini qabartmaqla yanaşı, müasir tələblərə cavab verən, interaktiv rejimdə dilin öyrədilməsini təmin edə biləcək yeni proqram və dərsliklərin yaradılmasını vurğuladılar.
Orta məktəb müəllimləri - Bakı şəhəri 160 saylı klassik gimnaziyanın rus dili müəllimi Bahar Muradlı, BSU Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Rəna Babayeva, H.Əliyev adına Müasir Təhsil Kompleksinin rus dili müəllimi dos. Tamilla Məhərrəmova təhsil Azərbaycan və rus dilində aparılan məktəblərimizdə rus dili fənn kurikulumlarının tətbiqini, yaradılmış dərsliklərin məzmun və metodiki cəhətdən işlənmə səviyyəsini təhlil etdilər.
"Ədəbiyyat" fənn kurikulumu, V-VII siniflər üçün "Ədəbiyyat" dərsliklərinin və metodiki vəsaitlərin yaradılması prinsipləri, milli kurikulum tətbiq olunmayan yuxarı siniflər üçün dərsliklərin yenidən işlənilməsi, bu zaman Təhsil Nazirliyi və TQDK proqramlarının uyğunluğuna diqqət verilməsi kimi məsələlərə toxunan BSU Məktəb-Lisey Kompleksinin direktoru, klassik rus ədəbiyyatı kafedrasının dosenti İlahə Carçıyeva müasir şəraitdə məktəbdə ədəbiyyatın tədrisinin əhəmiyyətini vurğuladı.
Rusdilli Məktəblər Assosiasiyasının rəhbəri Lyubov Yakunina Azərbaycanın müxtəlif bölgələrində məktəblilər arasında keçirilən rus dili olimpiadalarından, Rusiya və Azərbaycan məktəblilərinin birgə iştirakı ilə reallaşdırılmış maraqlı layihələrdən bəhs etdi.
"Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru prof. Flora Nacıyeva rusdilli mətbuatın problemlərinə toxundu. Son illər ərzində kəmiyyətcə artan rusdilli qəzet və jurnallarımızın həm də keyfiyyət baxımından qazandığını söyləyən redaktor rəhbərlik etdiyi unikal nəşrin öz ətrafına xarici rusistləri də cəlb etdiyini xüsusi vurğuladı.
BSU-nun tədris işləri üzrə prorektoru prof. Telman Cəfərov bu tipli dəyirmi masalarda yeni yaradılan orta və ali məktəb dərsliklərinin aprobasıya və təhlilinin böyük fayda verə biləcəyini vurğuladı.
Dəyirmi masa iştirakçılarına son illər BSU-da rusistika sahəsində nəşr olunmuş kitabların sərgisi də təqdim olundu.
Günay ƏLİYEVA